“5 qəpik” aksiyası başa çatdı

Gənclər bir həftəyə 12 min manat topladılar

“Əsgər ölümlərinə son!” aksiyasına görə cərimələnən şəxslər üçün dəstək aksiyası vaxtından əvvəl başa çatdı. Belə ki, ianə kampaniyası yanvarın 27-nə qədər davam etməli idi. 10500 manat vaxtından əvvəl – 5 günə toplandığı üçün kampaniya dayandırıldı.
Təşkilatçıların verdiyi son məlumata görə, ianəçilərin sayı 1000-i ötüb. Yığılan məbləğ 12 min manatdan çoxdur. Onların dediklərinə görə, 10500 manatlıq cərimə ödəndikdən sonra yerdə qalan məbləğ şəhid ailələrinə veriləcək.
Təşkilatçılardan olan Səlim Səlimli deyir ki, “5 qəpik” kampaniyasına Yeni Azərbaycan Partiyasının üzvlərindən qoşulanlar da az deyil: “Bu səhər yaşlı bir kişi gəlmişdi, YAP-çı olduğunu dedi, özü də 1993-cü ildən partiya üzvüdür. Yaşlılar gəlir, uşaqlar gəlir. Birinci sinifdə oxuyan uşaq qonşusu ilə 38 qəpik göndərib. Qardaşım ikinci sinifdə oxuyur, o da mənim vasitəmlə 41 qəpik yolladı. Gənclər daha çoxdur. Gələnlər əsasən siyasi fəallar deyil”.
Ölkənin tanınmış simaları – müxalifət liderləri, partiya funksionerləri, vəkillər, hüquq müdafiəçiləri, jurnalistlər bu aksiyaya dəstək verdilər. Sonuncu gün kampaniyaya öz yardımını edən tanınmış dramaturq Rüstəm İbrahimbəyov, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı və onun müavini Allahyar Əyyubov olub. Rüstəm İbrahimbəyov 67 manat, Mirvari Qəhrəmanlı və Allahyar Əyyubov 50 manat ianə veriblər.
“Azadlıq” qəzeti də yardım kampaniyasına qoşulanlardan olub. Ötən gün redaksiyanın kollektivi və bir qrup cəbhəçinin topladığı 227 manat ofisə çatdırılıb.