Nazim Bəydəmirlinin həbsi vicdan üzərinə növbəti hücumdur

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı

2012-ci ildə insanlara din, vicdan azadlığı tələblərindən şeyxülislam necə qorxmuşdusa hövlanak “mən 33 ildir şeyxülislamam, vicdanın nə olduğunu bilmirəm” demişdi.
Şeyxin bu bəyanatından sonra Azərbaycanda vicdanı mala-pula satmaq halları kütləviləşdi, zatən vicdana yaxşı pul verən, vicdan görəndə yumurtlamayan toyuq görən rejim hökm sahibidir. Düzdür ona qədər də satılanlar var idi, amma onlar əxlaqın, vicdanın nə olduğunu doğuluşdan bilməyənlər idi.
Və nəhayət, bir dövlət yetkilisinin “ya vicdan, ya mandat” etirafı 20 ildir ələşdirilən “İlham Əliyev rejimi – vicdan” dilemmasında vicdanın rədd edilməsinin etirafı idi.
Bu ölkədə vicdanlı adamların rejimi olsaydı dövlət bu qədər qeyri-insani vəhşiliklə talanmazdı, milyardlar səltənətinin insanları yaşamaq uğrunda belə ağır mücadiləyə məcbur edilməzdi.
Rejim yezid olmasaydı su tələb edən insanları rezin güllələrlə gülləbaran edərdimi? Etirazlar davam etsəydi rezinin qurğuşunla əvəz ediləcəyinə kiminsə şübhəsi varmı?
Rejimin vicdanı olsaydı Söyüdlüdə təbiəti sianidlə zəhərləməzdilər. Sianid tərkibli qazlar, məsələn, xlorsian kimyəvi kütləvi qırğın silahları qrupuna daxil olan qazlardır. Vicdanı olan adamların hakimiyyəti zəhərlənməsinə etiraz edən nənələri şil-küt edib sifətinə qaz püskürtməzdi.
30 il ermənilər işğalda saxladıqları Zəngilanda Vejnəli qızıl yataqlarını istismar ediblər, təbiətin anasını bizimkilər kimi ağlatmayıblar. Sianid tərkibli yuyucu sular oksidləşdiricilərin köməyi ilə nisbətən asanlıqla zərərsizləşdirilirlər, sadəcə bir az xərc çəkmək lazımdır. Erməni nədirsə, Vejnəlidə o xərci çəkib, bizim vicdansızlar Söyüdlüdə buna lüzum görməyiblər.
Amma nə yaxşı ki, bütün basqılara baxmayaraq, Nazim Bəydəmirli kimi vicdanını, insan sifətini qorumağı bacaran insanlarımız, ziyalılarımız çoxdur və Nazim Bəydəmirlinin həbsini İlham Əliyev rejiminin vicdan üzərinə növbəti hücumu kimi qiymətləndirirəm.
Nazim Bəydəmirlinin bu rejimin sındırma maşının məngənəsinə verilməsinə qəti etiraz edir, onun dərhal azad edilməsini tələb edirəm.