İbrahimbəyovu Bakı aeroportunda yenə saxladılar

rustem ibrahimbeyov2Tanınmış dramaturq Rusiya, Fransa və ABŞ turnesinə çıxdı; onun mühüm görüşləri olacaq

Ziyalılar Forumunun təsisçisi, tanınmış kinodramaturq Rüstəm Ibrahimbəyov dünən növbəti dəfə Bakı aeroportunda saxlanılıb. Bu barədə “Azadlıq”a baş verənlərin şahidi olmuş Ziyalılar Forumunun üzvü Eldar Namazov məlumat verib. Onun sözlərinə görə, dramaturq Rusiya, Fransa və ABŞ-a turneyə yola düşürmüş. Rüstəm Imbərahimbəyov VIP zaldan keçərkən baqajı qəbul edilsə və minik bileti verilsə də, sonradan sifariş əsasında sərhəd xidməti yolu kəsib.
Eldar Namazovun sözlərinə görə, sərhədçilər dramaturqa bildiriblər ki, onu VIP-dən buraxmamağı “yuxarılar” əmr edib və o, minik üçün ümumi qaydada keçməlidir.
Rüstəm Ibrahimbəyov sərnişin zalına getdikdə isə növbəti problemlə üzləşib. Dramaturqa bildiriblər ki, kompüter şəbəkəsində “problem” yaranıb. “Rüstəm Ibrahimbəyov isə orada bildirib ki, səfərdən qayıtdıqdan sonra Ziyalılar Forumu sərhəd xidmətinin kompüter problemini müzakirə edəcək və çalışacaq ki, onları kompüterlə təchiz etsin. Kompüterlərdə heç bir problemin olmaması Moskva reysinə yarım saat qalmış bəlli oldu. ”Yuxarıdan” gələn növbəti siqnaldan sonra kompüterlər Rüstəm Ibrahimbəyovu “tanıdı” və o, yola düşdü”.
Tanınmış dramaturqun səfərinə gəlincə, Eldar Namazov bildirib ki, o, əvvəlcə Rusiyaya, daha sonra Fransa və ABŞ-a gedəcək. Rüstəm Ibrahimbəyovun orada bir sıra mühüm görüşləri olacaq.
Xatırladaq ki, Rüstəm Ibrahimbəyov bundan əvvəl də – dekabrın 30-da Bakı aeroportunda saxlanılmışdı.