Afrika, ya ölüm? Priqojin Belarusda çox qala bilməz

Sağ qalmaq. Həbsə girməmək. Yaxud hər ikisi. Rusiyanın “Vaqner” özəl hərbi qruplaşmasının lideri, 62-yaşlı Yevgeni Priqojin hazırda belə bir çətin seçim qarşısında qalıb.

İyunun 24-də qaldırdığı qiyamı bir gün sonra dayandıran Priqojinin Belarusa getməsilə bağlı razılaşma əldə olunub. Belarus lideri Alyaksandr Lukaşenka onun ölkəsində olduğunu desə də, bunu rəsmi təsdiqləmək mümkün olmayıb.

Rusiya Prezidenti Vladimir Putin “xəyanət”i bağışlamayacağını deyib.

“Putin bir qayda olaraq, xəyanətkarların aradan asanlıqla çıxmasına imkan vermir. Ona görə də Priqjonin günlərinin sayıldığını deyərdim”, – 2000-ci illərin ortalarında Ağ evin Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə direktor olmuş Tomas Qraham (Thomas Graham) AzadlıqRadiosunun müxbiri Tod Prinsə (Todd Prince) deyir.

“Priqojinin yerinə olsaydım, həmişə çiynim üzərindən baxardım. Belarus ən təhlükəsiz yer deyil”, – o söyləyib.

FSB-nin qurbanları

Putinin rəhbərliyi altında Rusiyanın xüsusi xidmətləri Qərb daxil olmaqla xarici ölkələrin ərazisində “xəyanətkarlara” qarşı sui-qəsd cəhdləri həyata keçirib. Qurbanlar sırasında Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş zabiti Aleksandr Litvinenko, keçmiş agent Sergey Skripal da var. Litvinenko Londonda radiokativ izotopdan zəhərlənərək ölüb, Skripal isə ölümdən dönüb.

Rusiyanın müttəfiqi Belarusa rusiyalı agentliklərin soxulması isə daha asan olar. Ancaq indilik, Kremlin, yaxud Rusiya kəşfiyyat agentliklərinin niyyətləri aydın deyil. FSB Priqojin və Vaqner üzvlərinə “silahlı qiyam” ittihamlarını ləğv etdiyini açıqlayıb.

Bəzi ekspertlər bunu Putin üçün zəiflik əlaməti sayırlar. Ancaq Putinin tərəfdarları deyirlər ki, Vaqner qiyamının əzilməsi Rusiya və ictimai dəstəyi azalan prezident üçün daha da pis olardı.

“Belarusa getmək, Vaqner-ə nəzarəti əldən vermək Priqjonin etmək istədiyi ən axırıncı şeydir. Bu məsələnin necə bitəcəyindən əmin deyiləm”, – Rusiya üzrə ekspert, Vaşinqtonda yerləşən “Silverado Policy Accelerator” təhlil mərkəzinin sədri Dmitri Alperoviç iyunun 26-da bir podkastda deyib.

“Onun ilin sonuna çıxmayacağı dəqiqdir”

Priqojinin Belarusda olması təsdiqlənsə belə, daha böyük sual onun orada qalacağı, yaxud başqa bir ölkəyə köçüb-köçməyəcəyidir. Məsələn, şirkətləri və əsgərlərinin illər boyu biznes əməliyyatları apardığı Afrika ölkələrindən birinə.

Rusiyalı siyasi şərhçi və keçmiş jurnalist Olqa Romanova Priqojinin təhlükəsizlik səbəblərindən Belarusda qalacağına şübhə edir.

“Məncə, o, sakitcə Belarusdan çıxacaq, qəfildən Afrikada bir yerdə peyda olacaq, əgər olsa. Priqojinin çox yaşayacağını düşünmürəm. Onun ilin sonuna çıxmayacağı dəqiqdir”, – o, “Current Time”a deyib.

Ancaq Priqojinin Afrikaya necə gedib çıxacağı da bir başda sualdır. Birləşmiş Ştatlar onun özəl hərbi qruplaşmasını, ona bağlı bir sıra şirkətləri “Afrika ölkələrində qarışıqlıq, sabitsizlik yaratdığına” görə sanksiya siyahısına salıb. Bu isə Priqjonin hətta şəxsi təyyarəsi ilə Afrikaya getməsini əngəlləyir.

Azadlıq radiosu