Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə görə Moskva üzərinə 11-ci sanksiya paketini qəbul edib.
Bundan əvvəl iyunun 21-də Aİ-yə üzv ölkələrin səfirləri sanksiya paketini razılaşdırmışdılar.
Yeni məhdudiyyətlərə Rusiyanın Drujba neft kəmərinin şimal qolu ilə neftin nəqlinə, Rusiyaya aid qoşqulu yük maşınlarının Aİ ərazisinə daxil olmasına qadağan daxildir.
Sanksiyalarda habelə Rusiya ilə ticarət əlaqələri olan üçüncü ölkələrə ixracın məhdudlaşdırılması daxil edilib.
Sanksiya siyahısına Rusiyanın Ukraynaya qarşı müharibəsi və Ukrayna uşaqlarının qanunsuz deportasiyası ilə bağlı olan 70 nəfərin adları salınıb.
Sanksiya siyahısına daxil edilənlərin arasında müdafiə nazirinin mavini Tatyana Şevtsova, ilhaq edilmiş Krımın “mədəniyyət naziri” Tatyana Manejina, Voronej vilayəti, Krasnodar və Stavropol diyarlarının qubernatorları var.
Hərbçilərdən Rusiya quru qoşunları baş qərargahının rəisi Aleksandr Lapin və Rusiya Baş Qərargahı baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy da sanksiya siyahısına daxil edilib.
Azadlıq radiosu