Mirzoyan: ‘Biz Dağlıq Qarabağın statusuna dair danışıq aparmırıq’

“Biz Dağlıq Qarabağın statusu barədə danışıqlar aparmırıq”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib:

“Heç kim inkar edə bilməz ki, Dağlıq Qarabağ xalqının təhlükəsizliyi və hüquqları ilə bağlı çoxlu açıq suallar var. Bunu blokada, Laçın dəhlizinin qanunsuz bağlanması, qaz və elektrik kəsintiləri də sübut edir. Bu məsələləri biz yox, Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağın seçkili orqanları müzakirə və həll etməlidirlər. Biz bu dialoqun başlanğıcını, mexanizmini, platformasını təmin etməyə çalışmalıyıq”.

Armen Qriqoryan: İlin sonunda sülh sazişi bağlamaq imkanı var

“Danışıqlar çox intensiv gedir və belə davam etsək, ilin sonunda sülh sazişi bağlamaq imkanı yaranır”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Radionun efirində deyib.

“Biz həll yolları tapmaq və bu həllər çərçivəsində sülh gündəmini irəli sürmək və sülh müqaviləsi bağlamaq əzmindəyik”, – o, sözlərinə əlavə edib.

Qriqoryanın sözlərinə görə, Yerevan liderlərin iyunun 1-də Kişinyovda keçirilən görüşünü müsbət qiymətləndirir:

“Bu, sülh gündəmini irəli aparmaq üçün yaxşı fürsətdir. Bu gündəliyə beynəlxalq ictimaiyyətin dəstəyi çox vacibdir”.

Qriqoryanın sözlərinə görə, kommunikasiyaların açılması ilə bağlı bir vacib məsələ var ki, bu da bütün iştirakçılara aydındır: “Sərhədlər Ermənistan tərəfinin nəzarəti altında olacaq, yəni Ermənistan daxilində blokun açılması zamanı bütün sərhəd xidmətlərini yalnız Ermənistan orqanları həyata keçirəcək”.

Azadlıq radiosu