Hər şey yumruqlara doğru

Lenin inqilabi şəraitin yaranmasını belə əsaslandırırdı: “Aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki kimi idarə edə bilmir”.“Binə”dəki qiyamın məndə ilk təəssüratı bu oldu.
Bəs əslində nə baş verir?
Heç kimin gözləmədiyi anda bir ticarət mərkəzində maddi cəhətdən toplumun böyük çoxluğu ilə müqayisədə özünü nisbətən yaxşı təmin edə bilmiş minlərlə insan partlayış həddinə çatır, rejim özünün silahlı güclərini hazır vəziyyətə gətirənədək isə artıq etirazçılar magistral yollardan birini bağlayırlar.
Lap Quba hadisələrində olduğu kimi – orada da hər şey gözlənilməz məcrada inkişaf etdi. Hakimiyyət polis və ordunu hərəkətə keçirənədək etirazçılar yaxşı təşkilatlanmışdılar, “yerli padşah”ın xanədanına od vurmuşdular artıq. Qəzəb isə o həddə idi ki, rejim açıq müdaxilədən qorxdu. Əvvəlcə icra başçısının əvəzinə üzr istədilər, bir gün sonra isə Ilham Əliyev onu istefaya göndərmək məcburiyyətində qaldı.
Artıq aşağıların əvvəlki kimi yaşamaq istəmədiyinin simptomları aydın görünür. Quba hadisələrinin ardınca Sulutəpədəki toqquşmalar. Indi isə “Binə” qiyamı. Bunlar ölkənin hara getdiyinin ilk mesajlarıdır. Azərbaycanda lokal etirazların xalq hərəkatına çevrilmək ehtimalının siqnallarıdır.
Hələlik yuxarıların da əlindən sadəcə, toqquşmaları dəyənək, gözyaşardıcı qaz və rezin güllə hesabına yatırmaq gəlir. Bu isə artıq idarəetmə deyil, “təxirəsalma”dır – çünki yanğın söndürülməyib. Növbəti başqaldırının ünvanının hara olacağını heç kim bilmir. Elə onun Qubada, Sulutəpədə və “Binə”dəki kimi uğurla yatırılıb-yatırılmayacağını da!
***
Bəli, bilmək olmaz sabah hansı kiçik qığılcım böyük alova çevriləcək və mövcud sistemi yandırıb külə döndərəcək. Elə bir gözlənilməz, çoxuna adi görünən bir hadisə toplumun səbr kasasını daşıra və onları meydanlara çıxara bilər ki, hətta biz özümüz də təəccüblənərik.
Bu, tarixən həmişə belə olub. Məsələn, guya 1917-ci il inqilabı proqnozlaşdırılan idimi? Ya da ona görəmi baş verdi ki, xalq arasında sosialist şüuru tam bərqərar olmuşdu? Əlbəttə, yox. Sadəcə, o vaxtacan mütləqiyyətin ən ağır həqarətlərini sinəsinə çəkən xalq çörək növbələrində gözləmək istəmədi. Bu, doğrudan da ağlasığmayan, təsəvvür edilməsi belə, çətin bir gözlənilməzlik idi. Hansı ki, bunu hətta Leninin özü də proqnozlaşdıra bilməmişdi – çar hakimiyyətinin devrilməsindən az əvvəl o, inqilabın baş verəcəyinə bütün inamını itirdiyini açıq tekstlə söyləmişdi.
Ya da son “ərəb inqilabları”nda olduğu kimi. Onillərlə basqıçı rejimin caynağında inləyən Tunisdə göysatan oğlanın özünü yandırmasının böyük bir coğrafiyada xalqların taleyini dəyişdirəcəyinə kim inanardı?
Eyni gözlənilməzlik isə artıq bizim üçün aktualdır. Olsun ki, əsgər qətli, taksi sürücüsünün döyülüb qanına qəltan edilməsi, Gülər videoları, qanunsuz elan edilən evlərin sökülməsi – bütün bunlar rejimin süqutuna gətirib çıxaran böyük xalq hərəkatı ilə müşayiət edilməsin, amma tamamilə mümkündür ki, bizim – prosesin aktiv iştirakçılarının sıradan qəbul etdiyi bir hadisə, fakt hər şeyi kökündən dəyişsin.
Yox, yox, mən bunları əsla dünən baş verənlərin təsiri altında yazmıram. Eyforiyada deyiləm, “Vəssalam, başlandı!” ovqatına da köklənməmişəm.
Əksinə, kifayət qədər ayıq və soyuq başla yazıram. Bundan sonra daha çox bu cür etiraz aksiyalarının şahidi ola bilərik və onların heç biri rejimin mütləq sonluğu ilə nəticələnməyə bilər.
Amma aydın olan bir həqiqətdir: artıq “böyük susqunluq dövrü” arxada qalıb. Xalq arasında etirazçı şüur formalaşır, insanlar arasında birgəlik duyğusu güclənir, toplum hərəkətlilik qazanır. Hər gün daha çox adam öz sakit hücrəsində oturub hüquq və ədalətin yolunu, bərqərar olacağı günü gözləmək istəmir, bunun ona xonçada hədiyyə edilməsini ummur, öz üzərinə də hansısa vəzifələrin düşdüyünün fərqinə varır. Daha çox adam prosesə qoşulur, təşəbbüskarlığa can atır, vətəndaş məsuliyyətini dərk edir.
Biz bunun “meyvə”sini nə vaxt dərəcəyik, demək çətindir.
Amma bu dəqiqdir: Azərbaycanda heç nə heç vaxt əvvəlki kimi olmayacaq!
***
“Binə” qiyamının gedişatında ölkədə yuxarılarla aşağılar arasında iplərin tamamilə qopduğunun parlaq bir örnəyi vardı. Əvvəllər bu cür etirazlar zamanı insanlar polis zorakılığından və sistemin repressiya üsullarından qorunmaq üçün rejimin simvollarını üzlərinə tutalğac edirdilər. Məsələn, başlarının üstünə ata və oğul Əliyevin portretləri qaldırılır, “ümidimiz prezidentədir!” məzmunlu şüarlar səsləndirilirdi. Biz “Binə” qiyamında bunu müşahidə etmədik.
Əksinə, etirazçılar xalqa xitab edir və onlardan kömək istəyirdi.
Bu, xalqın şüuraltı olaraq sistemlə üzülüşdüyünün ilk görsənişidir. O, artıq qorunmaq istəmir. O, yalnız öz gücünə inanmağa başlayır.
Mən hələ gözlərdəki qəzəbi, üzlərdəki hiddəti demirəm – bu yalnız bir ticarət mərkəzi rəhbərinə yönələ bilməzdi. Qəzəb və hiddətin bu qədər yüksək dozası “talkuçka müdiri” Kəbirə Məmmədova üçün həddən artıq çox idi. Deməli, bu qəzəb və hiddətin ünvanı bütövlükdə Azərbaycanı idarə edən “talkuçka zehniyyəti” idi.
Heç kim düşünməsin ki, zor və zopa gücünə bir neçə saat içində yatırılan belə etirazlar izsiz qalır. Təsirsiz ötüşür. Yox! Əsla! Qətiyyən!
Gerçəklik budur ki, artıq ağızlara vurulan qıfıllar açılır. Ölkədə yaradılmağa çalışılan qəbiristanlıq sükutu pozulur. Adamlar hər gün bir az da ucadan danışmağa başlayırlar.
Məşhur bir ifadə ilə desək, xalq danışmağa başlayıbsa, demək, yumruqların düyünlənməsinə az qalıb.
O yumruqların sistemin başına enməsinə də!