Demokratik dəyərlərə inanıb-tapınanları birləşdirəcək başlıca faktorlardan biri UZLAŞMADIR. Bizim indiki durumumuzda uzlaşma-birləşmə demokratik dəyərlərə yiyələnmə faktı ola bilər – bu yoxdur. Uzlaşma faktorunun özü də başqa bir faktora bağlıdır – dürlü düşüncə (düşüncə plüralizmi) faktoruna. Dürlü düşüncə faktoru – bu da demokratiyanın bir ilkə-elementidir. Özünün dünyagörüşünə, baxışlarına uyğun olaraq, hərə bir cür (dürlü-çeşidli düşüncə!) düşünür. Dürlü düşüncələrin uzlaşması yoluyla HƏRƏdən HAMIya gəlib çıxılır. Beləliklə, bir-birinin düşüncəsinə, baxışlarına sayğıyla yanaşmaqla – demokratik dəyərlər axarında HƏRƏdən HAMIya gəlib çıxmaqla BIRLIK modeli yaranır.
Ünlü bir yazar Elçibəyi ideallaşdıran epitet sıralamasından sonra “Ancaq gərək prezident olmayaydı…” deyənləri “həyasız”, “əxlaqsız” adlandırır. Sonra da bu dediyinə necəsə don geydirməyə çalışır. Ancaq ən düzgünü “bağışlayın, yanlışa yol verdim” demək olardı. Hansı ünvana yönəltməyindən, kimin üçün deməyindən asılı olmayaraq ortada yanlış var – avtoritar düşüncəyə bağlı bir yanlış. Bizlər jurnalis-analitik oaraq sonuncu instansiya deyilik, ola bilmərik. Kim jurnalist, analitik olaraq sonuncu instansiya funksiyasını üzərinə götürərək hansı biçimdə olur-olsun, buyruq-yumruq (hökm!) manerası sərgiləyirsə, demokratik prinsiplər bir yana, o kimsə ən başlıcası, antiprofessionallıq sərgiləmiş olur!
Azərbaycanda Elçibəyə ikili baxış var. Kimlərsə onu insan kimi də, prezident kimi də yüksək dəyərləndirirlər. Kimlərsə onu insan kimi yüksək dəyərləndirsələr də, prezident kimi bəyənmirlər. Demokratik dəyərlərdən – başlıcası da dürlü düşüncə prizmasından yanaşsaq, bunun hər ikisi normal düşüncə faktıdır. Burada birinciləri öymək, ikinciləri söymək danılmaz antidemokratik düşüncə görsənişidir. Bu baxışlardan birini alqışlamaq, o birini qarğışlamaq, birinə sayğıyla yanaşmaq, o birinə sayğısızlıq sərgiləmək yolverilməzdir. Demokratiyanın gözəlliyi kök atdığı, olduğu, oluşduğu yerdə ELLIK uyğunluq-harmoniya yaratmasıdır. Istənilən toplumda gerçək uyğunluq-harmoniya yaratmağın yalnız bir yolu var – UZLAŞMA!
Elçibəyin prezidentliyinə gəlincə, burada istər-istəməz oturuşmuş normalardan, prinsiplərdən çıxış etmək gərəkir. Kimsə doğru-düzgünlüyü ilə hamının gözündə ucala bilər, hamının sevimlisi ola bilər. Ancaq prezidentliyədək. Prezidentliyin kriteriyaları başqa olduğu üçün, prezidentliyədək olan bəyənmələr prezidentlik dönəmi ilə bitə bilər. Doğru-düzgünlük anlayışının özü prezidentliyədək mənəvi kateqoriya daşıyırsa, prezidentlik dönəmində o, funksionallaşaraq bütünlüklə başqa kateqoriyaya keçir. Burada doğru-düzgünlük bütünlüklə başqa status qazanaraq prezidentin görəv borcuna çevrilir. Baxın, görün ayrı-ayrı kimsələr deyil, prezidentlikdən qabaqkı ilə prezidentlikdəki bir kimsə arasında kateqoriyalar necə dəyişir, necə ayrınti yaranır. Qabaqca status dəyişir, sonra kateqoriya dəyişikliyi baş verir. Bu bir normal görsənişdir. Bunu normal görsəniş sayırıqsa, status-kateqoriya dəyişikliyi ilə bağlı ortaya çıxan qabaqkı-sonrakı kateqoriyalı dəyərləndirmələrə də normal yanaşmalıyıq.
Cəbhəçilərin yadındadır: Elçibəy çox düzgün yol tutmuşdu; prezidentliyə getməmək, Cəbhə başçısı olaraq qalmaq. Ancaq bəlli bir qrup Elçibəyin prezident olmasını istəyirdi. Niyə? Elçibəy hakimiyyətə gəlmək dönəmində keçirilən yığıncaqda onun prezident olmasını istəyən qrupa tribunadan demişdi: “Indi məni prezident eləmək istəyirsiz, sonra…”. Sonrası bəllidir: çox keçmədən o adamlar prezident Elçibəyin ayağının altını qazmağa girişmişdilər. Sonucda onlar Azərbaycanın ayağının altını qazmış oldular. Elçibəy dediyində dursaydı, Cəbhə başçısı olaraq qalsaydı!..