Rüşvət alan deputatlar AŞPA-dan xaric ediləcək

Leyla Yunus: «Bu, Azərbaycanın vətəndaş cəmiyyətinin gərgin səylərinin nəticəsidir»

«Hansısa deputatın AŞPA-dan qovulmasına nail olsaq, o birilər Azərbaycan nümayəndə heyətilə söhbət etməkdən belə, çəkinəcəklər»

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Voyçex Savitski qurumun gələn həftə keçiriləcək qış sessiyasının gündəliyini açıqlayıb, sessiya zamanı müzakirə ediləcək əsas maraqlı mövzular haqqında məlumat verib. O, Azərbaycanla bağlı müzakirələrin qurumun bu sessiyasının gündəliyinin ən mühüm mövzularından olduğunu bildirib:
“Assambleyanın üçüncü iş gününün günortadan sonrakı plenar iclası demək olar ki, bütünlüklə Azərbaycana həsr ediləcək. Ilk olaraq Monitorinq Komitəsi adından həmməruzəçilər Pedro Aqramunt və Jozef Debona Qrexin hazırladıqları ”Azərbaycanın öhdəliklərini yerin yetirməsi”, daha sonra isə Kristof Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələnin öyrənilməsi” adlı hesabatları dinləniləcək. Hər iki hesabat üzrə müzakirələr birgə aparılacaq. Artıq 60-dan çox parlamentar bu mövzular ətrafında müzakirələrdə çıxış etməyə yazılıb”.
Bundan əlavə, AŞPA-nın baş katibi Assambleyanın son vaxtlar parlamentarların nizam-intizam qaydalarına riayət etmələri məsələsinə də xüsusi diqqət ayırdığını vurğulayıb.
O bununla bağlı qurumun nizam-intizam qaydalarına yeni müddəaların əlavə olunduğunu bildirib: “Bütün parlamentarlar xüsusi ”Bəyannamə” imzalamaqla, Assambleyanın bütün qayda-qanunlarına, dəyərlərinə hörmətlə yanaşmağı üzərilərinə öhdəlik kimi götürmüş olacaqlar. Bu cür bəyannamənin imzalanması proseduru seçkiləri izləyən müşahidəçi missiyalarındakı deputatlara da aiddir. Seçkiləri izləyən parlamentarların heç bir şəxsi maddi və kommersiya maraqları olmamalıdır. Onlar yalnız Assambleyanın işini Avropa Şurasının dəyərlərinə və prinsiplərinə uyğun şəkildə icra etməlidirlər. Müşahidə missiyalarının üzvləri bəyannamədə son bir ildə aldıqları hər hansı hədiyyəni elan etməlidirlər. Hansısa deputatın uyğun olmayan hədiyyə qəbul etməsi və ya hər hansı maddi marağının olması aşkar edilərsə, onun səlahiyyətlərinin dayandırılması, hətta AŞPA-dan xaric edilməsi kimi cəzalar tətbiq oluna bilər. Biz bu məsələyə ciddi diqqət ayırmaq fikrindəyik”(APA).

Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, yeni qayda Azərbaycan hökumətinin bir qrup avropalı deputatı ələ alması ilə bağlı gündəmə gətirilib: “Yaxşı yadımdadır ki, sovet dövründə təyyarələr Moskvaya kürü aparırdılar. Bu siyasət indi də davam edir. Herkeli, Qrossu və Ştrasseri satın ala bilmədikləri üçün onlarla əməkdaşlıq etmədilər. Məhz Azərbaycanın vətəndaş cəmiyyətinin səyləri nəticəsində bu gün AŞPA satın alınan deputatlarla bağlı ölçü götürməyə hazırlaşır. Biz Pedro Aqramunt və Jozef Debona Qrexin Azərbaycanla bağlı hazırladıqları hesabatın ilkin layihəsinin reallıqları əks etdirmədiyi, bu şəxslərin hökumət tərəfindən ələ alındığı ilə bağlı çoxsaylı məktublar göndərmişdik. Bu məsələdə ”Numan Rihts Watsh”, “Freedoom Nouse” kimi beynəlxalq hüquq-müdafiə təşkilatları da bizə dəstək verdilər. Mən Ispaniya parlamentinə də çıxış tapdım və onların ölkəsini təmsil edən deputatın Azərbaycan hökuməti tərəfindən necə ələ alındığını yazdım. Azərbaycan diasporu da bu məsələdə böyük rol oynadı. Isveçrədə fəaliyyət göstərən “Haqq-ədalət” təşkilatı etiraz aksiyaları təşkil etdi, Maltadan və Ispaniyadan olan bu deputatların şəkillərini ictimailəşdirdi və bütün məlumatları AŞPA-nın baş katibinə göndərdi. Eyni tipli məlumatlar digər Avropa ölkələrindən olan deputatlara da ötürüldü. Bütün bunlar da böyük rezonans doğurdu və nəticədə AŞPA baş katibinin dediyi yeni sənəd meydana gəldi. Indi bizim əsas işimiz bu işdə vasitəçilik edən, nəinki kürü, hətta pul ötürən azərbaycanlı deputatları sıx nəzarətdə saxlamaqdır. Əgər AŞPA-nın bir deputatının qurumdan xaric edilməsinə nail ola bilsək, bu zaman o biri deputatlar Azərbaycan nümayəndə heyəti ilə nəinki bazarlıq etməyə, hətta söhbət etməyə də ehtiyat edəcəklər”.