“Hakimiyyət islahat aparmasa, 10 minlərlə insanı küçələrdə görəcək”
Qələndər Muxtarlı: «Azərbaycanda əhalinin əhval-ruhiyyəsini yüksəldən, onda dəyişikliklərə ümidi artıran hadisələr baş verəcək»
Azərbaycanda ictimai-siyasi proseslərin yeni mərhələyə qədəm qoyduğu ortadadır. Silahlı qüvvələrdə əsgər ölümlərinə etiraz məqsədilə 12 yanvarda keçirilən aksiya göstərdi ki, cəmiyyət bir neçə il əvvəlki kimi deyil. Həmçinin aksiyadan sonra yaşananlar da düşünməyə əsas verdi ki, bu proses davam edəcək. Azərbaycan Millətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı ilə söhbətimizə ölkədəki hazırkı ictimai-siyasi durumdan başlasaq da, qarşıdan gələn prezident seçkisi, müxalifətin proseslərdə iştirakına qədər bir xeyli mövzulara toxunduq:
– Ölkədə baş verən son siyasi hadisələri, o cümlədən əsgər ölümlərinə cəmiyyətin reaksiyasını necə qiymətləndirirsiz?
– Azərbaycan xalqının bu hakimiyyətdən gözləntisi böyük idi. Bu həmdə ondan irəli gəlirdi ki, yeni dövlət qurulmuşdu, insanlar problemlərinin həll ediləcəyini gözləyirdi. Ərazi bütövlüyümüzün bərpası, nizami ordu quruculuğu da bu gözləntilərdən idi. Həmçinin demokratik cəmiyyət quruculuğundan tutmuş, Azərbaycanın bütövləşməsi, yaxşı sosial təminat, normal iqtisadi inkişafla bağlı gözləntilər də mövcud idi. Biz vaxtdan yararlanmalı idik, amma bu dövrü itirdik. Əvəzində bizi tamam fərqli bir situasiya yaxaladı. Iqtisadiyyatımız qurulmadı, bu qədər milli sərvətlərin istismarı müqabilində təminatlı gələcək yoxdur. Əslində, sərvət də qalmayıb, daşınıb qurtarıb, dağıdılıb və ya mənimsənilib. Demokratik cəmiyyət də qurulmadı, xalq problemlərin girdabına atıldı. Bu mənada xalq öz gələcəyinin qeyri-müəyyənliyilə üz-üzə qalıb. Intihar edənin təkcə özü, yaxın ətrafımı müqəssir olur? Xeyr. Onu buna məcbur edən mühit müqəssirdir. Bu mühiti yaradan da indi Azərbaycanda hakim olan rejimdir. Dünənə qədər susan hər kəs bu gün həm də ona görə danışır ki, öz gələcəyini qaranlıq görür və bu səbəbdən daha susmaq istəmir.
Neft tükənmək üzrədir. bp ilə Azərbaycan iqtidarı arasında olan narazılığın kökündə duran amil də məhz hakimiyyət üçün indiki həssas məqamda cəmiyyətə və beynəlxaq aləmə neftin azalması, hasilatın aşağı düşməsi haqda informasiyanın verilməsi idi. Gələcəyimizin təminatında mühüm rol oynamalı olan neft tükənir, sərvət talanıb və ölkənin gələcəyi üçün təminatlı bir addım atılmayıb.
Azərbaycanda hansı klanlar və oliqarxların olduğunu bilməyən yoxdur. Bunlara sual verilməlidir ki, bu dövlət və millət üçün nələr elədiniz?
Mexanikanın qanunları, vektorun vəziyyətinə dair anlayış bizim siyasi həyatımıza yaxşı bir örnəkdi. Bu gün Azərbaycandakı prosesləri də həmin vektorun vəziyyətinə dair anlayış nizamlayır. Yəni, vəziyyətin özü prosesləri hərəkətə gətirir və istiqamətləndirir. Yetişməkdə olan bu hərəkat bir çox problemləri üzə çıxaracaq və həll edəcək də. Ondan sonra millət normal şəkildə demokratik hakimiyyətini də quracaq, problemlərin həllini də tələb edəcək. Indi diqqət orduda baş verən əsgər ölümlərinə yönəlib. Amma vaxtilə türk hərbi müşavirlərini və zabitlərini bu hökumət ordudan çıxarıb geri qaytardı. Məgər hakimiyyətin ideoloqları bilmirdilər ki, türk hərbçiləri bizim ordumuzda nələri etmək istəyir? Niyə Türkiyənin Ordusunda bu tipli hallar yoxdur, əsgərlərin bir-birilə münasibətində qeyri-ənənəvi münasibətlər baş vermir? Bizim milli mənsubiyyətimizə etnopsixoloji parametrlərimizə hakimiyyətdəkilərdən fərqli olaraq, Türkiyə hərbi idarəetmə sistemi daha çox uyğun gəlir. Amma bunlar Azərbaycanda olan türk hərbçilərini çıxartdılar və Rusiya hərbi sisteminə uyğun bir sistemi saxladılar. Texiki təhcizatın səviyyəsi hələ hər şey demək deyil. Ordunun ruhuÿdaha önəmlidi. Atəşkəs dövründə ümumilikdə 4 minədək, son 10 ildə isə 647 nəfər əsgərin ölümünə nə ad vermək olar?ÿInsana qarşı bu cür münasibət olarmı? Niyə əsgər dünyasını dəyişəndən və bu məsələ ictimailəşəndən sonra əsgərlərin yemək rasionuna dəyişiklik edirsən? Fikrimcə, bu cür tədbirlər Azərbaycanda baş verəcək prosesləri dayandırmaq imkanında deyil. Azərbaycandakı proseslər artıq fərqli müstəviyə qədəm qoyub. Bundan sonra xalqı sakitləşdirəcək tədbirlərin, addımların nəticə verəcəyinə inanmıram. Müvəqqəti olaraq, nəyisə yubatmaq olar, amma artıq aşağıdan başlamış prosesin qarşısını almaq mümkün deyil.
– Əsgər ölümlərinə etiraz məqsədilə keçirilən 12 yanvar aksiyası bu prosesin başlanması təəssüratı yarada bilərmi?
– Bu gün meydana çıxanlar icazə verilməyən aksiyaya gələn insanlardır. Onlar millət yolunda hər cür fədakarlığa, hətta həbslərə belə, hazır olan gənclərdir. Bu bir “facebook” hərəkatıdır. Yəni, aksiyanın sahibi, təşkilatçısı sosial şəbəkədir. Təbii ki, burada siyasi baxımdan strukturlaşan təşkilatların da rolu var və bunu danmaq olmaz. Ancaq bu etirazın mənbəyi xalqdır, yəni, xalqdan qaynaqlanır. Nəzərə alın ki, hələ bu aksiyanın qarşısı müəyyən mənada alındı, maneələr yaradıldı. Amma bu nizamlı hərəkat idi, bütün proses ciddi şəkildə daxili koordinasiya əsasında tənzimlənirdi. Fikrimcə, bu aksiya 2005-ci ildən sonra ölkənin siyasi həyatında baş tutan ən mütəşəkkil kütləvi etiraz hadisəsidir. Bu hadisə hakimiyyətə ciddi mesaj olmaqla, göstərdi ki, hakimiyyətin nə deməsindən asılı olmayaraq, bu xalq çox tolerant, məsələlərə soyuqqanlı yanaşan xalqdır. Yəni, bizim xalqımız aksiyalar zamanı pəncərə qıran, avtomobilə ziyan yetirən xalq deyil, demokratik ab-havaya uyğunluğu təbiətindən doğan, sivil ənənələrə malik xalqlardan da daha mütəşəkkil aksiya keçirə bilən xalqdır. Ona görə də bu xalqı “20-ci sahə”yə göndərməyə ehtiyac yoxdur. Bunu bu aksiya bir daha sübut etdi. Hakimiyyət özü təxribat yaratmasa, xalq heç vaxt təxribat eləməz və 12 yanvar mitinqi bu baxımdan həm də çox yaxşı bir nümunə idi. Həmin aksiyada öldürülən əsgərlərin valideynləri, yaxınları istisna olmaqla, yaşlı nəslin nümayəndələri çox az idi. Millətimiz qüdrətini, əzmini göstərdi. Sabah bu insanların hər biri on nəfərlə qayıdanda hakimiyyət ölkədə yığılan problemlərin xalqı nə qədər təngə gətirdiyini, vəziyyətin nə dərəcədə dözülməz həddə çatdığını görəcək. Bununla belə, hesab edirəm ki, yenə də xalqa doğru hər hansı addım atmayacaqlar. Çünki bu tip rejimlərin təbiəti belədir.
Bir sıra böyük dövlətlərin ölkəmizdəki səfirliklərinin bu aksiya ilə bağlı öncədən öz vətəndaşlarına xəbərdarlıq etmələri də təsadüfi deyildi. Onlar bu aksiyanın hansı vüsət ala biləcəyinin fərqində idilər. Çünki ölkəmizin vəziyyətindən halidilər, hakimiyyətimizi bizdən də yaxşı tanıyırlar, təcrübələri də bu cür məsələlərdə çox zəngindir.
– Sizcə, hakimiyyət bu problemlərin üstünə niyə getmir?
– Qeyd etdiyim kimi, bu tipli siyasi quruluşlar, ölkələr siyasi proseslərin belə həssas, kritik dönəmini düzgün dəyərləndirmək imkanlarını itirirlər. Daha çox ənənəvi repressiv metodlara üstünlük verirlər. Dövlətin və millətin gələcəyi isə siyasi qüvvələrdən hadisələrə daha həssas yanaşma tələb edir.
– Sizcə, bu olayların qarşıdan gələn prezident seçkisi ilə hər hansı bağlılığı varmı?
– Şəxsən mənim qənaətim budur ki, hakimiyyət nə siyasi, nə də hərbi sahədə hər hansı islahata getməyəcək. Çünki bu cür hallar ilk dəfə deyil ki, baş verir. Biz diqqəti bu məsələlərin həllinə səbəb ola biləcək hadisəyə – prezident seçkisinə yönəltməliyik. Indi ölkədə seçki həyəcanı var, millət gələcəyini bu seçki ilində müəyyən etməlidir. Fikrimcə, normal seçki mühiti yaradılmayacaqsa, ədalətli seçkilər olmayacaqsa, Azərbaycanda vətəndaş və “facebook” cəmiyyəti meydana çıxacaq və sözünü danışıqlarsız-filansız deyəcək. Bu mənada, hadisələrin tamam fərqli birÿ istiqamətdə cərəyan edə biləcəyi narahatlığı da ortadadır. Ona görə də, hakimiyyət seçki qanunvericiliyinə diqqət etməli,ÿislahatlar aparmalıdır. Əgər bunu etməsələr, sabah 10 minlərlə insanı küçədə görəcəklər.
Əslində, bu gün Avropanın, Amerikanın beyin mərkəzlərində Azərbaycanla bağlı keçirilən müzakirələr, təkcə Elşad Abdullayevin nümayiş etdirdiyi video çəkilişlərlə əlaqədar deyil. Əksinə, bu, Azərbaycanda yığılıb qalan problemlər, onun yarada biləcəyi situasiyanın dəyərləndirilməsilə bağlıdır. Heç vaxt düşünməsinlər ki, Irandan sonra Azərbaycan gələcək. Xeyr. Hələ bir neçə hadisə də gözlənilir ki, bu xalqı hərəkətə gətirmək üçün ciddi amil olsun.
– Nəyi nəzərdə tutursunuz?
– Demokratik proseslər ətrafımızda cərəyan edəcək. Bunun əlamətləri ortadadır. Gürcüstanın özündə belə, demokratik proseslərə təkan verəcək daha böyük hadisələr ola bilər. Suriyada proseslər yekunlaşacaq və bu nəticə dəyişikliklər istəyən xalqı ruhlandıracaq. Rusiyanın özünün daxilində gedən proseslər sürətlənəcək. Siz may ayına qədər Rusiya Federasiyasında gedən prosesləri görəcəksiniz. Bütün bunlar Azərbaycanda əhalinin əhval-ruhiyyəsini yüksəldən, onda dəyişikliklərə ümidi artıran hadisələr olacaq. Mən hesab edirəm ki, hakimiyyət dəyişən dinamikanın fərqində olmalıdır. Avropa bunun fərqindədir. Avropa üçün bilirsinizmi maraqlı olan nədir? Məsələn, qrip xəstəliyi qara, sarı və ağ adamda da eyni cür fəsad yaradır. Bunlar o qədər belə təcrübə keçiblər ki, bizə də o cür baxırlar. Yəni, belə diktatura, avtoritar rejimlərdə sərvət necə talanır, insanları necə qətlə yetirirlər, digərinin sərvətini necə oğurlayırlar və s. Onlara bu, təəccüblü görünmür. Təəccüblü odur ki, buna xalqın nə dərəcədə dözməsidir. Onlar da müəyyən edir ki, artıq bu xalqın dözüm imkanı tükənmək üzrədir. Səfirlərin öz vətəndaşlarına xəbərdarlığı birtərəfli mahiyyətdə deyildi.
Vəziyyət ciddi və ağrılıdır. Bizim üçün ən uğurlu variant bu olardı ki, hakimiyyət durumun ağırlığının fərqində olsun və islahatlara getsin. Azərbaycan xalqına bütün düşmənlərinin arzuladığı 19 illik bu zaman başqa situasiya ilə əvəzlənsin, və nəhayət, iqtidar xalqa doğru addım atıb desin ki, bu islahatları həyata keçirdim. Bundan sonra azad, ədalətli cəmiyyət qurmaq siyasi qüvvələrin işidi.
– Müxalifət bu problemlərin həllində müəyyənedici rol ala bilərmi?
– Müxalifətin durumu yuxarıda qeyd etdiyim vektorun vəziyyətilə müqayisə oluna bilər. Yəni, prosesləri xalqın özü həyata keçirə bilər. Xalqın özünə açdığı yolun içərisində çox şey öz axarı ilə gedəcək. Bizə iki-üç aylıq vaxt lazımdır. Bu zaman çərçivəsində xalq özü müəyyən etsin ki, mənim taleyimi həll edən lider budur, məhz bu lider prsosesləri effektiv şəkildə başa çatdıracaq. Millət bu gün bu məsələnin fərqindədir. Millət o zaman seçkiyə ümid bəsləyəcək ki, namizədinin kimliyi aydın bilsin.
– Amma müxalifət cəbhəsində vahid namizədin müəyyən edilməsi çox da asan görünmür?
– Mənim anlamımda dəyişikliklərin namizədini müəyyən edən meyar aşağıdan yetişə-yetişə gəlir. Əslində, “2-3 ay vaxt lazımdır” deyəndə də bu məqamı nəzərdə tuturam. Bu müddətdə xalq özü bu məsələləri müəyyən edəcək və hər kəs də bunun fərqinə varacaq. Məsələn, baxın, “WikiLeaks”in açıqladığı sənədlərdə qeyd olunurdu ki, indi xalq vaxtilə namizədlik məsələsinə hökumətinÿnecə reaksiya verdiyinin fərqindədi. Mən əminəm ki, yaxın gələcəkdə ictimai-siyasi proseslərin özü bu məsələni yoluna qoyacaq. Aprelə qədər vahid namizəd də müəyyən ediləcək, proseslər də fərqli müstəviyə qədəm qoyacaq. Bu məsələlər öz həllini tapacaq. Və son nəticədə əsas mübarizə iki istiqamətdə gedəcək – birincisi, Qərb dəyərlərini əlində əsas tutaraq xalqı bu dəyərlərə qovuşdurmaq istəyənlər, ikincisi də indiyə qədər “rusun” ətəyində olanlar və onların uşaqları arasında. Qələbəni təmin edən amil də elə bu olacaq.
A.Nəcəfli