Prezident Administrasiyasının rəhbəri barədə şok ittiham
MTN-in xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyev şok faktlar açıqlayıb. O, “Avrasiya.net” saytına müsahibəsində bildirib ki, DIN-in sabiq əməliyyat müvəkkili, adam oğurluğu və digər ağır cinayətlərdə təqsirli bilinirək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov bütün tapşırıqları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən alıb.
Ramin Nağıyev həmçinin Hacı Məmmədovun məktublarından danışıb və onlardan birinin məzmunu da açıqlayıb: “Mənə bu məktubların həm sayı, həm də məzmunu məlumdur. Amma mən bunu indi şərh etməyəcəm. Bəlkə də inanmayacaqsız, amma bu sənədləri saxlayan adamlar Əliyevlər ailəsinə fanatikcəsinə bağlı olan insanlardır. Amma onlar da qorxurlar. Onlar çox gözəl başa düşürlər ki, ölkənin birinci şəxsinə qarşı necə təhlükəli informasiyaya sahibdirlər. Onlar başa düşürlər ki, Elşad Abdullayevin xəbərsiz itgin düşən qardaşı Mahir Abdullayevin taleyi onların da başına gələ bilər. Söhbətin nədən getdiyi anlaşılsın deyə, Hacı Məmmədovun yalnız bir ”zərərsiz” məktubunun məzmununu çatdırmaq istərdim: “Mən görürəm ki, mənə verdiyiniz sözü tutmaq istəmirsiniz…Fazil, Mehdiyevə de ki, mən çox susmayacam, mən bildiklərimi Nəsirov da bilir… Fazil, Aykadan muğayat ol, o, əsl şahzadə kimi böyüyüb, insanları qətiyyən tanımır və səhv edə bilər. Buna görə isə mən sizi bağışlamaram. Nailəyə kömək lazımdır. Ondan muğayat olun, o əsl kişi kimi məni ələ vermədi və indi bunun cəzasını çəkir… Teymura de ki, mən onunla son söhbətimizi və mənə verdiyi sözü unutmamışam…
Fazil, mən burda batmayacam, amma Nailəyə orda çətin olacaq, o gözəl həyata alışıb. Yaddan çıxarmayın, mən yaxşı polisəm və hər şeyi nəzərə almışam, məni ailəmlə belə təhdid etməyə cəhd etməyin…
Mən susuram, amma başqa heç nəyə cavabdeh deyiləm. “Qarabulaq”da gizli yerim var, əgər sözünüzü tutmasaz, vaxt gələcək mən də danışacam. Mehdiyevə çatdır ki, 2004 – cü ildə mən ona prezident olmağa mane olan şəxsi aradan götürmək baradə ondan göstəriş almışdım. Ona isə yalnız bir nəfər mane olur – hazırki prezident. Mehdiyevə ele bu cür də de, qoy o, bunu yadına salsın və heç vaxt unutmasın…”
Bu məktubu Hacı Məmmədov MTN – in istintaq təcridxanasında cəza çəkərkən həmin orqanın əməkdaşı Fazil vasitəsilə Adminstrasiya rəhbəri Ramiz Mehdiyevə ünvanlayıb. Məktubdan belə məlum olur ki, 2004-cü ildə Ilham Əliyevə qarşı sui-qəsd törədilməli, bundan sonra Ramiz Mehdiyev prezident olmalı, bir sözlə, hakimiyyət dəyişikliyi baş verməli idi. Bilmirəm, bu barədə Ilham Əliyevin məlumatı var, ya yox, amma onu deyə bilərəm ki, Ramil Usubov, Namiq Abbasov, Zakir Qaralov, Vaqif Axundov bu barədə məlumatlı idilər”.
Ümumiyyətlə son vaxtlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına ən ağlagəlməz ittihamlar səsləndirilir. Bəzi iddialara görə, bu hakimiyyət daxilindəki ziddiyyətlərdən qaynaqlanır. Məsələ burasındadır ki, Ramiz Mehdiyevlə Paşayevlər arasında qarşıdurma pik həddinə çatıb. Hakimiyyətdəki ikinci soyad PA rəhbərini devirmək bütün cəbhə boyu hücuma keçib. Bu baxımdan gözlənilir ki, Ramiz Mehdiyev barədə şok açıqlamalar bundan sonra da davam edəcək.