Məhkum sayına görə birinci, çəkilən xərcə görə sonuncu?

Mayın 8-də Heydər Əliyevin doğulmasının 100-cü ildönümü münasibəti ilə Azərbaycanda əfv fərmanı imzalandı. Rəsmi açıqlamalarda bunun müstəqillik tarixinin ən böyük əfv fərmanı olduğu vurğulanır. Ancaq sırf həbsxanadan buraxılan şəxslərin sayı baxımından budəfəki fərman heç də ən böyük əfvə yol açmayıb. Axı adı əfv fərmanında sadalananların heç də hamısı cəzasını həbsxanada çəkmir.

İmzalanan 8 may fərmanında toplam 801 nəfərin adı siyahıya salınıb. Onların 463 nəfəri həbs cəzasından azad edilib. Daha 220 nəfərin həbs cəzasının çəkilməmiş hissəsi yarıya endirilib. Yerdə qalan 118 nəfərsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Bu qrupa şərti olaraq məhkum edilmiş, ancaq cəzasının çəkilməsi ertələnmiş, azadlığın məhdudlaşdırılması cəzası verilmiş, islah işləri cəzasına məhkum edilmiş, eləcə də cərimələnmiş şəxslər daxildir. Ötən il Azərbaycandakı cəzaçəkmə müəssisələrində 22 min 334 məhkumun olduğu açıqlanmışdı. Bu rəqəmdən bəlli olur ki, budəfəki əfv fərmanı ilə həbsxanadakı məhbusların təxminən 2 faizə yaxını (463 nəfər) azadlığa buraxılır.

Müqayisə üçün: 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzalanan əfv fərmanı 607 nəfərin həbsxanadan buraxılmasına yol açmışdı. Bu baxımdan, 2018-ci ildə əfv fərmanında həbsxanadan buraxılanların sayı builki fərmanla buraxılanların sayından 144 nəfər və ya 31 faiz daha çox idi.

Azadlıq radiosu