Məhərrəm İncənin səsləri kimə gedəcək

Türkiyədə Məhərrəm İncənin prezidentliyə namizədliyini geri götürməsi müxalifətin əsas namizədi Kamal Kılıcdaroğlunun Prezident Rəcəb Tayyib Ərdoğana qarşı şansını artıra bilər. Qərbin bir sıra aparıcı mətbuat orqanları bu haqda yazır.

İncənin rəy sorğularında reytinqi aşağı idi və bəzi müxalifət xadimləri onun Ərdoğana qarşı səsləri parçalaya biləcəyini düşünürdülər.

“Seçkidən çəkilirəm. Bunu öz ölkəm üçün edirəm. İstəmirəm ki, uduzanda məni günahlandırsınlar”, – İnce Ankarada keçirdiyi mətbuat konfransında ana müxalifətə eyhamla deyib.

O, qalan namizədlərin hansısa birini dəstəkləməyib və adı seçki bülletenində qalacaq.

İnce “qarayaxma kampaniyası”dan sonra namizədliyini geri götürüb. Bir neçə həftədir sosial mediada ona qarşı iddialar yayılır. Ankarada prokurorluq potensial şantaj üzrə təhqiqata başladığını bildirib.

Azadlıq radiosu