“İbrahimbəyovu tək qoymaq olmaz”

Sirus Təbrizli: “Ramiz Mehdiyevin neqativlərinin biri də qadınların arxasında gizlənməsidir”

“Ərəb ölkələrində xalqın azad toplaşmaq hüququnu pozmasaydilar bu inqilablar baş verməzdi”

“Bu gün Rüstəm İbrahimbəyova qarşı aparılan kampaniya biabırçılıqdır. Mən baş verənləri Azərbaycan ziyalısına qarşı edilən haqsızlıq kimi qiymətləndirirəm. Rüstəm İbrahimbəyova qarşı bu edilənlər dövlətin özünə baş ucalığı gətirmir”. Bu sözləri “Bizim Yol”a açıqlamasında YAP-ın qurucularından olan Sirus Təbrizli son zamanlar Rüstəm İbrahimbəyovun ətrafında baş verənlərə münasibət bildirərkən söyləyib.

Siruz Təbrizlinin sözlərinə görə, Rüstəm İbrahimbəyovu hədəfə alanlar onu hakimiyyətdən nəsə ummaqda günahlandırmaqla səhv edirlər: “Hərçənd ki, bu doğru deyil, amma Rüstəm niyə ummasın? O “konduktorlardan”, “KamAZ” sürücülərindən balaca adamdı bəyəm? Onun fikirlərinə, çağırışlarına ciddi yanaşmalı idilər. Hərçənd ki, mən onun yeni prezidentlə bağlı fikirlərinə imza atmıram. Amma o bu millətin ziyalısı kimi şəxsi problemini deyil, millətin problemindən danışır”.

Moderator.az saytına açıqlamasında isə Sirus Təbrizli Ramiz Mehdiyev ətrafında baş verənlərə toxunub: “Ramiz Mehdiyevlə bağlı sözümü mən hələ 2007-ci ildə demişəm. Aşıq deyiləm ki, bir də dediklərimi təkrarlayam. Amma indi bir şey də aydın oldu. Bəlli oldu ki, Ramiz Mehdiyevin neqativlərinin biri də onun qadınların arxasında gizlənməsidir.  Millət etiraz üçün toplaşanda prezdindentin əleyhine getmir. Ona nöqsanlardan xəbər tutmasina kömək edir. Ərəb ölkələrində xalqın azad toplaşmaq hüququnu pozmasaydilar bu inqilablar baş verməzdi. Mən 2007-ci ildə xalqı bulvara etiraza çağırdım ki, prezident pəncərdən baxıb ətrafna desin,  bəs deyirdiniz vəziyyət yaxşıdı? O zaman heç kəs mənə dəstək vermədi. Meydanda tək qaldım. Rüstəmin davası şəxsi  dava deyil. Bu gün onu tək qoymaq olmaz. Məni yandıran odur ki, ləyaqətli insanlarımızı prezidentin ətrafına toplamaq əvəzinə onları prezidendən, hakimiyyətdən incik salıb, küsdürürlər. Dostlar düşmənə çevrilir. Bu proses son zamanlar daha da geniş vüsət alıb. Bu baxımdan dünən mən Gültəkin Hacıbəylinin fikirlərinini ürəkağrısı ilə oxudum. Bu gün ölkədəki vəziyyət dəhşətdir. Əvəz Zeynallının rüşvət aldığını sübut etməsələr də onu həbsə atıblar. Amma Elşad Abdullayev videolarındakı faktlara göz yumulur”.

Sirus Təbrizli Azərbaycan telekanallarını da yaltaqlıqda ittiham edib: “Bu gün çıxıb söz deməyə bir telekanal yoxdur. Hamısı yaltaqlığa, məddahlığa öyrədilib. Biabırçı şou verilişlərlə camaatın başını qatırlar”.