“Biz səsimizin önəmini susdurulduğumuz zaman anladıq…”

Azərbaycanda məişət zorakılığı: problemlər və həlli yolları…


Günümüzün kədərli mənzərəsi…


Bu məqalənin sərlövhəsi Nobel mükafatçısı Malala Yusufzayın bir çıxışındandır. Onun sözlərini nədən seçdim? Ona görə seçdim ki, çox gənc yaşında cəsarəti ilə dünya qadınlarının səsi olan bu cəsur qızdan öyrənəcəyimiz çox şey var… BMT-nin “Qadın və qızların gender əsaslı qətlləri” adlı keçənilki hesabatına əsasən, dünyada hər saat orta hesabla 5-dən çox qadın və ya qız öz ailə üzvü tərəfindən öldürülür. Azərbaycanla bağlı rəqəmlər də heç ürəkaçan deyil. Dövlət Statistika Komitəsindən mətbuata verilən açıqlamada bildirilir ki, 2022-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərər çəkən 25449 nəfərin 1475-i və ya 5,8 faizi məişət zorakılığı ilə bağlı zərərçəkənlərdir. Onların da 81,1 faizini qadınlar, 0,7 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edir. 2021-ci illə müqayisədə belə cinayətlər nəticəsində ölənlərin sayı 6,3 faiz artaraq 68 nəfər (onlardan 51-i qadınlar) olub. Bu faktlar tam mənzərəni əks etdirirmi? “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, Azərbaycanda 2022-ci ilin 11 ayında 71 qadın qətlə yetirilib: “Qadınlardan 34-ü həyat yoldaşı, altısı qardaşı, üçü oğlu, dördü atası, üçü keçmiş həyat yoldaşı, beşi sevgilisi, dördü qohumu, biri nişanlısı və 11-i qeyri-müəyyən şəxs və ya şəxslər tərəfindən öldürülüb.”
Mediada gedən məişət zorakılıqları ilə bağlı faktları ümumiləşdirib davamlı olaraq Facebook səhifəsində paylaşan vəkil Zibeydə Sadıqova da rəsmi rəqəmlərlə razılaşmır: “Əmin deyiləm ki, bu statistika reallığı əks etdirir. Çünki məişət zorakılığı qurbanları polisə müraciət etməkdə həmişə ehtiyat edirlər və ya etmirlər. Qadınlar hər bir halda qınandıqları üçün və polislərin də bu şikayətlərə qeyri-ciddi yanaşdığı üçün heç müraciət etmirlər. Elə qurbanlar var ki, onların ümumiyyətlə evdən çıxmağa ixtiyarı yoxdur və ya polis bölməsinə getməyə imkanı yoxdur və s. Bəs bunların statistikasını kim aparır?” Vəkilin paylaşdığı siyahılarda son ayların ən faciəli rəqəmi fevral ayına təsadüf edir. Bu ilin fevral ayının 19 günü ərzində 9 qadın qətlə yetirilib:

  • 02 fevral-Bakı- Günay Şadatova- 14 yaş- anasının dostu tərəfindən bıçaqla;
  • 04 fevral – Şəmkir- Qənirə Şərifova (2 uşağı var)-28 yaş-qardaşı tərəfindən bıçaqla;
  • 06 fevral- Cəlilabad-Aysel Abbasova-31 yaş- keçmiş əri tərəfindən bıçaqla;
  • 10 fevral- Bakı şəhəri- Solmaz Mansurova-46 yaş-oğlu tərəfindən bıçaqla;
  • 11 fevral- Bakı, Binə qəsəbəsi-Pakizə Məmmədova-55 yaş-əri tərəfindən bıçaqla;
  • 16 fevral-Yevlax rayonu-Başxanım Salmanova-20 yaş- odlu silahla;
  • 19 fevral- Gülnar Məmmədova- Tərtər rayonu- 42 yaş-əri tərəfindən kəsici alətlə;
  • 19 fevral- Mehriban Hüseynzadə- Abşeron rayonu- 49 yaş- oğlu tərəfindən bıçaqla;
  • 19 fevral- Samirə Məmmədzadə- Sumqayıt şəhəri- 28 yaş- əri tərəfindən kəsici alətlə;
    Təkcə yanvar-8 mart tarixləri arasında qeydə alınan 18 məişət zorakılığı faktının hamısı qadınlarla bağlıdır. Bu müddət ərzində qətlə yetirilən qadınların sayı ümumilikdə 13 nəfərdir.
    Rəsmi məlumata görə, 2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə(AQUPDK) məişət zorakılığı ilə bağlı 544 müraciət daxil olub. Şikayətlərin çoxu psixoloji zorakılıqla bağlıdır. Zorakılıq törədənlərin 470 nəfəri kişi, 79 nəfəri isə qadındır. Bundan başqa, 2022-ci ildə mediada həyat yoldaşı tərəfindən bıçaqlanan ən az 10 kişi barədə məlumat yayılıb. Zibeydə Sadıqova deyir: “Kişilər əksər hallarda psixoloji şiddətə məruz qalırlar. Bizim ölkədə belə bir fikir formalaşıb ki, evi kişi saxlamalıdır, ev və maşın almalıdır, evi dolandırmalıdır və s. Bu yükün kişinin üzərinə qoyulması elə onların da psixoloji basqı altında olmasını göstərir. Həm də belə bir fikir formalaşıb ki, qadın işləməz. Onun yeri mətbəx və uşaqlara baxmaqdır və s. Hər iki düşüncə aradan qalxsa, həyat rahat olar deyə düşünürəm.”
    Statistikaya görə, məişət zorakılıqları sırasında uşaqlara qarşı şiddət qadın zorakılığından sonra ikinci yerdə gəlir. AQUPDK-nin sədri Bahar Muradovanın açıqlamasına görə, 2022-ci ilin on ayında 81 uşaq zorakılığa məruz qalıb. Digər tərəfdən, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirir ki, onlar hər il orta hesabla zorakılığa məruz qalan 250-270 uşağın problemi ilə qarşılaşırlar.

  • Problemin kökündə nələr dayanır?

  • Bəs hər kəsi narahat edən bu problemlərin kökündə nələr dayanır?
    Ekspertlərin fikrinə görə, səbəblər sırasında cəmiyyətdəki psixoloji gərginlik, maarifləndirmə işlərinin zəif olması, təhsilsizlik, ailə üzvlərinin, xüsusilə qadınların böyük əksəriyyətinin hüquqlarını bilməməsi, narkotikə aludəçilik, ailədəki maddi imkansızlığın münasibətlərə sirayət etməsi, köhnəlmiş ailə ənənələri, erkən nikahlar, uşaqlıqdan gələn travmalar yer alır. ÜST-nın nümayəndəsi Hans Klüqen isə bildirir ki, ümumiyyətlə, “zorakılığın artmasının səbəbləri arasında iş yerlərinin itirilməsi, alkoqol istifadəsinin artması, stress, qorxu və həyəcan da var.” Böyüklər arasındakı gərgin münasibətlər nəticəsində valideynlərin övladlarına olan qəzəbli münasibəti, basqısı da dərin yaralar açır. “Valideynlik hüquqları həyata keçirilərkən, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməməlidir” (hüquqşünas Şamil Paşayev).
    Psixoloq Ramil Nəcəfli qadınlara zorakılıqla bağlı faktları etiraf etsə də, deyir ki, ölkədə bu problemdən kişilər də əziyyət çəkir: “ Əgər zorakılıqda kişi qolunun zorunu işə salırsa, qadınlar da mənəvi-psixoloji basqı tətbiq edir. Son illərdə kişilərin məruz qaldığı psixolojı-sosial və iqtisadi zorakılıq çox artıb. Bu da qadınların cəmiyyətdə rolunun, sosial çəkisinin artması ilə bağlıdır… Zorakılığın kökündə həm də, əsasən, bir- birini qəbul etməmək, bir-birini anlamamaq, güzəştə getməmək dayanır. Münasibətlərdə sevgi, dəyər, güvən durduqca heç bir cins öz gücündən əks tərəfə qarşı istifadə etmir. Anlayış göstərir və dözür.”
    Hazırda ölkədə hökumət orqanlarına məxsus 3, qeyri-hökumət əsaslı 5 sığınacaq var ki, bu da çox azdır. Sığınacaq problemini həm QHT nümayəndələri, həm hökumət rəsmiləri etiraf edir və gələcəkdə belə sığınacaqların sayının artırılmasının önəmli olduğunu bildirirlər. Onu da qəbul edirlər ki, zərərçəkənlərə çevik yardım etmək üçün belə sığınacaq və ixtisaslaşmış təşkilatların rayonlarda da olması önəmlidir.
    Şübhəsiz, cinayətlərin qarşısının alınmasında mühüm vasitə olaraq ilk ağla gələn mühafizə orderidir. 2022-ci ildə ölkəmizdə verilən mühafizə orderlərinin sayı 158-dir ki, bunlardan 146-sı qısamüddətli, 12-si isə uzunmüddətli olub.
    Zibeydə Sadıqova deyir: “ Mühafizə orderi institutu çox cəlbedici institutdur və xarici ölkələrdə işləkdir. Amma bizdə bu institutun mahiyyəti başa düşülmür. Son iki ilin güclü maarifləndirilməsi hesabına bəzi icra hakimiyyətləri artıq bunu başa düşür, amma yenə də düzgün tətbiq etmir. Problem odur ki, mühafizə orderini saat 9.00-18.00-a kimi işləyən və şənbə-bazar işləməyən İcra Hakimiyyətinə veriblər. Tutaq ki, qadın psixoloji şiddətə şənbə günü məruz qalıb, nə etsin? Gözləsin ki, qurum işləsin və elə müraciət etsin? Mühafizə orderi dərhal verilməlidir. Lakin qurum bu işi bir aya uzadır. İcra Şöbəsi də şənbə-bazar işləmir. Heç bilmirlər ki, mühafizə orderi nədir. Şikayət edirsən, qeydə almırlar. Yeganə çıxış yolu odur ki, bu institut polisə və ya 7/24 rejimdə işləyən quruma verilməli və icrası da elə həmin quruma həvalə edilməlidir.”

  • Görülən tədbirlər, həllini gözləyən problemlər

  • Bəs bu problemlə mübarizədə ölkədə hansı tədbirlər görülür və hansı tədbirlər görülməlidir? Dövlət rəsmilərinin bəyan etdiyinə görə, son illərdə “Məişət zorakılığının qarşısının alınması haqqında qanun”un(2010) tələbləri çərçivəsində xeyli işlər görülüb. 2020-ci ildə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiq edilib. AQUPDK başqa əlaqədar dövlət orqanları ilə birlikdə çalışıb, BMT-nin, Avropa İttifaqının yerli qurumları ilə əməkdaşlıqda bir çox tədbirlər həyata keçirilib. Amma nəticələrə baxanda görünür ki, bu tədbirlər yetərli deyil və gözlənən nəticəni vermir. Bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc da BBC-yə verdiyi müsahibədə də etiraf edir. O deyir ki, “ailə münasibətlərinin qorunması üçün yaradılmış qaynar xətlərin necə çalışdığına dair apardığı sorğu zamanı məlum olub ki, ailələrin çoxunun bundan xəbəri yoxdur, məlumatlı olanların da əksəriyyəti hansı növbəti addımı atacaqlarını bilmirlər… bu sahədə görülən tədbirlərin cəmiyyətə çatdırılmasında kommunikasiyanın düzgün qurulmaması mənfi rol oynayır.” Belə görünür ki, ailələr arasında maarifləndirmə işlərini gücləndirmək üçün tədbirlər davamlı şəkildə keçirilməli, əlaqələndirmə işləri düzgün qurulmalı, bu sahədə fəaliyyət göstərən QHT-lərə lazımi dəstək verilməklə, onlar bu işlərə daha fəal şəkildə cəlb olunmalıdır. Maarifləndirmə işinin səmərəliliyini artırmaq üçün televiziyaları bu işlərə cəlb etmək, qısa filmlər, videoçarxlar çəkmək, sosial şəbəkələrdə kampaniyalar keçirmək də faydalı olardı.
    “Əlbəttə, dövlət qurumları iş görürlər. İş gedir, amma ləng gedir və ya effekti olmur, ya da nəticəsini görmürük. Əsas aparılmalı işlərə televiziyada davamlı maarifləndirici verilişlərin, reklamların getməsi, qanunvericiliyin dəyişməsi, həm qadın, həm də kişilər üçün psixoloji dəstəyin alınması üçün ayrıca yerlərin formalaşması, qadın sığınacaqlarının artması, işə qadın polislərin cəlb edilməsi, məhkəmə, prokurorluq orqanlarına qadınların cəlb edilməsi, məişət zorakılığı qurbanlarına müvəqqəti sosial yardımın ayrılması, psixoloji dəstək aldıqdan və özünü hazır hiss etdikdən sonra işlə təmin edilməsi, aliment probleminin həll edilməsi, qurbanın uşaqlarının dərhal psixoloji dəstək alması və bağça ilə təmin edilməsi və s. aid edilə bilər”(Z. Sadıqova).
    Bundan başqa, hüquqşünas Şamil Paşayev öz məqaləsində qanunvericiliyə müəyyən əlavələr və ya dəyişikliklər edilə biləcəyini deyir. Onun fikrincə, Cinayət Məcəllənin (CM) 61-ci maddəsinə (Cəzanı ağırlaşdıran hallar) “cinayət hadisəsinin məişət zorakılığı ilə bağlı törədilməsi” bəndinin əlavə edilməsi məqsədəuyğun olardı. O, eyni zamanda, bildirir ki, məişət zorakılığını özündə ehtiva edən 120-ci, 124-cü, 125-ci, 126-cı, 127-ci, 128-ci, 131-ci, 133-cü, 134-cü və digər maddələrin ağırlaşdırıcı hallarında “məişət zorakılığı ilə bağlı törədilməsi və ya ailə üzvləri və birgə yaşayış qaydalarına zidd olaraq törədilməsi” bəndi əlavə oluna bilər.
    Z. Sadıqova mövzuya yekun olaraq deyir ki: “Əsas problem düşüncədir. Bunu həll etmək üçün siyasi iradə olmalıdır. Yəni həm Hökumət, həm vətəndaş cəmiyyəti, həm xalq birlik olub bu problem həll etməlidir. Zorakılıq xəbərləri həmişə olacaq, bütün dünyada belə xəbərlər var. Amma çalışmalıyıq ki, bu xəbərlərin sayı azalsın və cinayət törədən hər kəs cəzalandırılsın. Cəzasızlıq qarşı tərəfə rahatlıq verir və nəticədə cinayət artır. “Məni döymürlər, mən döyülən qadın görəndə səsimi çıxartmayım” demək olmaz. Bizi döymürlər, elə ona görə də səsimizi çıxartmalıyıq ki, bağlı qapı arxasında döyülən qadınların səsi olaq. Masanın altında qorxudan ağlayan uşaqların səsi olaq. Cəmiyyətə növbəti travmalı insanların gəlməyinin qarşısını alaq.” Mən də Zibeydə xanımın sözlərinə qüvvət olaraq vurğulayıram ki, ölkənin bu önəmli probleminə kimsə səssiz qalmamalıdır! Malalanın sözləri ilə desək: “Bütün dünya səssiz olduğu zaman, bir səs belə güclüdür!”

Səadət Cahangir


Məqalə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.