Leyla Yunusun tədbirində təxribat

İki qadın səfirlərin də iştirak etdiyi tədbiri pozmaq istədilər

Cümə günü Park Inn otelində www:publicdialouges.info Ermənistan-Azərbaycan saytının təqdimatı keçirilib. Layihə Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirlikləri tərəfindən maliyyələşdirilir və Sülh və Demokratiya Institutu (Azərbaycan), “Region” QHT (Ermənistan) tərəfindən həyata keçirilir.
SDI rəhbəri Leyla Yunus bildirib ki, ölkələr müharibə vəziyyətində olanda döyüşmək lazımdır, danışıqlar aparmaq yox. Hərbi əməliyatlar olmayanda münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etmək lazımdır.
L.Yunus deyib ki, Sülh və Demokratiya Institutu 1995-ci ildən fəaliyyət göstərir. “Demək olar ki, o vaxtdan biz erməni tərəfi ilə müxtəlif birgə layihələr həyata keçiririk. Həmin layihələrdə əsas məqsəd informasiyanın ilkin mənbədən alınmasıdır”, – L.Yunus vurğulayıb. Bilavasitə veb-sayta gəlincə, onun yaradılmasına 2012-ci ilin oktyabrında başlanılıb. Saytda paralel müsahibələr dərc olunur- eyni vaxtda həm Azərbaycan, həm də Ermənistan nümayəndələri eyni sualları cavablandırır.
Bu cür yanaşma münaqişə tərəfləri haqqında vəziyyətə dair tam mənzərənin əldə olunmasına böyük imkan yaradır.
Bundan əlavə, saytda beynəlxalq ekspertlər, müxtəlif təşkilatların təmsilçiləri və politoloqlar ilə onlayn müsahibələr dərc olunur. Əsasən Tomas de Vaal, Sabina Freyzer, ATƏT sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Podruq Merfi, Gürcüstanın reinteqrasiya naziri Paata Zakerişvili və digərləri ilə müsahibələr yer alıb.
Yeri gəlmişkən, Azərbaycandan onlayn müsahibədə yalnız Rasim Musabəyov və Ilqar Məmmədov iştirak ediblər.
Onlar birbaşa rejimdə azərbaycanlı və erməni jurnalistlərin suallarını cavablandırıblar.
Tədbirin gedişini pozmağa çalışan iki qadının emosional çıxışı dünənki təqdimat zamanı aranı qatıb.
Münaqişə nəticəsində zərər çəkən və öz yaxın adamlarını itirən qadınlar tədbirdə nə baş verdiyini anlamırdılar. Yalnız onu bəyan ediblər ki, başa düşə bilmirlər ki, ərazilərin işğal altında olduğu bir vaxtda ermənilərlə hansı dialoqdan söhbət gedə bilər.
Tədbirdə iştirak edən Fransa səfiri Paskal Monye qadınların suallarını cavablandırıb, onların ağrı və itkilərinə anlayışla yanaşıb. O, uzun illər Almaniya və Fransa arasında davam edən münaqişəni xatırladıb. Müharibədə onun doğmaları döyüşüblər, lakin bu o demək deyil ki, bu gün hər iki tərəfin nümayəndələri arasında münaqişə davam edir. O xatırladıb ki, hər cür müharibə sülhlə başa çatır. Fransız diplomat hesab edir ki, bu layihə mühüm əhəmiyyət daşıyır və hər iki ölkənin nümayəndələri arasında ünsiyyət nə qədər çox olarsa, onlar sülhə daha da yaxın olacaqlar.
Almaniya səfiri Herbert Kvelle deyib ki, Almaniyanın tarixi qonşuları – Fransa və Polşa ilə münaqişədir. Lakin gələcəyə baxmaq lazımdır, geriyə yox.
Tədbirdə Polşa səfiri, Isveçrə, Hollandiya, ABŞ və Böyük  Britaniya səfirliklərinin birinci katibləri iştirak ediblər.
Analoji təqdimat yanvarın 16-da Yerevanda keçirilib.