«Cinayəti yüksək vəzifəli şəxslər törətdiyi üçün ictimaiyyətə obyektiv məlumat vermirlər»
Mahir Abdullayevin oğurlanması faktına görə başlanmış cinayət işi sonradan qəsdən adam öldürmə maddəsinə tövsif olunub. Bunu, vəkil Adil Ismayılov “Azadlıq” qəzetinə müsahibəsində deyib. Maraqlıdır, M.Abdullayevlə bağlı qaldırılan cinayət işini icraatına götürən Müstəqil Istintaq Komissiyası bu qənaətə haradan gəlib? Əgər oğurlanma maddəsi adam öldürmə ilə əvəzlənibsə, demək, Baş Prokurorluqda M.Abdullayevin öldürüldüyü ilə bağlı əminlik var. Belədirsə, bu istiqamətdə niyə konkret nəticə yoxdur?
Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, məlum maddələrin tövsifi o deməkdir ki, Baş Prokurorluqda M.Abdullayevin qətlə yetirildiyi ilə bağlı yetərli qədər sübut var: “Fikrimcə, Mahir Abdullayevin işi açıq işdir. Onlar bilirlər ki, bu qətli kim törədib. Istintaq bunu dəqiq bilir. Sadəcə bu cinayəti törədən şəxslərlə bağlı mövcud siyasi hakimiyyət üçün böyük təhlükələr var. Bu təhlükələr təkcə indi yox, 2005-ci ildə Hacı Məmmədovun törətdiyi cinayətlər üzə çıxanda var idi. Hakimiyyət bilir ki, bu işlərin istintaqı dərin getsə, onlar üçün ciddi təhlükələr yaranacaq. Siyasi hakimiyyət bir qayda olaraq belə cinayətləri müəyyən bir mərhələyə gətirib çatdırır, həmin mərhələdə də nöqtə qoyulur və iş məhkəməyə göndərilir. Əslində məhkəmədə də işin Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun araşdırılmır. Azərbaycan hüquq dövləti olmadığına, ”yuxarıdan” gələn sifarişlərlə idarə olunduğuna görə belə hallara görə nə baş prokuror, nə işə baxan hakimlər, nə məhkəmə sədri məsuliyyət daşıyır. Bilirlər ki, onları bu yanlış hərəkətlərinə görə heç kim məsuliyyətə cəlb etməyəcək. Mahir Abdullayevin işi üzrə də istintaqda böyük ehtimalla dəqiq sübutlar var. Sadəcə olaraq bu cinayəti törədən şəxslər barəsində ictimaiyyətə məlumat vermirlər. Bunun da səbəbi odur ki, cinayəti yüksək vəzifəli şəxslər törədiblər. Bu açılsa, siyasi hakimiyyət öz-özünə çökəcək”.
M.Baxışovun fikrincə, Azərbaycanda törədilən qətl hadisələrini açmaq çox asandır: “Qəsdən adam öldürmə cinayəti ilə bağlı məlumatı olan şəxslər dərhal bu barədə istintaqa məlumat verirlər. Mahir Abdullayev işi ilə də bağlı faktlar istintaqa tam bəllidir. Sadəcə dediyim kimi, bu cinayətlə bağlı olanlar o qədər yüksək vəzifə tuturlar ki, bunu ictimaiyyətə açıqlamırlar”.