Rusiyada vətənə xəyanət hökmləri erası başlanır

Rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murza Rusiyanın Ukraynaya hücumunu tənqid etdiyi üçün 25 illik həbs cəzasına məhkum edilib. Beynəlxalq ictimaiyyətin qınadığı bu hökm postsovet dövründə Kremlin opponentinə verilən ən ağır cəzadır.

Hökmün 18 ili “vətənə xəyanət” iddiası ilə verilib. Rusiya hökuməti bu ittihamdan get-gedə daha çox istifadə edir. Kara-Murza aprelin 10-da məhkəmədə son sözündə Prezident Vladimir Putinin götürdüyü istiqamətlə bağlı xəbərdarlıq edib. O baş verənləri Stalin dövründə Böyük Terror zamanı prokurorlara və gizli polisə verilən səlahiyyətlə müqayisə edib:

“Məhkəməmin gizlilik və təhqir baxımından hətta 1960-cı və 1970-ci illərin sovet dissidentlərinin məhkəməsini də nə dərəcədə ötüb keçdiyini görüb çox təəccübləndim. Heç prokurorluğun tələb etdiyi ağır cəzanı, yaxud “dövlətin düşmənləri” söhbətini demirəm. Bu mənada biz 1970-ci illərdən çox uzağa, ta geriyə, 1930-cu illərə getmişik. Tarixçi olaraq mənim üçün bu, düşünməyə bir fürsətdir”.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonu görünmür. Putin hökuməti Federal Təhlükəsizlik Xidmətinin (FSB) əli ilə çox sayda vətəndaşa cinayət işi açıb. “Vətənə xəyanət” ittihamı ilə açılan bu cinayət işlərinin müasir Rusiya tarixində analoqu yoxdur.

Azadlıq radiosu