Rusiyada prokuror müxalifət siyasətçisinə 25 il iş istədi

Rusiyada prokuror müxalifət siyasətçisi Vladimir Kara-Murzanın 25 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə məlumatı jurnalistlərə Moskva şəhər məhkəməsinin binası qarşısında vəkil Mariya Eysmont verib.

Vəkilin dediyinə görə onun müştərisi təcridxanada olduğu müddətdə 17 kiloqram arıqlayıb.

Martın ortalarında Kara-Murza özünü yaxşı hiss etmədiyinə görə məhkəmə iclaslarından birində iştirak edə bilməmişdi.

O bundan əvvəl bildirmişdi ki, təcridxanada səhhəti xeyli pisləşib.

Polineyropatiya

Rusiya Penitensiar xidmətinin Moskva idarəsinin baş nevroloqu müxalifətçiyə “polineyropatiya” diaqnozu qoyub. Bu diaqnoz adətən zəhərlənmələrin nəticəsində qoyulur.

Belə diaqnozu olan şəxs qaydalara görə təcridxanada saxlana bilməz. Buna baxmayaraq məhkəmə onun ev dustaqlığına keçirilməsi üçün tibb sənədlərinə baxmaqdan imtina edib.

Martın əvvəllərində məhkəmə Kara-Murzanın həbs müddətini yarım il də uzadıb.

O təcridxanada 2022-ci ilin aprelindən saxlanır.

Üç cinayət işi

Siyasətçi barəsində üç cinayət işi qaldırılıb: Rusiya ordusu barədə saxta xəbərlərin yayılması, dövlətə xəyanət və “arzuolunmaz təşkilat” – Açıq Rusiya cəmiyyətində işləməsi.

İstintaqın versiyasına görə 2022-ci il martın 15-də ABŞ-da Arizona ştatının Nümayəndələr Palatasında çıxış edən Kara-Murza “siyasi nifrət motivi ilə doğru olmayan informasiyanı bilərəkdən yayıb”.

Həmin çıxışda söhbət həm də Rusiya tərəfindən Ukraynanın yaşayış rayonlarının və mülki infrastruktur obyektlərinin bombalanmasından gedirdi.

Dövlətə xəyanət və “arzuolunmaz təşkilatla iş” ittihamları Kara-Murza artıq həbsdə olarkən irəli sürülüb.

41 yaşlı Kara-Murzanın zəhərlənmə hücumundan sonra iki dəfə ölüm ayağında olduğu bildirilirdi.

Azadlıq radiosu