Yeni kitab

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Yaxın keçmişimizlə bağlı çox maraqlı bir kitab nəşr olunub. Tarix elmləri doktoru Şəlalə Məmmədovanın “Yaddaşımızdakı tarix: Stalindən sonrakı Azərbaycan” monoqrafiyası mükəmməl bir araşdırmadır. Mən bu kitabın elmi redaktoruyam və çox maraqla oxudum bu monoqrafiyanı.

Şəlalə xanım Bakı Dövlət və Moskva Dövlət Universitetlərində tarix ixtisası üzrə yüksək təhsil alıb. Texas Universitetində (Univesity of Texas at Austin) və Vaşinqtonda Kennan İnstitutunda çalışıb. 2014-cü ildə o, “Azərbaycan SSR-də inzibati-amirlik sistemi (1920-1930-cu illər)” adlı çox maraqlı doktorluq müdafiəsi etdi və eyni adlı monoqrafiyası nəşr olundu.

“Yaddaşımızdakı tarix: Stalindən sonrakı Azərbaycan” kitabı Şəlalə xanımın doktorluq işindən sonrakı araşdırmasıdır və nəhayət ki, bu il nəşr olundu. Doğrusu Sovet cəmiyyəti tarixnin görünən tərəfi nə qədər maraqsızdırsa, onun görünməyən tərəfləri bir o qdər maraqlıdır. Şəlalə xanımın oxucuya təqdim etdiyi məhz ötən əsrin 50-60-cı illərinin görünməyən tərəfləridir.

Şəlalə xanım həmin dövr respublika rəhbərliyinin, siyasi elita və millətçiliyin, sosial həyatın (təhsil, din, səhiyyə) maraqlı mənzərəsini yarada bilib. Kitabda Sovet kəndində, şəhərin sosial mənzillərində cərəyan edən proseslərin indiyə qədər tarixi ədəbiyyatda əks olunmayan tərəfləri əhatə olunub. Sosial ədalətin (və ya ədalətsiliyin) maraqlı məqamları var əsərdə. Müəllifin cəmiyyətin təcrid olunmuş kəsiminin yaşam tərzi və hüquq-mühafizə orqanlarında gedən qaranlıq işlər barədə məlumatları adamı heyrətləndirir. Kitabın bir fəsli “Sovet Azərbaycanında kapitalist iqtisadiyyatı” adlanır. Bu məsələ tarixşünaslığımız üçün tamamilə yeni məsələdir və Şəlalə xanım bu işin başlanğıcını qoydu.

“Yaddaşımızdakı tarix: Stalindən sonrakı Azərbaycan” kitabında çoxlu yeni arxiv materialları tədqiqata cəlb edilib. Bunun bir hissəsi Azərbaycan, digər hissəsi Rusiya arxiv materialıdır. Amma arxivlərdən başqa Şəlalə xanım uzun müddət tədqiqatdan kənarda qalan “samizdadlardan” və yaddaş (şifahi tarix) materiallarından istifadə edib. Nəticədə 512 səhifəlik monoqrafiya çox sanballı və uğurlu alınıb. Tarixə maraq göstərənlərin, xüsusilə gənclərin onu oxuması çox vacibdir. Çoxlu yeni məlumatlar, yeni yanaşma, neorealist dəyərləndirmə var bu kitabda, Ən başlıcası isə indiyə qədər bilinməyən bir tarix dünyasına düşəcəksiniz.