Tərtər işi: ‘Dedi ki, səni atdıraram Qarabağ kanalına, şahid də göstərərəm ki…’

2017-ci ilin mayında – Ermənistanın xeyrinə casusluq iddialarının araşdırıldığı Tərtər hadisələri zamanı işgəncə nəticəsində ölən hərbçilərdən bir neçəsinin ailə üzvləri aprelin 4-də Sumqayıt Məhkəmə Kompleksində dindirilib. Hazırda həmin hadisələr vaxtı işgəncə verməkdə suçlanan dörd nəfərin işinə baxılır. Bunlar Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı-müddətdən artıq xidmət edən (MAXE) əsgərlər Ramil Qarayev və Rüstəm Ələsgərovdur. Onların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır.

“Mənə indi burada oturanlar lazım deyil”

İşgəncə nəticəsində həyatını itirən Süleyman Kazımovun həyat yoldaşı Zülfiyyə Kazımova deyir ki, öncə onlara ərinin həlak olduğu, sonradan isə avtoqəzada öldüyü bildirilib. Bu da onlarda şübhə yaradıb. Onun sözlərinə görə, sonradan öyrəniblər ki, mayın 4-dən 7-nə qədər işgəncəyə məruz qalıb, 8-də vəfat edib.

“Onu toka veriblər, suda boğublar, döyüblər. Mənə indi burada oturanlar lazım deyil, (korpus komandiri) Hikmət Həsənov, əmr verənlər lazımdır”, – Kazımova bildirib.

Oğlu Təmkin Quliyevi itirən başqa bir zərərçəkmiş Nizami Quliyev məhkəmədə danışıb ki, meyiti gətirənlər heç onun rayondan gəlib çatmasını gözləmədən dəfn ediblər. O zaman ona deyilib ki, oğlu pnevmaniya xəstəliyi nəticəsində vəfat edib: “”Tərtər işi” üzrə istintaq yenilənəndən sonra qəbir açıldı, meyiti eksqumasiya etdilər. Məlum oldu ki, işgəncədən öldürülüb. Fəqərələrdə, əllərdə, ayaqlarda, başında xəsarətlər aşkarlandı. Tələbim budur ki, oğlum daxil olmaqla, o hərbçiləri öldürənlərə qəsdən adam öldürmə, vətənə xəyanət ittihamları verilsin”.

“Səhər tezdən bir qohumun ölümü adı ilə məni qəbiristanlığa apardılar”

Tərtər hadisələri zamanı casusluqda ittiham olunub, öldüyünə görə haqqındakı cinayət işinə xitam verilən, 2021-ci ilin dekabrında istintaq yenilənəndən sonra bəraət alanlardan biri də Elçin Quliyev oldu. Onun anası Validə Əhmədova da məhkəmədə dindirilib. Anası danışır ki, oğlu sonuncu dəfə 2017-ci il mayın 3-də əmisigildən gedib. Bir də mayın 8-də atası və əmisigili icra hakimiyyətinə çağırıb oğlunun ölüm xəbərini veriblər, onun dövlətə xəyanət etdiyini deyiblər: “Guya oğlum 2016-cı ilin aprel döyüşlərində sürdüyü yemək maşınına narkotik töküb ki, hərbçilər yatsın. Qaynım deyib ki, yalan danışmayın, heç onda Elçin yemək maşını sürmürdü, məzuniyyətdə idi. Həmin gün həyat yoldaşım gəlib mənə demədi oğlumun ölümünü. Ertəsi gün səhər tezdən bir qohumun ölümü adı ilə məni qəbiristanlığa apardılar, onda bildim ki, oğlumun meyitini gətirirlər…”.

Övladının üzərindən “vətən xaini” ləkəsini təmizləmək üçün illərlə mübarizə apardığını deyən Əhmədovanın sözlərinə görə, oğlunun yas mərasimi olan dövrdə hüzr məclisinə gələn insanların qarşısının kəsilməsi halları da olmuşdu. Əhmədova oğluna işgəncə verilməsində əli olan hər kəsin cəzalandırılmasını tələb edir. O, həmçinin bu hadisələrin indiyədək ört-basdır edilməsində rolu olan şəxslərin də cəzalandırılmasında israrlıdır: “Bu cinayətlərin başında həm də Hərbi Prokurorluq – (hərbi prokuror) Xanlar Vəliyev, (hərbi prokurorun müavini) Şəfayət İmranov dayanır. Mayın 3-də onlar cinayət işini başlayıb, ardınca bu işlər görülüb – adamları döyüb öldürüblər. Mənim oğlumu vətən xaini elan edən qərarı Şəfayət İmranov imzalayıb. Hikmət Həsənov, (Tərtərin o dövrdə hərbi prokuroru) Fuad Məmmədov, (hərbi hissə komandiri) Teymur Məmmədov mənim oğluma qarşı işgəncələrdə şəxsən iştirak edib”.

Azadlıq radiosu