Gənclər yeni hərəkata başladılar

Cərimələri ödəməkdən imtina olundu, dövlətdən 44 min manat təzminat tələb edilir

“Əsgər ölümlərinə son” aksiyasına görə cərimələnən şəxslərə dəstək məqsədilə təşkil olunan “5 qəpik” kampaniyasının təşkilatçıları yanvarın 18-də mətbuat konfransı keçirdilər. Aksiyaya görə cərimə kəsilənlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev apelyasiya şikayəti verildiyini diqqətə çatdırdı. O, dövlətdən 44 min manat təzminat tələb olunduğunu vurğuladı. Əsabəli Mustafayev sərbəst toplaşma uğrunda mübarizənin ölkə daxilində və xaricində aparılmalı olduğunun vacibliyindən danışdı. Əlavə etdi ki, yeni cərimələr repressiyanın bir növüdür və bu pulları ödəmək həmin gənclərin özündən asılıdır.

AXCP gənclər komitəsinin rəhbəri Əbülfəz Qurbanlı indiyə qədər belə cəza növü tətbiq olunmadığını söylədi. Onun sözlərinə görə, bu cərimələr yeni mərhələdir və insanların aksiyalara axınının qarşısını almağa hesablanıb. Ə.Qurbanlı kəsilən cərimələrin bundan sonrakı etiraz aksiyalarında iştiraka təsir etməyəcəyini qeyd etdi: “Ictimaiyyət sağ olsun ki, bizə dəstək verir, ianə toplanır. Ancaq biz cərimələri ödəməkdən imtina edirik. Bununla biz saxta parlamentin mürtəce qanunlarının keçərli olmadığını bəyan edirik”.

Fəal Həmid Isayev partiya üzvü olmadığını deyərək milli orduda baş verən hallara etiraz etməyə görə aksiyaya çıxdığını bildirdi: “Mən də ”5 qəpiklik məhkəmə” aksiyasını dəstəkləyirəm. Bizim cavabımız bunlara belə də olmalıdır”. Nurlan Bayramov da məhkəmə qərarının absurd adlandırdı. “Nida” üzvü Turqut Qəmbər cəmiyyətin “5 qəpik” kampaniyasına yüksək səviyyədə dəstək verdiyini, bununla belə cərimə ödəməyəcəyini açıqladı.
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli məhkəməyə çıxarılarkən hakimdən inzibati həbs istəməsindən söz açdı. O, cərimələrin yalnız 5 qəpiklərlə ödənməsini vacib saydı.
Müsavat gənclər təşkilatının sədri Tural Abbaslı bu cərimələrin hakimiyyət üçün nə dərəcədə əhəmiyyətli olmasından bəhs etdi. Onun fikrincə, hakimiyyət yeni qanunun işlək olduğunu göstərmək üçün ilk belə aksiyada ağır cərimə kəsdi: “Bu, siyasi terrordur. Çünki insanları qorxutmağa hesablanıb. Ancaq biz sona qədər gedəcəyik, cəriməni ödəməyəcəyik. Fədakar gəncləri bu yoldan döndərə bilməzlər”.
Cəbhəçi fəal Renat Nəcəfov ondan bir polisin ianəyə dəstək vermək üçün əlaqə nömrəsi istədiyini dedi.
“Nida” üzvü Zaur Qurbanlı təklif etdi ki, cərimə olunanlar 5 qəpiyi verməsinlər. O, toplanan ianələrin vətəndaş itaətsizliyinin nümunəsi olduğunu söylədi.

Kampaniyanın müşahidə şurasının üzvü Zaur Əkbər “5 qəpik” aksiyasının iqtidara sevinc bəxş etdiyini vurğuladı: “Sevinsinlər ki, hakimiyyətə 5 qəpiklik dəyər veririk”.
Bloger Emin Milli keçirilən aksiyanı yeni etiraz dalğasının başlanğıcı sayıb, cərimələnən şəxslərə kömək məqsədilə təşkil olunan kampaniyanın isə xalqın həmrəyliyinin təzahürü olduğunu bəyan edib. O, dəstək kampaniyasına Avropa Parlamentinin deputatlarının da qoşulduğunu vurğulayıb.
Keçmiş vicdan məhbusu, AXCP Ali Məclisinin üzvü Babək Həsənov dedi ki, yalnız torpaqlar azad olunanda əsgərin ölümünü normal qarşılamaq olar: “Ancaq orduda əsgərlərin qeyri-döyüş vəziyyətində həlak olması qəbul olunan hal deyil. Hökumət Qarabağ qazilərinin qayğısına qalmırsa, əsgərlərə münasibəti belə də olmalıdır”.
Sonda ianələrin toplanmasına nəzarət edən Nərmin Rəhimli kampaniya barədə məlumat verdi: “434 nəfər blank doldurub. Hələlik 6305 manat toplanıb. Kağız pullar, qəpiklər də var. Ilk günlərdə gənclərin həmrəyliyi müşahidə olunurdu. Indi yaşlı adamlar, müəllimlər ianə verir. Bu hakimiyyəti ələ salmaqdan çox, cəmiyyətin həmrəyliyinin nümunəsidir. Aksiya cərimə pulu toplanana qədər davam edəcək. Hətta bu gün polislərdən biri ianə verib. Həmin polis aksiyanın qarşısının alınmasına cəlb olunmuşdu”.

Ramin DEKO