dedxasan

“Ded Xasan” Bakı üzərindən PKK ilə əlaqə saxlayırmış

dedxasanTürkiyə mediası kriminal avtoritetin qətlində elə məqamlara toxundu ki…

Aslan Usoyanın Bəylər Əyyubovla dostluq münasibətlərinin olduğunu iddia edilir

“Ded Xasan” kimi tanınan kriminal avtoritet Aslan Usoyanın Moskvada öldürülməsi Türkiyənin informasiya məkanında ciddi şəkildə müzakirə edilir.  “Zaman” qəzeti yazır ki, Usoyan Rusiyada “mafiyanın ən məşhur xaç atası” hesab edilirmiş. Usoyanın kürd mənşəli olması səbəbindən Moskvanın mərkəzində baş vermiş qətl, həmçinin onun PKK-nı silahla təchiz etməsi barədə məlumatlar Türkiyədə rezonans doğurub.
“Akşam” qəzetinin yazdığına görə, kriminal aləmdə qanlı hesablaşma nəticəsində “snayper” hücumuna məruz qalan Usoyan Rusiyada PKK üçün nəzərdə tutulmuş silah axınının təmin edilməsində mühüm rol oynayırdı.
Informasiya mənbəyini açıqlamayan “Yeni Şafak” qəzeti Usoyanın PKK liderləri, xüsusən Abdulla Öcalanla şəxsi əlaqələri olduğuna diqqət çəkir. Qəzet yazır ki, Öcalan Moskvada olduğu müddət ərzində kürd-yezid “Ded Xasan”ın evində qalıb. Qəzet Rusiyanın “Novaya gazeta” nəşrinin reportyoru Sergey Kanevin 2010-cu ildə Usoyana ilk sui-qəsd zamanı www.haberrus.com portalına Rusiya DIN-dən rəsmi şəxsə istinadla verdiyi PKK-ya silah ixracını Aslan Usoyan və “Şakro” ləqəbli Zaxari Kalaşovun həyata keçirildiyi barədə bəyanatından sitat gətirir.
“SV Press” agentliyinin məlumatından sitat gətirən “Milliyet” qəzeti isə yazır ki, Usoyan özünü “kürdlərin baş hamisi” adlandırırdı. 2008-ci ildə Bakıda Usoyanın “Bilo” ləqəbli bir kürdlə görüşdüyü, Türkiyə ərazisində yaşayan bəzi kürdlərin Rusiyaya yerləşdirilməsi planının müzakirə edildiyi bildirilir. “Türkiye” qəzetinin icmalçısı da Rusiyada kriminal avtoritetin qətlinin və onun PKK ilə əlaqələri olub-olmamasının yeni suallar doğurduğu, Türkiyədə kürd probleminin və terrorizmin gərginləşməsi fonunda böyük çaşqınlıq yaratdığı qənaətinə gəlir.
Rusiya mətbuatında yer alan versiyalara görə isə Soçi Olimpiadası korrupsiyalaşmış məmurlar üçün “yağlı tikə”yə və böyük pullar qazanmaq fürsətinə çevrilib. Usoyan bunu çox tez anlamışdı və oraya çoxlu sərmayə yatırmışdı. Söhbət əvvəldən o ərazidə torpaqların ucuz alınmasından (sonradan baha satılması üçün) tutmuş turizm və tikinti sektoruna sərmayə yatırmağa qədər müxtəlif işlərdən gedir. Rus ekspertləri güman edirlər ki, Usoyana yaxın adamların aktiv olduğu bu sahələrə kimlərsə girişməyə çalışdığı üçün maraqlar toqquşub.
Bəzi Qərb qəzetləri isə yazırlar ki, Usoyanın qətli bir neçə gün əvvəl Parisdə kürd separatçılarının ofisinə edilən hücumla, orada 3 kürd fəalın öldürülməsi ilə də bağlı ola bilər.

“Ded Xasan”ın matəm mərasimi səhərə kimi davam edib

Yanvarın 17-də isə gecə Moskvadakı Troekurovsk qəbiristanlığında “Ded Xasan”ın matəm mərasimi başlayıb və səhərədək davam edib. Bu barədə “RIA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Matəm mərasimindən sonra 75 yaşlı Aslan Usoyanın cənazəsi təyyarə ilə vətəni Gürcüstana göndəriləcək və orada dəfn ediləcək. Bununla belə, Gürcüstan Daxili Işlər Nazirliyi və Xarici Işlər Nazirliyi Aslan Usoyanın Gürcüstanda dəfn ediləcəyi barədə məlumata malik deyil. Qeyd edək ki, “qanuni oğru”nun qohumlarının belə bir xahişlə Gürcüstan hakimiyyətinə müraciət etdiyi barədə xəbər də yayılıb.
Məşhur gürcü vəkil və hüquq müdafiəçisi Qela Nikolaişvili “Interfaks” agentliyinə açıqlamasında deyib ki, qohumlarının arzusu ilə Aslan Usoyan Gürcüstanda dəfn edilə bilər, o, Gürcüstanda doğulub və müəyyən müddət burada yaşayıb: “Amma Gürcüstanda ”qanuni oğru”lar və oğru ənənələrinə bağlılıq haqqında qanun var. Bu qanuna görə, həmin kateqoriyalı vətəndaşlar hətta cinayətə yol vermədikləri halda da saxlanıla və uzun müddət azadlıqdan məhrum edilə bilərlər. Əgər Gürcüstandakı dəfn mərasiminə Rusiyadan kriminal avtoritetlər gələcəksə, onlar saxlanılacaqlar”.
Rusiya KIV-n yazdığına görə, artıq “qanuni oğrular” Gürcüstanın müəyyən dairələri, əsasən də baş nazir Ivanişviliyə yaxın çevrələrlə danışıqlara başlayıblar.
Ermənistanın “Coxovurd” qəzeti məlumat yayıb ki, “Ded Xasan”ı dəfn etmək üçün yüzə yaxın qanuni oğru Iravana və Tiflisə təyyarə biletləri sifariş ediblər. “Qazeta.ru”nun yazdığına görə, avtoritet Tiflisin Kukiy qəbirstanlığında, ata və anasının yanında dəfn ediləcək.

“Ded Xasan” Bəylər Əyyubovla dost olub?

Bu arada redaksiyamıza “Ded Xasan”la bağlı ilginc məlumat daxil olub. Həmin məlumatda iddia edilir ki, kriminal avtoritet Azərbaycan prezidentinin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla dost olub. Onun bir neçə dəfə Bakıda Bəylər Əyyubovla görüşdüyü bildirilir. “Ded Xasan”la generalın dost münasibətlərinin kökündə nə dayandığı bəlli deyil. Lakin müəyyən ehtimallar var. Kürd mənşəli olan Bəylər Əyyubovun adı PKK ilə bağlılıqda hallandırılır. Türkiyə mətbuatının Aslan Usoyanla barədə yazdıqları həqiqətdirsə, o zaman Bəylər Əyyubovla “Ded Xasan”ı birləşdirən “dəyər”in PKK olduğunu düşünmək olar. Lakin Aslan Usoyanla generalın dostluğu sırf biznes maraqlarına da söykənə bilər. Bəzi ehtimallara görə, 2008-ci ildə Bakıda Aslan Usoyanın görüşdüyü “Bilo” ləqəbli kürd elə Bəylər Əyyubovdur.

“Ded Xasan”ın ömründə verdiyi yeganə müsahibə

“Ded Xasan” həyatında yalnız bir dəfə müsahibə verib. Lent.az illər öncə müstəqil jurnalist Maksim Qladkinin “Ded Xasan”dan götürdüyü həmin müsahibəni təqdim edib:

– Aslan Rəşidoviç, bu gün oğru dünyasında nə baş verir?
– Mən artıq bu sahədən uzağam. Biz dinc insanlarıq, heç kimə mane olmuruq. Istəyirik ki, sülh olsun, başıpozuqluq olmasın. Sakit yaşayırıq.

– Siz özünüzü dinc insan sayırsınız?
– Bəli, əlbəttə. Mən sakit yaşayıram, heç kimə mane olmuram, mən sülhpərvərəm.

– Sizin kriminal dünyanızda insanlar barışmağa məcbur edilir?!
– Nə etməliyik, artıq qocalmışıq, həyatın hər üzünü görmüşəm, nə danışdığımı bilirəm.

– Bəs “Cema”nı (2001-ci ilin oktyabrında Xabarovskda həbsxanada vəfat edən “qanuni oğru” Yevgeniy Vasin) xatırlayırsınız?  
– Onunla Tobolskda həbsxanada bir oturmuşuq. Sonra da ad günlərində getmişəm, istirahət etmişik. O, olduqca ləyaqətli insan idi.

– O, “qanuni oğru” idi, hansı ləyaqətdən söhbət gedə bilər?
– Bunlar cəfəngiyatdır. ( “Cema” uşaq ölümünədə təqsirləndirilərək həbsdə yatıb) Əgər həmin uşağı kim öldürübsə, onun başını özüm qopararam. Allah, ədalət var və ədalət bərpa olunur.

– Siz oğru ədalətinizdə Allaha inanırsınız?
– Yaşlandıqca, bəli. Həyat oyundur. Zəhmət olmasa, oğrunu başa düşün. Oğru başa düşən zaman bu mərhələyə çatır. Bilirsiniz, mənalı kitablar oxumaq və mənalı kinolara baxmaq lazımdır, yalnız oğurlayan insan olmağa yuvarlanmaq yox. Inkişaf etmək lazımdır.

– Siz inkişaf etmisiniz, ciddi nüfuzunuz var.
– Bizim dünya başqadır.

– Siz Zaxari Kalaşovun (Cinayətkar qruplaşmanın rəhbəri, çirkli pulların yuyulması ilə bağlı Ispaniyada 7,5 il azadlıqdan məhrum edilən “Şakro Molodoy” ləqəbli “qanuni oğru”) həbsi barədə nə düşünürsünüz?
– Hər şey ədalətsiz olub. Onun insanlara qarşı xeyirxahlıqlarını heç kim unutmayacaq. Onun Ispaniyada həbsi ədalətli deyil. Çoxlu düşmənləri var, sadəcə, ona çamur atırlar. Kiməsə insanı qaralamaq və onun Rusiyada olan hər şeyini almaq sərfəlidir. O, bizneslə məşğul olub.

– Siz “Xaç atası”sınız?
– Mən pensiyaçıyam, pensiya ilə yaşayıram.

– Siz həqiqətən yalnız pensiya ilə yaşayırsınız?
– Belə də.

– Operativ məlumatlara görə, Zaxari Kalaşovun həbsindən sonra kriminal dünyanın yuxarı təbəqəsi müdafiəsiz qalıb.
– Zaxari Kalaşov barədə danışılanların hamısı yalan və pis niyyətlidir. O, yaxşı, xeyirxah insandır, oğrularla işləyib, ancaq yalnız normal qaydada işləyib. Baxın, kimsə niyə soruşmur ki, birinə olar, digərinə olmaz? “Şakro” və mən beləyəm. Amma o, oğru adına bir az xələl gətirdi, Tbilisidə özünə saray tikdirdi. Təvazökar olmaq lazımdır.

– Ancaq siz Tverskoyda (Moskvanın mərkəzi küçəsi) yaşayırsınız…
– Mən təvazökar həyat yaşayıram, heç kimə toxunmuram. Həyatımı sakit yaşamaq istəyirəm.

İnformasiya şöbəsi