İki cəbhəçi və bir reportyor həbs edilib

Martın 30-da AXCP üzvü Zamin Salayevə azadlıq tələbi ilə keçirilən etiraz aksiyası zamanı saxlanılan iki nəfərin inzibati qaydada həbs olunduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə partiya üzvləri Səhlədar İsgəndərli 25, Ceyhun Novruzov isə 30 sutka müddətinə həbs olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıblar.

Habelə bildirilir ki, həmin aksiyanı işıqlandıran TimeTV-nin əməkdaşı Nurlan Cəfəri də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs olunub.

Cəfəri özü dünən, martın 30-da sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, polis ona fiziki güc tətbiq edib və nəticədə onun mobil telefonu sınıb. O, polisdən həmin telefonun təmir xərcini ödəməyi tələb edib. Reportyorun həmkarlarının verdiyi məlumata görə, bu paylaşımdan sonra Cəfərini mülki geyimli şəxslər saxlayıb və daha sonra məhkəməyə aparılıb.

DİN deyir ki…

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə “Turan”a bildirib ki, aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün Nurlan Cəfəri ərazidən uzaqlaşdırılıb: “Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət olunmaqla etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib….”.

Aksiyada saxlananlardan ikisinin hələ buraxılmadığı deyilir

Dünən, martın 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayevə azadlıq tələbi ilə Bakıda Ədliyyə Nazirliyinin binası qarşısında keçirilən aksiyada saxlanan fəallardan hələ də iksinin sərbəst buraxılmadığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna martın 31-də AXCP-dən məlumat veriblər. Onlar AXCP Səbail şöbəsinin sədri Ceyhun Novruzov və Sabunçu Rayon Gənclər Komitəsinin sədri Səhlədar İsgəndərlidir. AXCP hesab edir ki, onlar hakim önünə çıxarıla bilərlər.

Partiyadan bildiriblər ki, aksiyada digər saxlananlar elə martın 30-da axşam saatlarında sərbəst buraxılıblar. Onlardan Bəbək HəsənliKənan İbrahimliHüseyn İbrahimov və Cavid Zülfüqarlının inzibati qaydada 50 manat cərimə olunduğu vurğulanır. Bu barədə “Müdafiə Xətti” hüquq -müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib.

Saxlananlardan bəzilərinə hadisə yerində fiziki güc tətbiq edildiyi də deyilir. Amma bu məlumatlara, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azadlıq radiosu