İran Xarici İşlər Nazirlyinin sözçüsü xəbərdarlıq edib ki, İslam Respublikası “sionist rejimin” Azərbaycan Respublikasının ərazisindən həyata keçirdiyi qəsdlərə biganə qala bilməz.
Rəsmi Tehran “sionist rejim” dedikdə İsraili nəzərdə tutur.
İran XİN-in rəsmi saytında deyilir ki, nazirliyin sözçüsü Naser Kənani bunu İsrailin xarici işlər nazirinin “İrana qarşı vahid cəbhə” haqqında bəyanatını şərh edərkən deyib.
Kənani deyib ki, bu bəyanat İsrailin Azərbaycan Respublikasının ərazisini İranın milli təhlükəsizliyinə qarşı hədəyə çevirmək kimi şər niyyətinin daha bir sübutudur.
İran XİN-in sözçüsü diqqəti habelə Azərbaycan xarici işlər nazirinin “Azərbaycan və İsrail arasında strateji partnyorluğun yeni mərhələsi” barədə bəyanatına çəkib və bildirib ki, Tehran bu bəyanatla bağlı rəsmi Bakıdan izahat tələb edib.
Hansı bəyanatlar
İran mediası yazır ki, İsrailin xarici işlər naziri Eli Koen sözü gedən bəyanatı martın 29-da Tel Əvivdə Azərbaycan səfirliyinin açılış mərasimində vermişdi. Bu mərasimdə onun azərbaycanlı həmkarı Ceyhun Bayramov da iştirak edirdi.
Yenə də İran mediasının məlumatına görə Koen həmin görüşdə iddia etmişdi ki, o azərbaycanlı həmkarı ilə “İrana qarşı vahid cəbhə təşkil etmək və iqtisadiyyat, təhlükəsizlik və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib”.
“İran və Azərbaycan xalqları arasında qırılmaz tarixi və dini bağlara” diqqət çəkən Kənaani vurğulayıb ki, İran İslam Respublikası daim “iki qonşunun arasını vurmaq istəyən bədxahların cəhdlərini dəf etməyə çalışıb”.
Sözçü deyib ki, Tehran Azərbaycan hökumətindən də onun “iki ölkənin düşmənlərinin toruna düşməməsini gözləyir”.
Azadlıq radiosu