Köhnə maşınlarda bahalaşma olacaq

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb. Bununla bağlı martın 29-da Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu addım avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə izah edilib. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Avtomobillərin çoxunun 10-dan çox yaşı var

Qərarın özündə vurğulanır ki, Azərbaycanda 1.4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1.3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Həmin avtomobillərin 80 faizinin yaşı 10 ildən çoxdur.

Amma hazırda bəzi sosial şəbəkə istifadəçiləri də şikayətlənir ki, sözügedən qərar gömrükdə korrupsiya hallarına gətirib çıxara bilər. Üstəlik, hesab edirlər ki, qərarın cəmi 30 gün sonra qüvvəyə minməsi əlavə problemlər doğuracaq, çünki bəzən avtomobillərin xaricdən gətirilməsi 1 aydan çox çəkir.

Dövlət Gömrük Komitəsindən “Turan”a bildirilib ki, 29 marta qədər, 29 mart da daxil olmaqla, ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək: “Müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub”.

V.Əhmədov
V.Əhmədov

Deputat: “Qərar düzgündür”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Turan”a deyib ki, qərar qüvvəyə minəndən sonra köhnə maşınlarda bahalaşma olacaq: “Çünki 2013-cü ildən tez istehsal olunan maşınlar ölkəyə buraxılmayacaq”.

Deputat hesab edir ki, verilən qərar düzgündür: “Çünki burada ekoloji məsələ var və bu, çox ciddidir. Azərbaycanda, xüsusən də Bakıda ekoloji vəziyyət o qədər də ürəkaçan deyil”.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında elektrik avtomobillərinin istehsalı genişlənməkdədir: “Bunlar kifayət qədər ekoloji təmiz avtomobillərdir. Yaxşı olardı ki, Azərbaycanda da belə avtomobillərin istehsalına başlansın. Biz Türkiyə ilə birgə müəssisə yarada bilərik”.

Azadlıq radiosu