“Sevinc Babayevanı günahsız olduğu bir prosesdə arxasını döndüyü şəxslər aradan götürdü”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Amerikanın səsi” radiosunun “Sərbəst Kürsü” canlı forumunun qonağının olub. Elşad Abdullayev “Sərbəst Kürsü” də verilən sualları cavablandırarkən bildirib ki, növbəti videoların yayılması həm də Müstəqil Istintaq Komissiyasının fəaliyyətindən asılıdır.
“Əgər istintaq düzgün, qərəzsiz, qanuni və şəffaf şəkildə gedərsə bu onu göstərəcək ki, dövlət həqiqətən də bu cinayət işinin açılmasında maraqlıdı. Lakin Azərbaycan reallığı tam başqadı və 9 ildi biz bu reallıqda öz mübarizəmizi aparırıq. Mənim üçün qardaşımın tapılması və onu oğurlayanların, bu cinayəti törədənlərin, həmçinin bu cinayətinin sifarişçilərinin cəzalandırılması vacibdir”.
Sabiq rektor deyib ki, onda 400-dən artıq video var: “400-dən çox videodu və bu videoların hamısını birdən vermək mümkün deyil, həmçinin fiziki olaraq qısa zamanda hamısına baxıb təhlil etmək də çox çətindi. Biz çalışırıq ki, videoları doğru zamanda və proseslərin gedişinə uyğun olaraq yayınlayaq. Bu günə qədər yayılan videoların bəziləri videodakı şəxslərin müstəqil istintaq komissiyasına verdikləri yanlış ifadələrə görə, başqa dillə desək video görüntülərdəki öz danışıqlarını təkzib etmələrinə görə olmuşdur.
Xatırladım ki, bütün videolar müstəqil istintaq komissiyasına, baş prokurorluğa verilib, həmçinin Avropa Insan Haqqları məhkəməsinə təqdim olunub”.
Elşad Abdullayev əlavə edib ki, açıqladığı faktlara rəğmən qardaşının oğurlanmasınada adı keçən şəxslərin istintaqa cəlb edilməməsi Azərbaycanın hüquqi böhran vəziyyətində olduğunu göstərir: “Həm də bu ona sübutdur ki, ölüm eskadronunun üzvləri sehrli əl vasitəsiylə toxunulmazlıq hüququ əldə edirlər və adları hallanan heç bir cinayət işinə cəlb edilmirlər”.
Sabiq rektor Sevinc Babayevanın ölümü ilə bağlı isə bunları deyib: “Sevinc Babayevanın öldürülməsinin əsas məqsədi əhəmiyyətli bir şahidin aradan götürülməsidir və bir cinayətin üstünü örtmə cəhdləri kimi dəyərləndirmək lazımdır. Sevinc Babayeva günahsız olduğu bir prosesdə arxasını döndüyü və arxayın olduğu şəxslər tərəfindən aradan götürülmüşdür. Sevinc Babayevanın oğlu Ayxanın dedikləri həqiqətdir və onun verdiyi ifadələr ciddi şəkildə araşdırılmalıdır”.