Türkiyə podratçı şirkətlərinin Azərbaycandakı gəlirləri üç dəfə artıb

Türkiyə Podratçılar Birliyi ötən il xarici ölkələrdə çalışan podratçı şirkətlərin fəaliyyətinə dair hesabatını açıqlayıb. Açıqlanan bilgilərdən bəlli olur ki, Türkiyənin sözügedən şirkətləri 2022-ci ildə dünyanın müxtəlif ölkələrində toplam 17.8 milyard dollarlıq tikinti layihələri icra edib. Bu, 2021-ci illə müqayisədə təxminən iki dəfə az olsa da, nəzərə almaq lazımdır ki, 2020-ci ildə pandemiya üzündən bir çox işlər dayandırılmış, 2021-ci ildə icra edilmişdi. Həmin il nəticələrin yüksək olması məhz bununla bağlı idi. Ötən il qeydə alınan göstərici pandemiyadan öncəki rəqəmlərə yaxındır.

2022-ci ildə də Türkiyə şirkətləri ənənəni pozmayıb və ən çox Rusiyada toplam dəyəri 2 milyard 15 milyon dollarlıq layihələr gerçəkləşdirib. 2021-ci ildə Türkiyə şirkətlərinin Rusiyada gördüyü işlərin dəyəri 11 milyard dollar, 2020-ci ildə 4.6 milyard dollar, 2019-cu ildə 5.8 milyard dollar olub. Bu baxımdan, aydın olur ki, ötən il Rusiya iqtisadiyyatının yaşadığı problemlər Türkiyə şirkətlərinə təsirsiz ötüşməyib və investisiya layihələrinə ayrılan vəsaitlərdə azalma baş verib.

Azadlıq radiosu