Heydərizmin ən bağışlanmaz suçu

Son günlər məktəblərdən gələn dəhşətli xəbərlər ordudan gələn acı xəbərlərin önünə keçib. Az qala, hər gün hansısa məktəbdə müəllimin şagirdi döydüyünə dair məlumat oxuyuruq.
Bir ara nəqliyyat müfəttişlərinin taksi sürücülərini döydüyü barədə xəbərlər “dəb” idi. Elə indi də o xəbərlərlə tez-tez qarşılaşırıq.
Ölkənin mənzərəsi budur: hər kəs hər kəsi döyür. Hər kəs hər kəsin qanına susayıb.
Gücsüzün yumruğunun, təpiyinin, şilləsinin güclüdən əskik olmadığı günlərə gəlib çıxdıq.
Zabit əsgəri.
Nəqliyyat müfəttişi sürücünü.
Müəllim şagirdi.
Polis piketçini.
Icra başçısı qəbuluna gələn vətəndaşı.
Neft Şirkətinin qoçuları “qanunsuz” elan edilən evlərin sahiblərini.
Belə olacağı başından bəri aydın deyildimi? Zorun, zorakılığın dövlət siyasətinə çevrildiyi bir ölkədə bunların olması təbii, məntiqəuyğun deyilmi?
Düşüncə, fikir toqquşmalarının yasaq edildiyi…
Zəkaların deyil, zopaların danışdığı…
Hüququn üstünlüyünə zərrəcə etibarın, güvənin qalmadığı…
Toplumun qol gücünə idarə olunduğu…
Haqlının deyil, güclünün söz sahibinə çevrildiyi bir ölkədə hər yerdən şillə, təpik, yumruq xəbərlərinin gəlməsinə necə təəccüblənmək olar ki?
Bir müxalifət liderini daşa basmağı mərifət sananların ölkəsində siz başqa nə gözləyirsiniz ki?
Bu ölkədə akademik öldürülür, jurnalist öldürülür, yazıçı öldürülür, general öldürülür və o qətllərin hamısının üstünə qalın bir sirr pərdəsi çəkilirsə…
Bu günədək bir jurnalistə qarşı zorakılığın da üstü açılmayıb, hamısı malalanıb, hamısı görməzdən gəlinibsə, siz gah əsgərin, gah taksi sürücüsünün, gah şagirdin döyüldüyünə dair videoların bir-birini əvəzləməsində qeyri-adi, görünməmiş nə axtarırsınız?
Biz bu rejimin Azərbaycana vurduğu yaraların hamısını sağalda bilərik. Oğurlanan pulların yerini doldura bilərik.
Korrupsiya saçan körpülərin daha yaxşısını tikə, açılışından bir həftə, on gün sonra çökən yolların yüz qat, min qat yaxşısını çəkə bilərik.
Amma toplumun şüuruna, mənəviyyatına vurulan zərbələri necə sağaltmaq mümkün olacaqmı? O yaraları sağaltmaq üçün bizə nə qədər zaman olacaq?
Bu ölkəyə demokratiya gələcək, gəlməsinə.
Bu ölkəyə hüququ, azadlığı gətirəcəyik – bir gün gec, bir gün tez.
Amma əsl məsələ ondan sonra başlayacaq. Heydərizmin yox etdiyi, silib atdığı mənəvi dəyərləri, insani duyğuları geri gətirmək daha böyük zaman, daha çox fədakarlıq, daha ağır zəhmət tələb edəcək.
Hər kəsin bir-biri ilə sevgi dilində danışdığı…
Aldatmağı, oğurlamağı, yalanı, yaltaqlığı insanların içinə sindirmədiyi, özünə rəva görmədiyi bir ölkəni qurmaq Azərbaycanı azadlığa, aydınlığa qovuşdurmaqdan qat-qat çətin olacaq.
Bunların bu ölkəyə etdikləri pisliklərin ən pisi də budur.
Heydərizmi ilk növbədə məhz buna görə bağışlamaq olmaz! Məhz buna görə!
Ünsürnamə
Bilirsiniz, Ilham Əliyev bizi yenə “ünsür” adlandırdı. Belə baxanda, şəxsən mənim heç bir etirazım yoxdur.
Onun və hər hansı başqa yaptokratın gözünə ünsür kimi göründüyüm üçün hətta özümü bir az xoşbəxt də hiss edirəm. Önəmli olan dünyada “Ilin korrupsioneri”, “mətbuat yırtıcısı”-zad elan olunmamaqdı.
Gerisi təfərrüatdır.
Üzülmək üçün 2 səbəb
Bu rejim:
Bir: Azər Həsrət heç olmasa, bircə dəfə deputat mandatı almadan…
Iki: “Facebook”da “Ağzımı açdırmayın” janrında bir statusu da Zahid Oruc yazmaq məcburiyyətində qalmadan dağılsa, çox, amma çox üzülərdim.
Simvolik bir ölüm
Dünən xəbər lentlərində bir ölüm xəbəri vardı.
Sumqayıtda xəstəxananın həyətindən meyit tapılmasından bəhs olunurdu.
Səhiyyənin sağaltmadığı, yanlış diaqnozların başını alıb getdiyi…
Həkimin xəstədən əvvəl onun cibinə baxmaq məcburiyyətində buraxıldığı bir ölkədə mənə çox anlamlı, simvolik göründü bu ölüm xəbəri.