Məşhur hüquq-müdafiə təşkilatı olan “Freedom House”un hər hesabatı Azərbaycan hakimiyyəti tərəfindən top-tüfənglə qarşılanır, həmin hesabatlarda ölkəmizin tutduğu yerə etiraz edilir. “Freedom House” isə bir qayda olaraq qərəzli, ermənipərəst adlandırılır. Yenə də belədir. Guya müstəqil olan bir çox şəxslər isə hakimiyyətin əsassız narazılığına dəlil verməyə çalışırlar. Dəlilləri isə bundan ibarətdir: düzdür, Azərbaycanda problemlər var, amma hər halda ölkəmiz Türkmənistanla yanaşı qoyula bilməz və bu da hesabatın qərəzli olduğunu sübut edir.
Məsələn, bu fikri bizə tez-tez deyirlər: “Sizlər qəzetinizdə hakimiyyəti çox sərt şəkildə tənqid edə bilirsiniz, bu isə Türkmənistandan fərqli olmaq deyilmi?!”
Mən isə obyektivlik naminə ölkəmizdəki kiçik tənqid və azadlıq adalarının üzləşdiyi fiziki, maddi və mənəvi təzyiqləri kənara qoyuram, yəni bu halda da həmin tənqidlərin və kiçik azadlıq yuvalarının olduğunu qəbul edirəm. Amma bunun arxasınca dərhal soruşuram: bu tənqidlər və xırda azadlıq adalarının mövcudluğu ölkəmizi Türkmənistandan fərqli olmaq qədər dəyişirmi?
Məsələn, Türkmənistandan fərqli olaraq, bizdə müstəqil və ədalətli məhkəmə sisteminin varlığı təmin edilibmi?
Işgəncələrin, haqsız həbslərin, insan haqları pozulmalarının qabağı alınıbmı?
Fərqli fikrin qorunması təmin edilirmi?
Azad mətbuatın və jurnalistlərin qorxusuz və əngəlsiz fəaliyyəti mümkündürmü?
Türkmənistandan fərqli olaraq, bizdə korrupsiyanın kökü kəsilibmi?
Ayrı-seçkilik, tərəfkeşlik, traybalizm aradan qalxıbmı?
Nəhayət, Türkmənistandan fərqli olaraq, ölkəmizdə demokratik seçki keçirilirmi? Hakimiyyətin xalqın rəyi ilə dəyişdirilməsi imkanı varmı?
Nədir bizim Türkmənistandan fərqimiz?
…Axı əksər sahələrdə vəziyyət Türkmənistanda necədir, bizdə də eynidir, azacıq fərqlərimiz isə hələ bu ölkədən azadlıq göstəricisinə görə öndə olduğumuza dəlalət etmir. Prinsipial göstəricilər eynidir. Məsələn, azadlıqların mövcud olmasının ən başlıca göstəricisi hakimiyyətin xalqın səsi ilə dəyişdirilməsinin mümkünlüyüdür, bu isə Türkmənistanda da, ilk baxışdan ondan xeyli dərəcədə cəzbedici görünən Azərbaycanda da eynidir. Bizdə həlledici olmayan, yaxud həlledici dərəcədə olmayan bəzi müsbət məqamlar var, amma elə mənfi məqamlar da var ki, onlar da Türkmənistanda yoxdur. Məsələn, hakimiyyətin atadan oğula ötürülməsi. Yaxud məmur özbaşınalığının səviyyəsi, həmçinin oliqarxiyanın şaxələnməsi. Fərqlər var, amma prinsip etibarı ilə, azadlıqların səviyyəsinə görə eyni ölkələrik.
Ona görə də, bizi Türkmənistanla eyni yerə qoymağı qərəz sayanlar kimsəni çaşdırmağa çalışmasın. Kiməsə bu məsələ hələ də aydın deyilsə, həmin hesabatda Afrika Seneqalının niyə bu il qeyri-azad ölkədən azad ölkə kateqoriyasına irəliləməsinin səbəbini öyrənsin. Bu məqam mənim özümə də xeyli təəccüblü gəlmişdi. Seneqal qaradərili bir Afrika ölkəsidir, əhalisi də müsəlmanlardır. Afrika Seneqalı niyə birdən-birə azad ölkə sayıldı? “Freedom House” doğrudanmı obyektivdir bu məsələdə?
Son dünya çempionatlarının birində futbol yığmasının uğuru ilə yaddaşlarımızda qalan bu ölkə haqqında az şey bildiyimdən, sosial şəbəkələrdə oradan olan insanlara bu haqda sual yolladım. Bildirdim ki, jurnalistəm, Seneqalın “Freedom House”un hesabatında bu il azad ölkə sayılması bizim ölkədə maraqla qarşılanıb. Biz bu sıçrayışlı uğurun səbəbini elə seneqallıların özündən öyrənmək istəyirik. Bir neçə cavab aldım, bəziləri mənim onları doladığımı sanıb, təbəssüm işarəsi yollamışdı. Bəziləri ölkəsini tərifləmişdi. Amma Dakardan olan Fatu adlı bir tələbə çox aydın bir məktub yolladı:
– Azərbaycandan olan qardaş və bacılara salam olsun! Bizim uğurumuz doğrudan da danılmazdır. Çünki 25 mart 2012-ci ildə prezident seçkiləri keçirildi və həmin dövrdə ölkəmizin prezidenti olan Abdullah Vad məğlub olduğunu etiraf etdi. Ona müxalif olan namizəd yeni prezident seçildi. Baxmayaraq ki, konstitusiyamız Abullah Vada 3-cü müddətə prezident olmağa icazə verirdi. Çünki onun birinci prezidentliyi iki dəfədən artıq prezident olmağı qadağan edən konstitusiya dəyişikliyindən öncəyə düşmüşdü. Yəni, iki dəfədən artıq prezident olmağı qadağan edən 2007-ci il konstitusiya dəyişikliyi və son seçkilər xalqın azad səsini ifadə edirdi. Buna görə də biz indi azad və xoşbəxtik. Ölkəmizlə maraqlandığınız üçün sizlərə təşəkkür edirik.
…Gördünüzmü o ölkədə nə baş verib? Hətta biz iki dəfədən artıq prezident olmamaq limitini ləğv edəndə, onlar belə limit qəbul ediblər. Odur ki, “Freedom House”u qınayanlar bu məktubu oxuyub yaxşı-yaxşı düşünsünlər, biz xalqın rəyi ilə prezidentin dəyişdiyi, iki dəfədən artıq prezident olmağın qadağan edildiyi Seneqalla azad ölkələr sırasına keçməli idik, yoxsa həmin limiti ləğv edən və əbədi prezidentlik havasının hakim olduğu ölkə kimi Türkmənistanın yanında yer almalı idik?

Seneqaldan Azərbaycana məktub var
•