Alı Qocayevlə İlham Pirməmmədov sabiq rektorun son açıqlamalarına aydınlıq gətirməlidir
Binəqədin sabiq icra başçısı, hazırda Samux rayonuna rəhbərlik edən Alı Qocayev və Təhsil Nazirliyinin aparat rəhbəri Ilham Pirməmmədov Elşad Abdullayevin işilə bağlı istintaqa çağırılacaq. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, adıçəkilən şəxslərin istintaqa çağırılması zərurəti Elşad Abdullayevin son açıqlamalarından sonra yaranıb.
Xatırladaq ki, sabiq rektor son açıqlamalarında bildirmişdi ki, deputat seçilmək üçün ondan alınan pulunu geri tələb edəndə Alı Qocayev ona zəng edib. Icra başçısı Elşad Abdullayevə bildirib ki, pulu o qaytaracaq. Sabiq rektor Alı Qocayevlə görüşüb. Icra başçısı ona çemodanı verdikdən sonra dərhal maşına oturub. Özü ilə gətirdiyi idmançılar isə Elşad Abdullayevə hücum edərək çemodanı onun əlindən almaq istəyiblər. Lakin sabiq rektor əvvəlcədən tədbirli tərpənib. Alı Qocayevlə görüşə gələndə o da özü ilə idmançı gətirib. Bu baxımdan Alı Qocayevin planı baş tutmayıb. Bununla belə sonradan bəlli olub ki, çemodankı pul yox, kağız parçalarıdır. Elşad Abdullayev dərhal Ramiz Mehdiyevin “Qurd qapısı” restoranının sahibi olan qardaşı Mais Mehdiyevlə əlaqə saxlayaraq bu oyunlara son qoyulmasını tələb edib. Bundan sonra Elşad Abdullayev Ilham Pirməmmmədovun yanına göndərilib. Aparat rəhbəri pulun yarısını sabiq rektora verib.
Mənbə bildirib ki, yaxın günlərdə Alı Qocayevlə Ilham Pirməmmədov Elşad Abdullayevin danışdıqlarına aydınlıq gətirmək üçün istintaqa çağırılacaq. Mənbə əlavə edib ki, hər iki məmur çox narahatdır.
Məlumat üçün deyək ki, Alı Qocayev Milli Məclisin spikeri Oqtay Əsədovun qudasıdır. Ilham Pirməmmədov isə Yasamalın prokuroru Həsrət Pirməmmədovun qardaşıdır.


