Fuad Qəhrəmanlı prezident seçkisilə bağlı sorğunun nəticələrini dəyərləndirdi
“Mediaforum” saytının “Prezident seçkisində hansı müxalifət partiyasının namizədinə dəstək verərdiniz?” sualı ilə keçirdiyi internet sorğusunda AXCP birinci yerə çıxıb. Siyahıda dövlət qeydiyyatından keçmiş müxalif partiyalardan 15-nin adı yer alıb. Adı siyahıda olmayan partiyaya dəstək vermək fikri olan oxucular sorğunun “Başqa partiya” bölümü üzrə səs verib.
2503 səsdən 853-nü (34.08 faiz) qazanan AXCP-dən sonra ikinci yerə Ümid partiyası 788 səslə (31.48 faiz) sahib olub. Sonrakı sıralarda 283 səslə (11.31 faiz) Vvətəndaş və Inkişaf Partiyası və 254 səslə (10,15 faiz) Müsavat Partiyası qərarlaşıb. Başqa partiyalara verilən səs faizləri xeyli aşağı olub – 1-4 faiz arası.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, AXCP və onun lideri Əli Kərimli təkcə “mediaforum”da deyil, bir sıra başqa internet saytlarında da birinci yerə çıxıb: “Bu, AXCP və onun lideri Əli Kərimliyə cəmiyyətin verdiyi qiymətdir. Çünki cəmiyyət xüsusilə seçki ərəfəsində ölkədə dəyişikliklərin olmasını, müxalifətin daha geniş birliyinin yaranmasını istəyir. Bu birliyin yaranmasını istəyən, bunu ifadə edən isə AXCP və onun sədri Əli Kərimlidir. Eyni zamanda iddiasını ortaya qoymadan demokratik seçki mühitinin yaradılması istiqamətində ardıcıl və prinsipial mövqe sərgiləyən də AXCP-dir”.
Fuad Qəhrəmanlı deyir ki, AXCP və onun sədri üçün hansısa şəxsi iddialar deyil, ümumi maraqlardır, cəmiyyəti narahat edən məsələlər daha önəmlidir: AXCP-nin eyni zamanda proseslərin bütün ağırlığını öz üzərinə götürmüş təşkilat olduğunu deyən sədr müavininin sözlərinə görə, bütün aksiyalarda bu partiya öndədir: “Daha çox cəbhəçilər həbs olunur, çünki daha çox öndə olurlar. Proseslərin istər meydan, istərsə də intellektual mübarizəsində öndə gedənlər cəbhəçilərdir, Əli Kərimlinin komandasıdır. Təbii ki, bu da cəmiyyət tərəfindən müsbət qəbul olunur. Əli Kərimlinin rejimə qarşı daha prinsipial, daha kəskin mövqe tutması, müxalifətin əsas düşüncələrini doğru-düzgün ifadə etməsi, lazımi məqamlarda rasional qərarlar qəbul etmək imkanına malik olması cəmiyyətdə o fikri yaradıb ki, ölkədə dəyişikliklər AXCP və onun olduğu birlik modeli ilə mümkündür. Bu da sorğular da öz əksini tapır”.
Ramin DEKO


