Ərdoğan NATO məsələsində Finlandiyaya razılıq, İsveçə ümid verir

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan martın 17-də deyib ki, onun hökuməti Finlandiyanın NATO üzvlüyü üçün müraciətini təsdiqləməyə hazırlaşır.

Associated Press agentliyi yazır ki, beləliklə də Türkiyə İsveçdən əvvəl Finlandiyanın şimal alyansına qoşulmasına yol açmış olur.

İsveç və Finlandiyanın NATO üzvlüyünə dair sənədləri indiyədək NATO üzvü olan iki ölkə – Türkiyə və Macarıstan ratifikasiya etməyiblər. NATO-ya hər hansı bir ölkənin üzv olması üçün onun 30 üzvünün hamısının razılığı olmalıdır.

Türkiyə İsveç və Finlandiyanı Ankaranın terrorçu hesab etdiyi şəxslərə sığınacaq verməkdə və himayə etməkdə günahlandırırdı.

Lakin Ərdoğan işarə edib ki, Finlandiya İsveçdən fərqli olaraq onun tələblərinə daha tez və hərtərəfli reaksiya verib.

Ərdoğan martın 17-də Finlandiyanın prezidenti Sauli Niinisto ilə görüşündən sonra deyib:

“Üçtərəfli memorandumun icrasına gəlincə isə biz görürük ki, Finlandiya səmimi və konkret addımlar atıb”.

Ərdoğanın bu xeyir-duasından sonra Finlandiyanın NATO üzvlüyünə müraciət sənədlərinin Türkiyə parlamentinə göndəriləcəyi gözlənilir.

Azadlıq radiosu