“Danışsam, Elşad Abdullayevin videolarından az maraqlı olmayacaq”
Ziyalılardan YAP-ın qəzetinə sərt cavab
Hakimiyyət təmsilçilərinin, həmçinin iqtidara yaxınlığı ilə seçilən nəşrlərin Ziyalılar Forumuna, orada təmsil olunan şəxslərə qarşı hücumları bitmək bilmir. “Yeni Azərbaycan” qəzeti son məqaləsində qurumda təmsil olunan şəxslərin davranışlarının öz qaranlıq əməllərini ört-basdır etmək üçün hökumətə ittihamlar yönəltmək məqsədi daşıdığını yazır. Ənənəvi olaraq Rüstəm Ibrahimbəyovu hədəfə alan qəzet eyni zamanda Ziyalılar Forumunun digər üzvü Gültəkin Hacıbəylinin fəaliyyətini şəxsi biznesindəki çətinliklərlə izah etməyə çalışır.
“Yeni Azərbaycan”ın ittihamlarınacavab olaraq Gültəkin Hacıbəyli “Azadlıq” qəzetinə bildirib ki, bir qayda olaraq iqtidar mətbuatındakı bu tip yazıları oxumur. “Belə yazıları oxumuram. Onları internetdə oxuyanların sayı 20-30, uzağı 50-100 nəfər olur. Bu da cəmiyyətin o yazılara münasibətidir. O yazıların müəllifləri yəqin ki, Ziyalılar Forumuna, o cümlədən mənim şəxsiyyətimə böyük dəyər verirlər. Mənim sözlərim, fikirlərim onlar üçün çox maraqlı olduğu üçün barəmdə yazırlar. Ancaq onların səsləndirdiyi fikirlər, mövqe mənə maraqlı, heç bir əhəmiyyəti olmadığından o məsələlərə münasibət bildirmirəm. Dil insanın mahiyyətini açmaq üçün bir vasitədir, təfəkkürün ifadə vasitəsidir. Buyursun, hər kəs öz dili ilə, öz yazısı ilə öz mahiyyətini ifadə etsin. Mənim ”Azadlıq”da bir müsahibəmi ən azı 18-20 min oxucu, o qəzetlərdə yazıları isə 50 adam oxuyur. Bu da cəmiyyətin orada yazılanlara münasibətinin göstəricisidir”, – deyə o, qeyd edib.
G.Hacıbəyli hesab edir ki, Azərbaycanda bəzi adamlar yalnız onların hər şeyə haqqının olduğunu düşünür. Elə fikirləşirlər ki, başqalarının heç nəyə sahib olmaq haqqı yoxdur: “Bəziləri Azərbaycana şəxsi əmlakı kimi baxmaq təfəkküründən uzaqlaşmalıdır. Yazını yazanlar sifarişçilərə müraciət edib öyrənsinlər ki, mən hansı insanların hansı təkidli tələblərinə qarşı çıxaraq kimlərin əleyhinə yazı yazmaqdan imtina etmişəm, kimlərin əleyhinə hazır yazıları imzalamaqdan imtina etmişəm və buna razı olanlar nə ilə mükafatlandırılıblar. Türkiyə ilə bağlı hansı məsələlərdə hansı prinsipial mövqe nümayiş etdirmişəm. O zaman mənim qohumlarımın biznesinə də heç bir problem yox idi. Goranboydakı insanlardan soruşsunlar, sadə vətəndaşların haqlarını, hüquqlarını qoruyan zaman onların haqlarını pozan şəxslərlə hansı ciddi konfliktlərim olub.
“Demək, mandat alverini etiraf edirlər”
Azərbaycan Konstitusiyasının 29-cu maddəsi hər kəsin mülkiyyət hüququ olduğunu təsbit edir. Mənim qohumlarımın da Azərbaycanın başqa vətəndaşları kimi mülkiyyət hüququ var. Və mənim qohumlarımın da yeganə gəlir mənbəyi olan əmlak Zülfüqarlı qardaşlarının zavodları, digər sahibkarların əmlakı kimi qəsb edilib. Bu zaman yaxınlarıma qarşıda, elə yuxarıda adlarını sadaladığım sahibkarlara qarşı edilən və 37-ci ili xatırladan repressiya tədbirləri tətbiq ediblər. Bütün bunlar isə ona görə baş verib ki, 2009-ci ilin may ayında kiminsə kürəkəni Goranboya gəlib və həmin obyekti 10 gün müddətinə bağlatdırandan sonra mənim müdaxiləm nəticəsində geri çəkilməli olub! Mənim bunun qarşılığında susmağım zəifliyimdən yox, dəyər adamı olmağımdan irəli gəlib. Fikirləşmişəm ki, insanın əmlakı ola da bilər, olmaya da bilər. Ruzini verən Allahdır. Bu gün bir əmlakın əlindən alına bilər, sabah Böyük Allah qarşılığını on dəfə artıq verər. Mən belə xırda məsələyə görə kəsdiyim duz-çörəyi basan adam deyiləm. Susmağım da ilk növbədə özümə, öz keçmişimə və ölkə başçısına qoyduğum hörmətdən qaynaqlanıb. Əks halda, razılaşarsınız ki, bu təqiblərin sorağı, ən azı Avropa Şurasından gələrdi.
Yazırlar ki, mən deputat olmadığım üçün qisas alıram. Kimdən? Məgər deputatı xalq seçmir? Özü də mən, ümumiyyətlə, 2010-cu il parlament seçklərində namizədliyimi verməmişəm, seçkidə iştirak etməmişəm!
Demək, siz Elşad Abdullayevin mandat alveri ilə bağlı iddialarını qəbul edirsiniz! parlamentin xalqın iradəsi ilə yox, siyahı ilə formalaşdığını və mənim də əvvəldən hazırlanan bu siyahıya düşməməyimi etiraf edirsiniz!
Bu səmimiyyətinizə görə çox sağ olun deyirəm.
Yazırlar ki, vəzifə istəyirəm. Mən orta məktəbi Qızıl medalla, BDU-nu iki – Şərqşünaslıq və Hüquq fakültəsini Fərqlənmə diplomu ilə, aspiranturanı əla qiymətlərlə bitirmişəm (hamısı millət vəkili seçilməmişdən əvvəl olub).
Müdafiəm barədə yazmağı isə təvazökarlıqdan uzaq hesab edirəm. Elmi mühitdə bunu yaxşı bilirlər. Bir neçə xarici dildə sərbəst danışıram. Lap tutaq ki, mən vəzifə tutmaq istəyirəm, bu məgər, cinayətdir? Kimlərinsə, mərhum Heydər Əliyevin vəfatından sonra dərhal istedadı aşıb-daşa bilər, 35 ilin laborantı 3-4 ilin içində elmlər doktoru, professor, kafedra müdiri ola bilər, ancaq mən vəzifə sahibi ola bilmərəm? Hesab edirəm ki, istəməsəm belə, bu mənim haqqımdır. Lakin mən rəsmi surətdə bəyan edirəm: Mən heç bir vəzifə istəmirəm! Mən bu günün “intellektual” tələblərinə cavab vermədiyimin, bugünkü “işgüzar” mühitə uyğun gəlmədiyimin fərqindəyəm.
“Ən yaxın zamanlarda ciddi addımların şahidi olacağıq”
Mənim, ümumiyyətlə, belə bir arzum, istəyim və niyyətim yoxdur! Mən, təbiət etibarilə, məmur deyiləm, azad ruhlu insanam. Mənim qohumlarımın bir qanuni əmlaka sahib olması cinayət deyil, ancaq başqalarının zavodlarını, universitetini, karxanasını quldurcasına qəsb etmək cinayətdir! Iki milyona mandat satmaq cinayətdir! Vətəndaşı oğurlatdırıb qarşılığında pul tələb etmək cinayətdir! Vətəndaşların əmlakını ələ keçirmək məqsədilə onları polislə təhdid etmək, məhkəməyə təzyiq edib qanun adına təhqir olan qərarlar çıxartdırmaq ağır cinayətdir! Mənim, deputatlıq və ya vəzifə istəyim olsa belə, bu da Konstitusiyanın mənə verdiyi hüquqdur və qanunidir. Ancaq kiminsə, öz vəzifə səlahiyyətlərindən istifadə edərək öz qohumlarını, hətta, erməni millətindən olan savadsız qohumlarını vəzifələrə təyin etdirməsi, deputat seçdirməsi, nəinki qanuni deyil, artıq cinayətdir. Mən, mənə ünvanlanan bütün suallara cavab verdim. Düzdür, yenə də öz keçmişimə və cənab prezidentə hörmət qoyaraq, ən yumşaq tərzdə. Indi növbə qarşı tərəfindir.
Mənim ailəmin yeganə gəlir mənbəyinə bu qədər diqqət və qayğı göstərənlər, buyursunlar, öz biznes imperiyaları, gəlir mənbələri haqqında danışsınlar. Ailə üzvlərini necə “alim” etmələrindən, onlara xidmət müqabilində kimləri nə ilə mükafatlandırdıqlarından məlumat versinlər. Onlara yaxın olan şəxslərin yüzlərlə villasından, obyektindən və s. yazsınlar. Bir daş karxanası haqqında yazmağa nə var ki! Istəsələr, yaddaşlarını təzələməkdə onlara hərtərəfli köməklik göstərməyə hazıram. Sonda, istəmədiyim halda, mənə bütün bunları söyləmək fürsəti yaratdıqları üçün o şəxslərə bir daha dərin minnətdarlığımı bildirirəm. Hələlik, nöqtə qoyuram və Elşad Abdullayevin videolarından heç də az maraqlı olmayan təfərrüatları yazmıram. Ümid edirəm ki, yazmağa ehtiyac qalmayacaq”.
G.Hacıbəylinin sözlərinə görə, XXI əsrdə insanları qul gözündə görmək yanlış yanaşmadır. “Bu ölkə hamımızındır və bu ölkəyə hamımızın haqqı var. Əminəm ki, ən yaxın zamanda bu adamlar öz cəzalarını alacaqlar. Elşad Abdullayevin videolarında da söhbətin kimlərdən getdiyi məlum olur. Ən yaxın zamanlarda biz ciddi addımların şahidi olacağıq”.
“Bu naqislikdən əl çəksinlər”
İqtidar qəzetlərinin, o cümlədən “Yeni Azərbaycan”ın ümumən Ziyalılar Forumu əleyhinə yazdıqlarına qurumun başqa bir üzvü, yazıçı Əkrəm Əylislinin mövqeyini də öyrəndik. Hakimiyyətə yaxın mətbuatın köhnə üslubda yazdığını deyən yazıçı bu qəzetlərin “çevir tatı” – şər atma kampaniyasından əl çəkə bilmədiyini bildirdi. Lakin o bu kimi qarayaxmalarla cəmiyyəti inandırmağın mümkün olmadığını da qeyd etdi: “Azərbaycanda bu sözlərə inanan auditoriyanı görmürəm. Bu köhnə qaydada, sovet hakimiyyətinin ideoloji cəhətdən quduzlaşan dövrünə məxsus fikirlərdir. Bu şəkildə kiməsə qarşı hücuma keçməyin mənası yoxdur”.
Ə.Əylisli bu yazıların müəlliflərinin də öz yazdıqlarına inanmadığını deyir: “Belə yazını təmənna güdmədən yazmaq olmaz. Ancaq təmənna güdənlər sabahlarını düşünsünlər. Uşaqları bunlara görə xəcalət çəkəcəklər. Bu yazılar onların özlərinə qarşı əks münasibət yaradır. Cəmiyyət buna qəbul etmir. Cəmiyyətin həzm edə bilmədiyi, inanmadığı üslubda yazmaq tamamilə mənasızdır. Bu naqislikdən əl çəksinlər. Onsuz da heç kimi inandıra bilməyəcəklər”.
Fizzə