İran vaxt udmaq istəyir

Qərb Xamneyinin fətvasına inanmayacaq

Elxan Şahinoğlu: «Sözlə əməli üst-üstə düşməsə, Iranı böyük dəyişikliklər gözləyir»

Iranın dini lideri ölkədə nüvə silahını düzəltməsinə fətva verib. Xamneyinin bu fətvası Iran hökumətini bu fərmanı icra etməyə məcbur edir. Xatırladaq ki, ötən il də Iranın dini lideri nüvə silahı düzəltməyin günah, faydasız və təhlükəli olduğunu bildirmişdi. Bəs Qərb Iranın ali dini liderinin bu fətvasını nəzərə alacaqmı?
Bir məqamı da qeyd etmək lazımdır ki, bir çox ekspertlər Iran problemi həll olunandan sonra Qərbin regionda demokratikləşmə prosesinə daha çox diqqət yetirəcəyini deyir. Xamneyinin fətvası nəzərə alınsa, regionda proseslər hansı istiqamətdə cərayan edəcək?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Xamneyinin fətvasının nəzərə alınmayacağını deyir. Çünki Iran prezidenti də dəfələrlə nüvə silahını əldə etməyin haram olduğunu bildirib. Amma heç kim bu açıqlamalara inanmır. O cümlədən də dini liderin belə bir fətvasına heç kim inanmayacaq: “Indi fətva verir. Bir müddətdən sonra deyə bilərlər ki, zərurət yarandı, Irana düşmən dövlətin nüvə silahı olduğundan biz də məcbur olduq yaratdıq. Onda beynəlxalq birlik fakt qarşısında qalacaq. Ona görə inanmıram beynəlxalq aləm bu fətvalara inansın”.
Ekspertin fikrincə, Iran hakimiyyəti bu tip açıqlamalarla vaxt udmağa çalışır. Çünki nüvə silahının hazırlanması istiqamətində sürətlə iş gedir, artıq konkret faktlar da var. Belə problemi fətvalarla yoluna qoymaq mümkün olmayacaq.
Iran hakimiyyətinin prezident seçkiləri ilə bağlı narahatlıq keçirdiyini deyən ekspert Islam Keşikçiləri Korpusu rəhbərinin bu günlərdə verdiyi açıqlamanı da xatırlatdı: “Belə bir açıqlama vermişdi ki, Qərb Iranda qarşıdurma yaratmaq istəyir, biz buna hazır olmalıyıq. Əslində Iranın narahatlığı prezident seçkisi ilə bağlıdır. Çünki bütün diqqətlər Irana yönələcək. Əhmədinejad üçüncü dəfə namizədliyini verə bilməyəcək. Ona görə çox ciddi rəqabət gözlənilir. Üstəlik, Iranda iqtisadi vəziyyət ağırdı.
E.Şahinoğlunun sözlərinə görə, Suriyadan sonra demokratik dəyişikliklər növbəsinin Irana çatacağı ehtimalı artır. Bu arada Iranda yaşayan azərbaycanlıların haqları uğrunda mübarizəsi güclənir. Bütün bunlar Iran hakimiyyətini ciddi şəkildə narahat edir. Ona görə də belə qabaqlayıcı açıqlamalarla təzyiqlərin qarşısını almağa çalışırlar. Ancaq sözlə əməli üst-üstə düşməsə, Iranı böyük dəyişikliklər gözləyir.

Fizzə