Bəşər Əsəd başını itirib

Vəfa Quluzadə: «Əsədin vəziyyətində olan adamın məntiqini başa düşmək çətindir»

Bir neçə gün əvvəl Israil mətbuatı Suriya prezidenti Bəşər Əsədin generalları ilə müzakirə etdiyi gizli danışıqlar barədə məlumat yayıb və Əsədin vəsiyyətini açıqladığı yazıb. “Inyan Merkazi” saytının yazdığına görə, Əsəd öləcəyi təqdirdə, vurulacaq 2 ölkənin adını açıqlayıb – “məni müxalifətin bombaları və ya Müammər Qəzzafi kimi hansısa axmaq öldürərsə, onda Israil və Misiri vurun”.
O həmçinin Israil və Amerikanın obyektlərini vurmağı da tapşırıb.
Suriya prezidentinin ABŞ və Israilə münasibəti bəllidir. Bu iki ölkəni hədəfə almaq istəyi də anlaşılandır. Əsədin Misiri hədəfə alması nə ilə izah oluna bilər?
Politoloq Vəfa Quluzadə hesab edir ki, Əsədin vəziyyətində olan adamın məntiqini başa düşmək çətindir. Bəşər Əsədin durumu göstərir ki, bu adam artıq psixiki baxımdan özündə deyil. Misirin mövqeyi Bəşər Əsədə olduqca mənfidir. Görünür, Misir prezidenti Məhəmməd Mursi hakimiyyətə gələndə Suriya xalqına simpatiya bəslədiyini və onlara kömək etmək istədiyini deməsi Əsədi narahat edib: “Onu Qəzzafi kimi öldürsələr, kim Misirlə Israilə atəş açmağa əmr verəcək. Onun bütün komandası dağılacaq. Ətrafında toplaşanların çoxları qaçıb, dağılıb. Bir tərəfdən də Rusiya Suriyaya kömək edir. Ona görə Bəşər Əsəd bu dəqiqə çox gərgin vəziyyətdədir”.
Artıq Bəşər Əsədin ətrafında mühasirənin daraldığını, ölkənin bütün böyük şəhərlərində xalq onun əleyhinə döyüşdüyünü deyən ekspert Suriya prezidentində ruhi xəstəlik əlamətlərinin göründüyünü qeyd edir: “Nəyə görə indi vurmur,  öləndən sonra kimsə Misirlə Israili vurmalıdır. Düşünmürmü ki, Israil cavab atəşi ilə Dəməşqi, başqa yerləri dağıdar. Hesab edirəm Bəşər Əsəd ağır vəziyyətdədir”.

Fizzə