Miqrantlara iş təklifi: cəbhədə cəsəd yığmaq, səngər qazmaq…

Urmat bir Rusiya şirkəti ilə müqavilə bağlayıb. O günə 120 dollar qarşılığında Ukraynada cəbhə xəttində ölən Rusiya əsgərlərinin cəsədlərini toplamalıdır.

Soyadının çəkilməsini istəməyən qırğızıstanlı mühacir bu işlə bağlı üzləşəcəyi risklərdən xəbərdar olduğunu deyir. O bu mövzunu Ukraynada müharibə zonasında işləyən qırğız miqrantlarla da müzakirə edib.

“Mənə dedilər ki, bəzən onlar atışmaya düşüb ölürlər. İnsanlar bu cür işə çarəsiz durumda olduqları, bəziləri borcları üzündən razılıq verir”, – Urmat AzadlıqRadiosunun qırğız xidmətinə müsahibəsində bildirir.

Hökumətlər öz vətəndaşlarına Ukraynaya getməmək xəbərdarlığı etsə də, yüzlərlə ortaasiyalı miqrant Moskvanın işğal etdiyi Ukrayna ərazilərində çalışmaq üçün Rusiya şirkətləri tərəfindən işə götürülüb. Kiyev də bu cür işçilərin Rusiya işğalçılarının havadarları kimi görüləcəyini bəyan edib.

Tikinti işləri, səngər qazmaq, cəsəd toplamaq

Miqrantların əksəriyyəti Mariupol kimi dağıdılmış şəhərlərdə tikinti işlərində çalışır. Səngər qazmaq və cəsədləri toplamaq işlərini görənlər də var.

Orta Asiyadan olan bir neçə miqrant qadın deyir ki, onlara Rusiyanın işğal etdiyi şərqi Ukraynada hərbi hospital, bufet və zavod kimi yerlərdə işlər təklif edilib.

Pul miqrantların əsas motivasiya mənbəyidir.

Məsələn, Ukraynanın Rusiyanın işğalı altında olan ərazilərində tikinti işləri üçün ayda 2 min – 3 min dollar maaş təklif olunur. Bu, işçilərin Rusiyada qazana biləcəyindən xeyli çoxdur.

Miqrant işçilərin maaşları Rusiyanın regionlarına görə dəyişsə də, martın 7-də bir neçə miqrant aylıq məvaciblərinin 600-1200 dollar arasında olduğunu deyib.

Azadlıq radiosu