Həbs edilən iş adamı və kürəkəni hər gün işgəncəyə məruz qalır, onların həyatı təhlükədədir
Məmməd Qurbanovun ailə üzvləri «Azadlıq»a nələri danışdı?
“Həyat yoldaşıma və kürəkənimə işgəncə verirlər. Onlardan istədikləri ifadəni almaq istəyirlər. Bir dəfə buna cəhd ediblər, lakin vəkil Xalid Bağırovun səyləri nəticəsində bu cəhdləri baş tutmayıb. Ona görə də daha amansız olublar”. Bu sözləri “Azadlıq”a Naxçıvanda həbs edilən iş adamı Məmməd Qurbanovun xanımı Fəridə Qurbanova deyib. Məlumat üçün deyək ki, Məmməd Qurbanov və kürəkəni Nadir Qurbanov dekabrın 8-də Sədərək Gömrük Məntəqəsində qəddarlıqla döyülüblər. Bundan sonra isə Cinayət Məcəlləsinin 315.1-ci və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddəsilə həbs ediliblər.
Dekabrın 12-də Sədərək rayon Məhkəməsi hər iki şəxs barəsində 2 aylıq həbs qərarı çıxarıb. Onlar hazırda Naxçıvandakı Böyükdüz təcridxanasında saxlanırlar. Işin istintaqı Sədərək rayon Prokurorluğu tərəfindən aparılır.
Həyat yoldaşımdan və kürəkənimdən qisas alırlar
Fəridə Qurbanova isə ittihamların qondarma olduğunu bildirib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respulikasının rəhbərliyi həyat yoldaşı və kürəkənindən qisas alır: “Məmməd həbsindən 6 gün əvvəl Ictimai Palataya üzv olmuşdu. Nadir isə 2010-cu ildə saxta seçkilərə etiraz edib. Onların həbsi sırf siyasi sifarişdir. Məmməd və Nadir heç bir hakimiyyət nümayəndəsinə zor tətbiq etməyib. Əksinə onları Sədərək Gömrük Məntəqəsində 40 nəfərə yaxın şəxs qəddarlıqla döyüb. Onlar təqsiri budur ki, tələb olunan rüşvəti verməyiblər. Məmməd Iqdırdan ərzaq malları gətirib Naxçıvanda satır bununla dolanırıq. Amma bunlar imkan vermirlər. Dekabrın 8-də Məmməd növbəti dəfə mal gətirəndə Sədərək gömrüyündə ondan külli miqdarda rüşvət istəyiblər. Məmməd deyib ki, bu qədər pulum yoxdur. Onların tələbinə etiraz edib və buna görə də onu və kürəkənimi döyüblər. Sonra da qondarma ittihamlarla həbs ediblər”.
Qızlarımı şantaj etmək istəyirlər
Fəridə Qurbanova əlavə edib ki, Məmməd Qurbanovla nəinki görüşə, hətta onlara yemək göndərməyə belə icazə vermirlər: “Məmmədə və Nadirə işgəncə verirlər. Naxçıvanın Daxili Işlər Nazirliyinin Cinayət Axtarış Idarəsinin rəisi Qulu Rüstəmov şəxsən onlara işgəncə verir. Deyir ki, bunu nazir Əhməd Əhmədovun göstərişilə edir. Bizə də ona görə görüşməyə imkan vermirlər ki, onlara işgəncə verildiyini bilməyək. Lakin vəkil Xalid Bağırovun vasitəsilə öyrənmişik ki, Məmmədlə Nadir demək olar ki, hər gün işgəncəyə məruz qalır”.
Iş adamının xanımı onlara da ciddi təzyiqlərin edildiyini bildirib: “Bizə təzyiq göstərir, qorxudur və deyirlər ki, Naxçıvandan çıxın gedin. Yoxsa nə yoldaşını, nə də kürəkənini azad edəcəyik. Onlara cəza verəcəyik. Bizi bu cür qorxudur və əlavə edirdilər ki, Bakıda da şikayətə getməyin, jurnalistlərlə görüşməyin, siz ancaq dövlət idarələrinə şikayət edə bilərsiniz. Məcbur qalıb Naxçıvanı tərk etmişik.
Mənim qızlarımı şantaj etmək istəyirlər ki, geri çəkilək, şikayətlər etməyək. Bir neçə gənc oğlan Naxçıvan MTN-ə çağrılıb və nazir Vəli Əsgərov tərəfindən onlara tapşırılıb ki, mənim qızlarımı yoldan çıxarsınlar. Bizə bu yolla namus terroru eləmək istəyirlər”.
MTN-dən adam göndərmişdilər bizi razılığa gətirsinlər
Məmməd Qurbanovun qızı, Nadir Məmmədovun xanımı Elnurə Məmmədova deyib ki, atası və yoldaşının həyatı təhlükədədir: “Onların başına hər iş gətirə bilərlər. Bu adamlardan nə desəniz gözləmək olar. Onlar Naxçıvanda girov saxlanılır. Ona görə də ciddi narahatıq. Baxmayaraq ki, Bakıya köçməyə məcbur olmuşuq, ailəmizin də həyatı təhlükədədir. Çünki Naxçıvanda bizi hədələyirdilər ki, jurnalistlərlə görüşməyin, heç yerə şikayət etməyin, yoxsa sizin üçün pis olar. Onlar Naxçıvanda bizi razılığa gətirmək istəyirdilər. MTN-dən bir nəfəri göndərmişdilər, o da deyirdi ki, şikayət etməyin, Məmməd Qurbanovu da, Nadir Məmmədovu da azad edəcəyik. Lakin biz bilirdik ki, yalan danışırlar. Bu cür şirin vədlərlə vaxt udmaq istəyirlər. Görəndə ki, bix razılaşmırıq, təzyiqlərə və iyrənc üsullara əl atdılar. Təsəvvür edin, mənə gizli nömrələrdən zəng edirdilər, tanış olmaq istəyirdilər. Biz bilirdik ki, bunlar hamısı Naxçıvan MTN-nin başçısı Vəli Əsgərovun işləridir”.
Elnurə Məmmədova əlavə edib ki, onlar susmaq niyyətində deyillər: “Biz müvafiq qurumlara müraciətlərimizi göndərmişik, bundan sonra da göndərəcəyik. Susmayacağıq. Həmçinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərə, beynəlxalq təşkilatlara müraciət etmişik”.
Məmməd Qurbanovun digər qızı Aynurə Qurbanova da bildirib ki, sona qədər ataları və kürəkənlərinin azadlığa buraxılması üçün mübarizə aparacaqlar: “Onlar haqsız yerə həbs edilib. Ədalətsizliyə etiraz etdiklərinə, rüşvətə ”yox” dediklərinə görə hədəfə gəliblər. Ona görə də biz inanarıq ki, haqq-ədalət sonda qalib gələcək. Istənilin təzyiqin qarşısında geri çəkilən deyilik. Artıq itirəcəyimiz heç nə yoxdur”.
İş adamının ailəsi Əli Kərimli ilə görüşdü
Məmməd Qurbanovun ailəsi AXCP sədri Əli Kərimli ilə də görüşüb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Qurbanovlar Naxçıvandakı dəhşətləri AXCP sədrinin diqqətinə çatdırıblar. Həmçinin Məmməd Qurbanovla Nadir Məmmədovun həbsinin təfərrüatlarını açıqlayıblar.
Əli Kərimli də öz növbəsində bildirib ki, bu gün Naxçıvanın yerli hakimiyyəti Muxtar Respublikanın qapalı bir zonaya çevirib. Insanların bütün huquqları əlindən alınıb. O, qeyd edib ki, Məmməd Qurbanovla Nadir Məmmədovun başına gələnlər ilk belə hadisə deyil. Əli Kərimli bir müddət əvvəl Turac Zeynalovun Naxçıvan MTN-nində qətlə yetirildiyini və bundan sonra ailəsini susdurmaq üçün iyrənc üsullardan istifadə edildiyini xatırladıb. “Ona görə də Naxçıvanda baş verənlər hər kəsi narahat etməlidir”, – deyən AXCP sədri bildirib ki, bütün bunlara baxmayaraq vətəndaşlar öz hüquqlarını qorumaqdan çəkinməməlidirlər.
Əli Kərimli daha sonra əlavə edib ki, rəhbərlik etdiyi partiya Məmməd Qurbanov və Nadir Məmmədovla bağlı baş verən hadisəni diqqətdə saxlayır və onların azadlığa buraxılması üçün səylərini davam etdirir.
Namiq