İlham Əliyev ləğv edilən hökmləri çıxarmış hakimi yenidən məhkəmə sədri vəzifəsinə təsdiqlədi
“Tərtər işi” üzrə dövlətə xəyanət və başqa ağır maddələrlə 7 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası almış 19 nəfər haqqında bəraət hökmü çıxarıldı. Başqa sözlə, 5 ilə yaxın həbsdə saxlandıqdan sonra onların təqsirsiz məhkum edildiyi ortaya çıxdı və azadlığa buraxıldılar. Bəraət hökmünün çıxarılmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, vaxtilə onların haqqında həmin hökmləri çıxarmış, yaxud yuxarı instansiyalarda qüvvədə saxlamış hakimlərin heç biri buna görə cəzalandırılmayıb. Hətta o hakimlərlə bağlı bu işə görə heç bir araşdırma işi də başlanmayıb.
Əksinə, prezident İlham Əliyev indi bəraət alan Tərtər məhbusları haqqında vaxtilə həmin ağır hökmləri çıxarmış Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevi dekabrın 28-də yenidən bu vəzifəyə təsdiqləyib.
56-yaşlı İlqar Quliyev hakimlikdən öncə Hərbi prokurorun köməkçisi olub. Hakimlik karyerasına isə 2000-2007-ci illərdə Füzuli-Qubadlı Hərbi Məhkəməsindən başlayıb. 2007-ci ildən 10 il Siyəzən rayon Məhkəməsində hakim vəzifəsində çalışıb. “Tərtər hadisələri” yaşanan il – 2017-ci ildə isə Tərtər Hərbi Məhkəməsinə sədr təyin olunub. Bu hadisələrə görə həbs olunanlar haqqında çıxarılan hökmlərdə də onun imzası var.
Həmin ittiham hökmlərini qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin, ardınca da Ali Məhkəmənin hakimləri də vəzifəsindədir.
Bundan başqa, bu işin istintaqına prosessual nəzarəti həyata keçirmiş Hərbi Prokuror Xanlar Vəliyev, ittiham aktını imzalamış Hərbi prokurorun müavini Şəfahət İmranov da vəzifəsini davam etdirir. İstintaqı müstəntiqlər aparıb, prokurorluq rəhbərliyi də bu prosesə nəzarət edib, Şəfahət İmranov sonda ittiham aktına imza atıb. Ardınca bu işlərə Tərtər rayon Məhkəməsində baxılıb və 20 ilə qədər cəza hökmləri çıxarılıb. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi, sonra da Ali Məhkəmə bu hökmləri qüvvədə saxlayıb. Üstündən 5 ildən çox vaxt keçəndən sonra deyilir ki, hökmlər əsaslı deyil, onlarıdan ifadələr qanunsuz yolla – işgəncə altında alınıb, müdafiə hüquqları pozulub və s.
Ali Məhkəmənin Plenumu 30 sentyabrda Tərtər hadisələrində dövlətə xəyanət və başqa ağır maddələrlə məhkum edilən şəxslərdən 19 nəfərin haqqındakı apellyasiya və Ali Məhkəmənin qərarlarını ləğv edlədi. Plenumun həmin qərarında birbaşa olmasa da, dolayısıyla deyilir ki, hakimlər və məhkəmələrdə ittihamı müdafiə etmiş prokurorlar bu iş üzrə çıxarılmış hökm və qərarlara görə məsuliyyət daşımır. İddia olunur ki, işdəki pozuntular həmin vaxt hakimlərə və prokurorlara məlum olmayıb.
“Prosessual statusları müəyyən edilmədən, müdafiəçi ilə təmin olunmadan, azadlıqları faktiki məhdudlaşdırıldığı .əraitdə zor tətbiq etmə və işgəncənin təsirilə etirafedici izahat və ifadə verməyə məcbur edilmələri cinayət işinə məhkəmələrdə baxılarkən onlara, eləcə də ittiham tərəfi kimi, prokurora məlum olmayan hallar kimi xarakterizə edilmişdir”, – Plenumun qərarında yazılıb.
Vəkil: “İllər əvvəl də bu pozuntuları deyirdik, məhkəmə əhəmiyyət vermirdi”
Amma sözügedən şəxslərin hüquqlarını müdafiə etmiş vəkillər pozuntuların əvvəl işə baxan hakimlərə və prokurorlara məlum olmaması fikriylə razılaşmır. Deyirlər ki, hər üç məhkəmə instansiyasında bu işə baxılanda təqsirləndirilənlər işgəncəyə məruz qaldırlarını, onlara həm özlərinin, həm də bir-birinin əleyhinə olan ifadələrə zorla imza atdırıldığını hakimlərin nəzərinə çatdırırdı. Lakin əhəmiyyət verilmirdi.
Vəkil Səadət Seyidli deyir ki, məhkəmələr o zaman işgəncə ilə bağlı deyilənləri “məsuliyyətdən yayınmaq üçün özünümüdafiə cəhdi kimi” qiymətləndirib, Hərbi Prokurorluğun göndərdiyi ittihamı təsdiqləmişdi. Bu üzdən Seyidli 11 nəfərin işinin istintaqa qaytarılması haqda qərar verilən məhkəmədə – Gəncə Hərbi Məhkəməsində çıxışında vəsatət qaldırıb ki, istintaqı aparan müstəntiqlər, ona prosessual rəhbərlik edən prokurorlar, məhkəmədə hökm və qərar vermiş hakimlər haqqında xüsusi qərar çıxarılmalıdır. Lakin məhkəmə bu vəsatəti təmin etməyib.
“İttiham hökmünün ləğv olunub, işin təkrar istintaqa qaytarılması üçün göstərilən göstərilən pozuntular o vaxt da vardı. O pozuntuları məhkəmənin görməməsi mümkün deyildi. Vəkillər olaraq, illər əvvəl də həmin pozuntuları məhkəmənin nəzərinə çatdırırdıq, amma əhəmiyyət verilmirdi”, – vəkil belə deyir.
Seyidli hesab edir ki, bu bəraət hökmlərindən sonra ən çox cəzalandırılmalı olanlar hakimlər idi. Onun sözlərinə görə, hətta istintaqda pozuntuya yol verilmişdisə belə, bunu məhkəmə görməli, aradan qaldırmalıydı:
“Axı hərtərəfli araşdırma aparıb, obyektiv, ədalətli qərar vermək məhkəmənin birbaşa vəzifəsidir…”
Məsələn, Gəncə Apelyasiya məhkəməsində “Tərtər işi” üzrə 19 nəfərin hökmünün ləğvi haqda qərar veriləndə məhkəmədə çıxış edən prokuror pozuntulara nümunə kimi, təqsirləndirilən Turan İbrahimli ilə bağlı baş verənləri göstərib. Cinayət işinin materiallarında bir sənəddə İbrahimlinin ərizə yazdığı görünür. Başqa bir hissədə isə bu adamın ümumiyyətlə, hərf tanımadığı məlum olur:
“Bu faktın özü göstərir ki, “Tərtər işi”ndə pozuntular əvvəldən də vardı və məhkəmələrin onları görmək imkanı olub”.
Cinayət-Prosessual Məcəllənin 307-ci maddəsində yazılıb ki, məhkəmə pozuntulara görə cinayət işinin baxılmasına xitam verib, onun prokurorluğa qaytarılması haqda qərar çıxanda, bununla yanaşı, həm də pozuntuya yol vermiş şəxslər haqqında xüsusi qərar çıxarmalıdır. Orada pozuntu sadalanmalı və kimin buna yol verdiyi göstərilməlidir. Qanunun bu normasında göstərilib ki, “kobud pozuntulara yol vermiş şəxslərin məsuliyyəti məsələsi həll olunmalı, görülmüş tədbirlər barədə məhkəməyə məlumat verilməlidir”.
“Tələsik prosesi yekunlaşdırıblar”
Bakı İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov da o fikirdədir ki, “Tərtər işi” istintaqa qaytarılanda məsuliyyət məsələsi həll edilməli, xüsusi qərar çıxarılmalıydı. Onun sözlərinə görə, bu cür hallarda pozuntuya yol vermiş şəxslərin cəzalandırılmasının yolu xüsusi qərarın qəbulundan keçir: “Amma yenə gec deyil. İstək, siyasi iradə ortaya qoyulsa, eləmək mümkündür. Cəza işdən kənarlaşdırma, hətta cinayət məsuliyyəti də ola bilər”.
Hakimlər məsələsinə gəlincə, Cəfərov hesab edir ki, onlar da məsuliyyət daşıyır. O, özəlliklə birinci instansiya məhkəməsinin (bu işdə Tərtər Hərbi Məhkəməsi) hakimlərinin məsuliyyətini vurğulayıb: “Ən ciddi, hərtərfli araşdırma birinci instansiya məhkəməsində gedir. Ali Məhkəmədə ümumiyyətlə mahiyyəti üzrə işə baxılmır. Apellyasiya məhkəməsində də icraat araşdırma aparıla bilərdi. Amma heç birində normal araşdırma getməyib. Tələsik prosesi yekunlaşdırıblar”.
“Ya siyasi hakimiyyət qurban verməli olacaq, ya da məsuliyyəti bölüşəcək”
5 ildən çoxdur “Tərtər hadisələri”nin araşdırılmasıyla məşğul olan siyasi təhlilçi Ərəstun Oruclu bu cinayət işinin istintaqa qaytarılmasının məhkəmə sisteminin obyektivliyi kimi təqdim olunmasının əleyhinədir. Onun fikrincə, səbəb ictimai müzakirələr, artan etirazlar oldu. Oruclu hesab edir ki, hər kəs baş verənlərdən xəbərdar idi. Yada salır ki, Baş prokuror və Hərbi prokuror bu işlə bağlı şikayətlərə münasibət bildirəndə biri bunu “nağıl”, biri də “absurd” adlandırmışdı.
“Guya bu pozuntulardan hakimlərin, prokurorların xəbərinin olmadığını iddia etmək o cinayətdə əli olanları xilas etmək məqsədi daşıyır. Tərtər Hərbi Məhkəməsində bu şəxslərin haqqında həbs qətimkan tədbiri seçiləndə onlardan bəziləri xərəkdə gətirilib. Hakimlər bunu görmürdü ki, işgəncədən adamlar nə hala düşüb, onlardan ifadə hansı yolla alınıb? Tərtər cinayətlərində ən çox adı hallananlardan biri Ali Məhkəmənin hərbi kollegiyasının sədri Əziz Seyidovun oğlu Cəfər Seyidovdur. Hamısı hər şeyi bilirdi…”, – Oruclu əlavə edib.
O, baş verənlərə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi, İlham Əliyevin də məsuliyyətini xatırladır. Deyir ki, Əliyev ordusunun başına gətirilənlərdən bir kəlmə danışmadı, çünki bu hadisələrdə rolu olan komanda üzvlərinin məsuliyyətdən kənarda qalmasında maraqlıdır.
Oruclu əlavə edib ki, zərərçəkmiş qismində rəsmən tanınanların sayı 400-dən bir qədər artıq olsa da, əslində, bu rəqəm 1500-2000 arasındadır. Onun sözlərinə görə, işgəncələr nəticəsində ölən, sağlamlıqlarını itirən, həbsdə saxlanılanlarla yanaşı, “xidməti uyğunsuzluq” əmriylə xeyli hərbçi uzaqlaşdırılıb:
“Siyasi hakimiyyət ya bu işdə əli olan generalları, prokurorları, hakimləri qurban verməli olacaq, ya da onlarla məsuliyyəti bölüşməli olacaq. Plenumun qərarındakı kimi, hüquqi terminlərlə manipulyasiya edirlər. Prokurorluqdan da, məhkəmədən də heç bir gözləntim yoxdur. Çünki Azərbaycanda bütün hakimiyyət qolları bir nəfərin iradəsinə tabedir”.
Azərbaycanın cinayət qanunvericiliyində şəxsi təqsiri olmadan cinayət məsuliyyətinbə cəlb etməyə, ədalətsiz hökm, qərar çıxarmağa görə də cinayət məsuliyyəti var. Məsələn, Cinayət Məcəlləsinin 290.2 maddəsində yazılıb ki, şəxsin təqsiri olmadığını bilə-bilə onu ağır cinayətdə ittiham etmək 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Yaxud da 295.2 maddəsinə əsasən, bilərəkdən ədalətsiz hökm çıxarıb, şəxsi azadlıqdan məhrum etməyə görə 5 ildən 8 ilə qədər cəza nəzərdə tutulub.
Aytən, Azadliq.info