Qəzet gənc cəbhəçinin şərlənməsindən və hakimiyyətin «qabaqlayıcı» addımlarından bəhs edib
“The Los Angeles Times” Azərbaycanda baş verən son həbslərdən və hakimiyyətin əks-inqilabi “qabaqlayıcı” addımlarından yazıb. Qəzetin Tbilisidəki müxbiri Bakıdakı mənbəyə istinadən Azərbaycanda baş verən son olayları öz məqaləsində təsvir edib.
“Azərbaycanın müxalifət fəalları Misirdə baş verən etirazlardan sonra Bakının mərkəzi meydanlarında mitinq etmək çağırışı etdikləri üçün həbs ediliblər. 20 yaşlı gənc fəal da bu çağırışlardan sonra azadlıqdan məhrum edilib. Azərbaycan rəsmiləri həbsin siyasi motivlərlə bağlı olduğunu rədd etsələr də, son vaxtlar müxalifətlə hökumət arasında gərginliyin artdığı aşkar hiss olunur. Və bu həbs Tunis, Misir olaylarından sonra Azərbaycan hakimiyyətinin qabaqlayıcı addımları kimi qiymətləndirilir”, – deyə məqalədə qeyd olunub.
“EurasiaNet” saytına istinad edən müəllif yazır ki, yanvar ayının sonunda hökumət əhalinin narazılıqlarını önləmək və ictimai etimadın yaradılması üçün korrupsiyaya qarşı addımlar atmaq qərarı verib.
Bundan başqa, bir qrup gəncin Xırdalanda Hüsnü Mübarəkin heykəli qarşısındakı etiraz aksiyası da məqalədə öz əksini tapıb: “Fevralın 7-də gənc fəallardan ibarət kiçik bir qrup Bakının Xırdalan qəsəbəsindəki Misir diktatoru Hüsnü Mübarəkin heykəli qarşısında bu ölkənin etirazçılarına dəstək aksiyası keçiriblər. ”Hüsnü Mübarək, rədd ol!”, “Diktaturaya son!” şüarları ilə keçirilən aksiya bir neçə dəqiqədən sonra polis tərəfindən dağıdılıb”.
Sözügedən məqalədə Cabbar Savalanlının həbsi məsələsinə toxunarkən müəllif xatırladır ki, bu gənc müxalifət təşkilatı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü olmaqla bərabər, həm də sosial şəbəkələrdə daim Azərbaycan hökumətini tənqid edib.
“Cabbar Savalanlı Misirdə, Tunisdə, Yəməndə baş verənlərdən sonra ”Etiraz Günü”nü təyin etməklə bağlı sosial şəbəkələrdə çağırışlar etdiyi üçün həbs edilib. Amma hakimiyyət onun üzərindən narkotik vasitə tapıldığını deyir. Bu hadisəyə qədər iki başqa tanınmış müxalifətçi də əslində, siyasi fəaliyyətlərinə görə, amma narkotik saxlama adı altında həbs olunub.
Qeyd edək ki, Azərbaycanda iki bloqçu da eşşək maskaları ilə tənqidi rolik hazırladıqları üçün 18 ay həbsdə saxlanılmışdılar”, – deyə məqalədə vurğulanır.
Siyasət şöbəsi