Separatçılar Azərbaycanla danışıqlardan sonra nə deyirlər

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Qarabağ separatçılarının “prezidenti” kimi təqdim olunan Araryik Arutyunyan martın 1-də Azərbaycan nümayəndələri ilə görüşdən sonra deyib ki, Azərbaycanla hər hansı şəkildə inteqrasiya məsələsi istisna olunur.

O deyib ki, “biz Qarabağ hərəkatına sadiqik və müstəqillik yolundan bir addım da geri çəkilməyəcəyik”.

Lakin Arayik Arutyunyanın mətbuat xidmətindən verilən bəyanatda deyilir ki, bu heç də Azərbaycan tərəfi ilə infrastruktur və humanitar xarakterli təmaslardan imtina ediləcəyi anlamına gəlmir.

Arutyunyanın bəyanatında deyilir:

“Amma münaqişənin tənzimlənməsinə gəldikdə isə, fevralın 23-də dediyim kimi, bunun üçün müəyyən şərtlər və beynəlxalq format təmin edilməlidir”.

Arayik Arutyunyan deyib ki, onun “hökuməti” “sosial-iqtisadi yükün yüngülləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması” üçün əlindən gələni edəcək.

Azadlıq radiosu