Müəllimlərin Rusiyadan köçü. ‘Getmək istəmirsinizsə…’

Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan az sonra Həştərxanda yaşayan riyaziyyat müəlliməsi Yelena Baybekova işdən qovulub. Səbəb kimi də onun dərsə gəlməməsi göstərilir. Ancaq həmin vaxt məktəb tətildə olduğundan şagirdlər də dərsdə deyildi.

Baybekova hesab edir ki, əsl səbəb onun fevralın 22-də, hücumdan iki gün öncə müharibə əleyhinə aksiyaya qoşulmasıdır. Bir dəfə polis tərəfindən saxlanılan Baybekova üç ay sonra oğlu ilə birlikdə Rusiyanı tərk edərək Almaniyaya köçüb və siyasi sığınacaq istəyib.

“Həyatım boyu Rusiyada uşaqlara dərs demişəm və mənim yerim oradır. Böyük ehtimalla qayıdacağam, ancaq o zaman Rusiyanın necə bir yer olacağını bilmirəm”, – o, Azadlıq Radiosunun “İdel. Realii” xidmətinə telefon müsahibəsində deyib.

Ukraynada müharibə başlanandan sonra Rusiyanı tərk edən müəllimlərin dəqiq sayı bilinmir. Rəsmi rəqəmlər açıqlanmasa da, bu sayın yüzlərlə olduğu güman edilir.

2022-ci il fevralın 24-dən bəri Rusiyanı 500 mindən artıq insanın tərk etdiyi düşünülür. Bəzi hesablamalara görə, bu rəqəm 1 milyon nəfərə yaxındır. Beyin axınının ən çox nəzərə çarpdığı sahələrdən biri IT sahəsidir. Bu sahədə çalışan 300 mindən artıq mütəxəssis Qazaxıstan, Gürcüstan, Ermənistan və digər ölkələrə köçüb.

“Təkcə səfərbərliyə görə yox”

“Anladıq ki, prezidenti qonşu ölkəni məhv etmək qərarına gələn ölkədə qala bilmərik”, – Perm şəhərində universitetin jurnalistika fakültəsinin müəllimi Alyona Podlesnıx deyir. O, sentyabrda Rusiyanı tərk edib.

Əri və iki uşağı ilə Serbiyaya köçən Podlesnıx danışır ki, hücumun başlanmasından az sonra o, ailəsiylə Rusiyanı tərk etmək üçün plan qurmağa başlayıb.

Əvvəlcə oktyabrın axırında getmək istəyiblər. Ancaq sentyabrın sonunda Prezident Vladimir Putinin səfərbərlik elanından sonra ailə ölkədən çıxışı tezləşdirib.

“Anladıq ki, Rusiyada qalmaq təhlükəlidir və təkcə səfərbərliyə görə yox”, – o söyləyir.

Həyat yoldaşı Qazaxıstana gedən Podlesnıx Permdəki evi satmaq, əlindəki rublları xarici valyutaya çevirmək üçün vətəndə qalıb. Bir neçə gündən sonra o da uşaqlarla birlikdə Qazaxıstana, ərinin yanına gəlib.

Azadlıq radiosu