Baş prokurorluğun “qaynar xətləri” şikayətləri qəbul etməkdən imtina edir
Nizami polisinin DİN-in 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə “xidməti” sürür
Nizami polisinin DİN-in 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verib, 9 qabırğasını sındırmasına, faşistcəsinə davranıb tibbi yardıma da qadağa qoymasına, 2 sutka yaralı durumda həbs yerində saxlamasına, qanunda nəzərdə tutulmayan “protokol qaydasında axtarış” adına evində axtarış aparılıb, kompüterin və digər qiymətli əşyaların götürülməsinə 6 aydır hüquq qiyməti verilmir. Bakı polisi “daş atıb, başını tutur” ki, “xüsusatlar təsdiqini tapmayıb”, polisin 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verməsində, evindən kompüteri götürüb qaytarmamasında qanunsuzluq yoxdur. Nizami prokurorluğu hələ də vermədiyi qərarla sözügedən işgəncə, qanunsuz həbs faktında cinayət tərkibinin olmadığını Ombudsman Aparatının araçılığı ilə bildirib.
Nizami prokurorluğunun polisin qanunsuzluğunu ört-basdır basdır etməsi birinci yol baş vermir. 5 il qabaq Qarabağ qazilərinin “əlil köşkü”nü etibardan sui-istifadə edərək ələ keçirib 3 ay şəxsi obyekti kimi icarəyə verməklə əlillərə 3 min manat ziyan vuran Ərəstun adlı şəxsi sahə müvəkkili Elçin İslamov “dostluq haqqı” qarşılığında ölkədən qaçırıb. Hələ də prokurorluq bu fakta hüquq qiyməti vermir. 6 il qabaq 24-cü Polis Şöbəsinin 3 maşın polisinin 1-ci dərəcəli Qarabağ qazisini evindən aparıb kor gözlüyünü “itirmələri”nə də hüquq qiyməti verilməsi bir yana, heç “tapılandan” sonra qaytarılması da təmin edilmir. 12 il qabaq 39 dərəcə qızdırma içində evindən alt paltarında Səbail polisinin kamerasında 2 sutka “müalicə” olunmasına isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquq qiyməti verib, hökuməti cərimələyib. Beynəlxalq qərarların üstün qüvvəsinə baxmayaraq eyni əməllərin 2017-ci və 2022-ci illərdə eyni dəst-xətlə təkrar olunması təkcə sahə müvəkkili Elçin İslamovun xidməti yox, prokurorluğun bu xidmətə haqq qazandırmasından qaynaqlanır.
Uzağa niyə gedək, elə iki gün qabaq – 25.02.2022-ci ildə naməlum şəraitdə itən bank kartımdan saat yarım müddətində 100.53 manat xərclənib. 102-yə şikayətə 24-cü Polis Şöbəsinin əməkdaşları gəlməkdən imtina edib. Halbuki polis operativlik göstərsə idi, bank kartı ilə oğurluğun qarşısını alardı və oğrunu da müəyyən edərdi. Təsəvvür edin, 3 gündür polis oğurluq yerinə gəlməkdən imtina edir. Vətəndaş nə etməlidir? Təbii ki, nəzarətedici qurumun – baş prokurorluğun 4925540 və 4920138 qaynar xətt nömrələrinə zəng etmək məsləhəti elə baş prokurorluğun saytında əks olunub. Di gəl, 27.02.2023-cü ildə saat 10.30 radələrində 4920138 nömrəsindən özünü təqdim etməyən növbətçi prokuror telefonların şikayətlər üçün nəzərdə tutulmadığını bildirib, 961-ə zəng etmək məsləhəti ilə dəstəyi asdı. Maraqlıdır, qaynar xətt nömrələri bəs nədən yanadır, niyə baş prokurorluğun saytında yerləşdirilib? Niyə növbətçi prokurorlar şikayətləri qəbul etməkdən imtina edirlər ki, bu telefonlar şikayət üçün deyil? Belə çıxır, baş prokurorluğun qaynar xətt nömrələri “operativ laqqırtı vurmaqdan”, Mirzə Cəlilin Novruzəlisi kimi telefonun yanında növbə ilə keşik çəkməkdən, gecələr layla çalmaqdan ötrüdür?
Görəsən, baş prokurorluğun bugünkü Novruzəlisi kim idi?
Məğrur Bədəlsoy