Xomeyni fondu Salman Rüşdiyə hücum edənə torpaq bağışlayır

İran fondlarından biri ötən il yazıçı Salman Rüşdiyə hücum edərək ona ağır xəsarət yetirən şəxsə təşəkkür olaraq 1 hektar əkinə yararlı torpaq sahəsi vəd edib.

Bu barədə məlumat İran dövlət televiziyasının teleqram kanalında yayılıb.

75 yaşlı yazıçı bu hücum nəticəsində bir gözünü və bir əlinin hərəkət qabiliyyətini itirib.

Hücum ötən ilin avqustunda Nyu Yorkun qərbində yerləşən Eri gölü yaxınlığında keçirilən ədəbiyyat tədbirində baş verib.

Nyu Cersi ştatından olan şiə müsəlman Hadi Matar qətlə qəsd və hücumda ittiham olunsa da, təqsirini etiraf etməyib.

İranın Xomeyni Fətvalarının İcrası Fondunun katibi İsmayıl Zareyi bu barədə deyib:

“Biz Rüşdinin bir gözünü kor və əllərindən birini şikəst etmiş gənc amerikalıya mərd hərəkətinə görə səmimi təşəkkürümüzü bildiririk. Rüşdi indi yaşayan ölüdən başqa bir şey deyil və biz sözü gedən igidliyi göstərmiş şəxsə və ya onun hər hansı təmsilçisinə 1 hektarlıq əkinə yararlı torpaq hədiyyə edirik”.

Azadlıq radiosu