Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyətinin kritik olduğu deyilir. Bu barədə AzadlıqRadiosuna fevralın 21-də onunla görüşən vəkil Rövşanə Rəhimli danışıb. Onun sözlərinə görə, fəal artıq komaya düşə bilər: “Müəssisənin həkimi bildirib ki, Bəxtiyar koma həddinə yaxınlaşır və yaxın 24 saat ərzində komaya düşə bilər. Ona görə də məcbur olub müdaxilə etməli olacaqlar”.
Vəkil qeyd edib ki, çoxsaylı xahişləri nəzərə alaraq Hacıyev bu gün, fevralın 21-də quru aclıq aksiyasını qismən dayandırıb: “Anasının və yaxınlarının xahişlərindən sonra yanımızda stəkanın dörddə bir hissəsinə qədər su içdi. Amma ümumən aclığı dayandırmaqdan imtina etdi”.
Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Rəhimli bildirib ki, fəalın çəkisi artıq 64.7 kiloqrama düşüb. Müdafiə tərəfi ictimai fəalın təcridxanaya gətirilən zaman çəkisinin 84.5 kiloqram olduğunu açıqlamışdı.
Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmadı
Bu gün, fevralın 20-də ictimai fəal Bəxtiyar Hacıyevin həbsinin ev dustaqlığı ilə əvəz olunması istəyi ilə bağlı verilən apellyasiya şikayəti təmin edilməyib.
Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə Hacıyev də gətirilib.
Müdafiə tərəfinin Azadlıq Radiosuna bildirməsinə görə, Hacıyev məhkəməyə məcburi şəkildə gətirilib: “Bəxtiyar səhhəti pis olduğuna görə məhkəmədə iştirak etməməsi üçün ərizə ilə müraciət edib. Amma onu məcburi gətiriblər. Yolda, bildirməsinə görə, öd qusub”.
Hələlik, müdafiə tərəfinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Partiya sədri də saxlanıb
Qarabağ müharibəsi veteranı, ALOV Partiyasının sədri Rza Səfərsoyun da fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin prosesindən sonra saxlanıldığı deyilir.
Səfərsoyun yaxınları AzadlıqRadiosuna bildirib ki, o, dünən, fevralın 20-də məhkəmə prosesindən sonra metroya tərəf gedərkən yolda saxlanılıb: “Bir maşın onun yanında saxlayıb. Maşından çıxan mülki geyimli şəxslər onu sürüyə-sürüyə aparıb və zorla maşına mindiriblər. Bundan sonra ondan xəbər yoxdur”.
Bu deyilənlər ilə bağlı Daxili İşlər Nazirliyindən də “Turan”a bildirilib ki, Səfərsoy saxlanılıb, araşdırma aparılır.
Saxlanan gənclərdən ikisi həbs edilib
Fevralın 21-də bir gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin önündə ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə görə etiraz aksiyası keçirərkən saxlanan D18 Hərəkatının üzvləri –Afiyəddin Məmmədov və Samir Sultanov 30 sutka müddətinə həbs ediliblər.
Vəkil Zibeydə Sadıqovanın verdiyi məlumata görə, hər iki fəal İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib. Onun sözlərinə görə, gənclər ittihamı qəbul etmirlər: “Bildirdilər ki, nə ictimai asayişi pozublar, nə xuliqanlıq ediblər. Dedilər ki, şüar səsləndirdiklərinə görə həbs olunublar”.
Bu deyilənlər ilə bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Aksiyada digər saxlananların isə sərbəst buraxildığı deyilir.
Azadlıq radiosu