Bayden Kiyevə gedib

Sosial mediada Baydenin ukraynalı həmkarıyla görüşündən fotolar yayılıb.

Zelenski deyib ki, bu səfər “bütün ukraynalılara dəstəyin həddən artıq mühüm əlamətidir”.

“Dünya Rusiyanın Ukraynaya qarşı qəddar işğalının birinci ildönümünə hazırlaşdığı bir vaxtda mən bu gün Kiyevə Prezident Zelenski ilə görüşməyə, Ukrayna demokratiyası, suverenliyi və ərazi bütövlüyünə qətiyyətli sədaqətimizi təsdiqləməyə gəldim”, – Baydenin bəyanatında deyilir.

“Putin bir il öncə işğala başlayanda düşünürdü ki, Ukrayna zəifdir, Qərb parçalanıb. O, bizi məğlub edəcəyini düşünürdü, ancaq yanılırdı”, – Bayden bildirib.

Bayden Ukraynaya “kritik avadanlığın” daha bir partiyasını elan edəcəyini, həftəsonuna Vaşinqtonun elitalar və şirkətlərə qarşı əlavə sanksiyaları açıqlayacağını vurğulayıb.

Azadlıq radiosu