Mənəviyyatsız, miskin və cılız təqdimat
Milli Məclisin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov növbəti dəfə ölkə telekanallarını “topa tutub. Deputat bildirib ki, rəhbəri olduğu qəzetin bu istiqamətdəki yazıları obyektivdir. Onun sözlərinə görə, özəl televiziya kanalları əcnəbi ölkələrdə ömrünü başa vurmuş nimdaş layihələr və mövzularla doludur(”Bizim Yol”): “Ancaq uzaqgörən siyasi məqsədlər güdən, milli mentalitetimizə yad olan belə layihələrə güclü qrant verilir. Artıq özəl telekanallarda yaradıcı kadrlar və yaradıcılıq mühiti sıradan çıxıb. Şəxsi maraqlara əsaslanan ucuz şou və qalmaqallı proqramlara üstünlük verilir.
Tamaşaçını cəlb etmək məqsədilə ”yalançı göz yaşları”, “doğmaların və ailə üzvlərinin bir-birlərinin təhqirinə və ittihamlarına”, “qan tökülməsi və qətllə” bağlı verilişlərə daha çox yer ayrılır. Əksəriyyəti yüngül və primitiv alınan yeni çəkilən teleserialları da bu cərgəyə aid etsək, proqram siyasətinin biabırçı vəziyyətə düşmə səbəbini asanlıqla taparıq”.
B.Sadıqovun sözlərinə görə, bu barədə dəfələrlə deyilsə və yazılsa da, faydası olmayıb. Onun fikrincə, dövlətin və milli maraqların “cib maraqlarına” qurban verilməsi adi normaya çevrilib: “Lakin məsələyə qloballaşan və ikili standartların mövcud olduğu dünyadakı proseslər baxımından yanaşıldıqda fərdi maraq naminə güzəştə yer qalmadığı da aydın görünür. Hər gün ”praym-taym” vaxtında “mənəviyyatsız xalq” ideyasının təkidlə yeridildiyi verilişləri ölkə tamaşaçılarına sırıyanlara bir neçə sual ünvanlamaqdan vaz keçə bilmirsən: Siz hansı cəbhədənsiniz, cənablar və su tökdüyünüz dəyirmanın kimə məxsus olduğunun fərqindəsinizmi? Millətimizi bu qədər mənəviyyatsız, miskin və cılız təqdim etməkdə məqsədiniz nədir? Niyə “yaxşılarla” “pislərin” “tərənnümündə” real həyatdakı mövcud nisbəti qoruyub saxlamırsınız? Bir sponsor və kompüterdə “əl gəzdirilmiş” mahnılarla 6 ay ərzində maşın, geyim-kecim, mənzil və “teleməşhurluğa” nail olan “müğənnicikləri” gəncliyə nümunə göstərməklə onları hara səmtləndirmək istəyirsiniz? Anlayırsınızmı ki, artıq Azərbaycan teleməkanı Azərbaycanın mənəvi mühiti üçün ciddi təhlükəyə çevrilir? Olmaya ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin və mentalitetimizin qorunması ilə bağlı 2001-ci ilin avqustunda verdiyi məşhur bəyanatı artıq unutmusunuz? Hələ də özəl telekanalların hədəfində Azərbaycan ailəsinin süqutu və onun “yararsızlığının” sübutu dayanır”.
Məsələ ilə bağlı iki özəl telekanalın rəhbərliyinə müraciət etsək də, deputatın ittihamlarına münasibət öyrənmək cəhdimiz baş tutmadı.