“Biz onunla fəxr edirik, siz də fəxr edin!”

Azərbaycan ictimaiyyəti Cabbar Savalanlının müdafiəsi üçün bir araya gəldi

«Cabbarın həbsində məqsəd də fərqli düşüncə sahiblərinin gözünü qorxutmaq, ölkədə kölə susqunluğu yaratmaqdır»

Fevralın 5-də narkotiklə şərlənərək həbs olunan AXCP-nin Gənclər Komitəsinin üzvü, Sumqayıt Dövlət Universitetinin tələbəsi Cabbar Savalanlının Hüquqlarının Müdafiə Komitəsi dünən ikinci toplantısını keçirib. Azərbaycan Insan Haqları Evində baş tutan tədbir kifayət qədər izdihamlı idi. Tədbirə  siyasi partiyaların funksionerlərindən tutmuş, hüquq müdafiəçiləri, gənclər təşkilatlarının üzvləri, ziyalılar, Cabbarın yaxınlarına qədər xeyli adam qatılmışdı.
Cabbar Savalanlının Hüquqlarını Müdafiə Komitəsinin sədri Əbülfəz Qurbanlı əvvəlcə iştirakçılara gənc fəalın müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verdi. Həmçinin bundan sonra atılması nəzərdə tutulan addımlar barədə danışdı.

Gənclərin fəallaşması hakimiyyəti qorxuya salıb

Müdafiə Komitəsinin üzvü, tanınmış jurnalist Şahvələd Çobanoğlu çıxışında əvvəlcə son vaxtlar müxalif düşərgəyə qarşı artan təzyiqlərə toxundu, Cabbarın həbsindən sonra Sabirabadda saxlanılan cəbhəçilərlə bağlı məsələyə diqqəti çəkdi: “Ümumiyyətlə, istər siyasi, istərsə də ictimai baxımdan fəal olan insanlara qarşı basqılar artıb. Cəbhəçi Elçin Həsənov da polis bölməsinə çağırılıb. Ona xəbərdarlıq edilib ki, sosial şəbəkələrdə mitinq çağırışları etməsin. Bütün bunlar əslində, Cabbarın həbsinin motivini ortaya qoyur. Gənclərin fəallaşması, mübarizə ruhunun artması hakimiyyəti qorxuya salıb”.
Cabbarın vəkili Əsabəli Mustafayev gənc cəbhəçinin həbsindən sonra ona münasibətdə yol verilən hüquq pozuntularından danışıb. Həmçinin Cabbarın baş verənlərdən sonra sınmadığını, əzmlə mübarizəni davam etdirdiyini bildirib: “Həbs-qətimkan tədbirinin seçilməsilə bağlı məhkəmə zamanı Cabbar vüqarla dayanmışdı. Çox yaxşı çıxış etdi və həbsinin siyasi baxışlarıyla bağlı olduğunu açıq şəkildə hakimin nəzərinə çatdırdı”.
Vəkil onu da qeyd etdi ki, Cabbar saxlanılan günün ertəsi onunla görüşə icazə verilmədiyinə görə Sumqayıt Şəhər Polis Idarəsinin rəis müavini Azər Cahangirovun barəsində məhkəmədə iddia qaldırıblar.
Cabbarın anası Təravət xanım oğlu həbs olunan gün yaşananlar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Oğlunun günahsızlığına əmin olduğunu deyən Təravət xanımın sözlərinə görə, o, dəfələrlə Cabbarı siyasi fəaliyyətlə məşğul olmamağa çağırıb. Amma onun qarşısını ala bilməyib: “Ona dəfələrlə demişdim ki, partiyaya getməsin, siyasi fəaliyyətlə məşğul olmasın. Amma Cabbar hər dəfə deyirdi ki, siyasi fəaliyyətim özümə görə deyil, burada ölkənin, millətin taleyindən söhbət gedir”.
Cabbarın həbsindən sarsıntı keçirdiyini deyən ana tədbirdəki izdihamı görəndən sonra təsəlli tapdığını, oğlunun arxasında bu qədər insanın durduğunu görüb ürəkləndiyini bildirib.

 

Siz oğlunuzla fəxr edin!

AXCP sədri Əli Kərimli ilk növbədə Azərbaycan üçün Cabbar kimi oğul böyütdüyünə görə Təravət xanıma minnətdarlığını bildirib. Cabbarı bir neçə aydır tanıdığını deyən AXCP sədrinin sözlərinə görə, onsuz da heç kim bu gəncin narkotik istifadəçisi olduğunu düşünmür. Əksinə, yüzlərlə, minlərlə gənc Cabbarın cəsarətini özünə nümunə kimi seçir: “Cabbarın Azərbaycana, onun tarixinə, dəyərlərinə, bayrağına təmənnasız sevgisi gəncləri mütəəssir edir”.
Ə.Kərimli üzünü Təravət xanıma tutaraq deyib ki, bu gün Azərbaycanın ən ləyaqətli insanları Cabbarın və ailəsinin müdafiəsinə qalxıb: “Siz oğlunuzla fəxr edin! Biz də onunla fəxr edirik!”
AXCP sədrinin sözlərinə görə, bu həbsin siyasi motivli olması kimsədə şübhə doğurmur: “Indi çox adamda belə bir sual yaranıb ki, ortalıqda bu qədər gənc ola-ola niyə məhz Cabbarı seçdilər? Onun da sirrini sizə demək istəyirəm. Məsələ burasındadır ki, Azərbaycan hökuməti Yaxın Şərqdəki hadisələrdən sonra qorxuya düşüb. Özlərini o səhnədə görüblər. Indi hər şeydən qorxurlar. Bizim gənclər də internet yazışmalarında ”mitinqlərə çıxaq”, “bəlkə bu millət də mübarizəyə başlasın” kimi qeydlər yazıblar. Eyni zamanda, Sabirabadda mitinqlə bağlı xırda bir qeyd olub internetdə. Buna görə Sabirabadda 7 cəbhəçini saxlayıb sorğu-sual ediblər. Bir kəlmə sözə görə… Bizim cəbhəçi dostumuz Elçin bəyi polisə dəvət ediblər. Cabbar narkomandırsa, bunun Elçin bəyə nə dəxli var?

Görün, kim kimi narkomanlıqda ittiham edir?!

Bu gün Azərbaycan hökuməti bizim gözümüzün qarşısında dövlət orqanlarını cinayətə məcbur edir. Baxın görək ki, kim kimi narkomanlıqda ittiham edir?! Bu yaxınlarda məlum olub ki, gömrükdəki narkotik maddələri aşkar etmək üçün alınmış avadanlıqlardan istifadə edilmir. Amerika diplomatlarının dediklərinə görə, Azərbaycanda narkotikin 95 faizinin tranziti üçün şərait yaradılıb. Azərbaycanda dövlət səviyyəsində narkomaniya himayə olunur. Bizim görməli olduğumuz bir nömrəli iş bundan ibarətdir ki, Azərbaycan cəmiyyətinə və hakimiyyətinə bu mesajı verək: “Biz bu repressiyalardan qorxmuruq!”
 

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu şərin dində çox böyük günah olduğunu və bunun cəzasının da ağır olacağını vurğulayıb.
AXCP-nin Gənclər Komitəsinin üzvü Elçin Həsənov çıxışında Cabbarın həbsindən sonra özünün də Sumqayıt Şəhər Polis Idarəsində saxlanılması barədə məlumat verib: “Mənə açıq-aydın dedilər ki, Cabbarın ailəsinin yanına getmə, onlara dəstək vermə. Əks halda, mənim üçün pis olacağı, ailə üzvlərimin işdən çıxarılacağıyla hədələdilər”.

Azərbaycan – açıq tipli həbsxana!


Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli Azərbaycanı “açıq tipli həbsxana” adlandırıb: “Biz indi açıq həbsxanadayıq. Dostlarımızın bəziləri isə qapalı tipli həbsxanalardadır. Azərbaycan polisi insanın cibindən qumbara çıxara biləcək xislətin sahibidir… Azərbaycanın ən işıqlı insanları bir yerə yığışmalı, bu rejimi qaranlıqdan doğan xislətinə gömməliyik”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı  bu rejim tərəfindən 23 yaşında həbs olunarkən ailəsinə yazdığı məktubu yada salıb: “Yazmışdım ki, bu hakimiyyətin qarşısında sınsanız, sizdən imtina edəcəyəm. Indi Təravət xanım da ağlamamalıdır. Siz fəxr edin ki, başqalarının uşaqları narkomaniya ilə məşğul olanda sizin övladınız bu xalq, vətən üçün çalışırdı. Biz bu məqsəd uğrunda mübarizə aparırıqsa, hər birimiz qurbana çevrilə bilərik”.

“Bu ölkədə ehtiyatlı davranmaq da mənasını itirib”


Hüquqşünas Erkin Qədirli isə indiyə qədər Cabbarı tanımadığına görə peşmançılıq hissi keçirdiyini bildirib. Onun fikrincə, bu hadisə eyni zamanda Azərbaycanda bu cür şərləmələrdən kimsənin sığortalanmadığını göstərdi.
Erkin Qədirli deyir ki, bu ölkədə ehtiyatlı davranmaq da artıq öz mənasını itirib. Hüquqşünas təklif edib ki, Müdafiə Komitəsi bir yaddaş kitabçası hazırlayaraq, insanlar arasında yaysın: “Insanlara öyrətməliyik ki, həbs olunan zaman necə davranmaq lazımdır. Onların ittihamları ilə zarafatlaşmaq lazımdır. Məsələn, demək lazımdır ki, Kennedini də biz öldürmüşük. Hökumətin elə bir mənəvi bütövlüyü yoxdur ki, biz ona qarşı özümüzü ciddi şəkildə nümayiş etdirək. Çalışmalıyıq ki, həbsdə olanlar sağ və salamat qalsınlar. Çünki bu çox vacibdir”.
Cabbar Savalanlının hüquqi müdafiəsini öz üzərinə götürmüş Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti Intiqam Əliyev də onu cəsur bir gənc kimi xarakterizə edib. O, bütün Azərbaycan gənclərinin Cabbar kimi mərd olmasını arzulayıb.

Dünənki tədbirdə Cabbar Savalanlının dayısı da çıxış edib: “Bizim nəslimizdən indiyə qədər narkoman, cinayətkar çıxmayıb. Bizdən daim ziyalı insanlar çıxıb. Görünür, bizə bu ləkəni yaxmaq istəyənlər düşünürlər ki, ”biz narkomanıqsa, qoy hamı narkoman olsun”. Özləri lap yaxşı bilirlər ki, narkoman, qumarbaz kimlərdir, kimlərin övladlarıdır. Bu gün Sumqayıtda yüzlərlə vətəndaş, sahibkar göstərə bilərəm ki, bu şəhərin polislərinin narkotiklə şərləmə əməliyyatlarının qurbanı olub. Sanki iş-gücləri elə budur.
Cabbarın evdə bayrağımızı asması, Elçibəyin, Rəsulzadənin şəklini vurması cinayətdir? Əsl cinayəti yuxarıda oturanlar edirlər. Əgər indiyə kimi bizim nəslimizdə təkcə Cabbar müxalifətçi idisə, indi 200 nəfər bu düşərgədədir”.

Tədbirin sonunda Müdafiə Komitəsinin bəyanatı səsləndirilib. Bəyənatda qeyd olunub ki, həbs zamanı baş verən hüquq pozuntuları, Cabbarın vəkillə görüşünə imkan verilməməsi, ona qarşı fiziki və mənəvi təzyiqlər ittihamın qondarma olduğunu göstərir.

“Bizlər Cabbara qarşı yönələn ittihamları tamamilə qondarma hesab edərək bildiririk ki, bu, avtoritar Əliyevçi hakimiyyətin vətənpərvər, etirazçı gəncliyə qarşı qanunsuz hərəkətindən başqa bir şey deyil. Bu həbs siyasi motivlərə görə baş verib. Məqsəd də fərqli düşüncə sahiblərinin gözünü qorxutmaq, ölkədə kölə susqunluğu yaratmaqdır”, – deyə bəyanatda vurğulanır.
Müdafiə Komitəsi və vətəndaş cəmiyyəti fəalları hakimiyyəti siyasi motivli təqib və təzyiqləri dayandırmağa, qondarma ittihamla məhbəsdə saxlanılan Cabbar Savalanlını, Ruslan Bəşirlini, Eynulla Fətullayevi dərhal azad etməyə, insanların fərqli fikrinə dözümlə yanaşmağa çağırıb.
Yeri gəlmişkən, Müdafiə Komitəsinə daha 60 nəfər üzv yazılıb.

Elmin