Yeni “zəhərləmə” şousu və biz

Uzun-uzadı girişə ehtiyac yoxdur. Birbaşa mətləbə keçəcəm.
Biriləri 12 yanvardakı xalq təpkisindən narahatdırlar. Bir ucdan, türklər demiş, “komplo teoriləri” istehsal edirlər.
O aksiyanı ləkələməyə…
O aksiya üçün çəkilən zəhməti, ortaya qoyulan cəsarəti xor görməyə çalışırlar.
O aksiyanı aparıb MTN-in quyruğuna bağlamağa…
O aksiyanın uğurunu iqtidariçi çəkişmələrin ayağına yazmağa çalışırlar.
Mən buna utanmazlıq deyirəm, vicdansızlıq deyirəm, başqa heç nə demirəm.
***
Belə “komplo teoriləri”ndən birinin müəllifi keçmiş siyasi məhbusdur. O həbs ediləndə deyirdilər ki, hakimiyyət içindəki hansısa qrupla sövdələşmədə olub, sonra onlara “atıb”, ona görə də cəzalandırılır.
Biz hər şeyə rəğmən onu müdafiə etdik, belə dedi-qodulara uymadıq, söz azadlığını qoruduq, qanunsuz bir həbsə qarşı necə münasiət sərgilənməli idi isə, onu sərgilədik. “Siz bilmirsiniz, o nə yuvanın quşudur?” tipli qərəzli-qərəzsiz suallara, qınaqlara əhəmiyyət vermədən həm də! Həm də sonunadək!
Amma indi belə bir adamın özü də dedi-qodu ilə məşğuldur. 12 yanvar aksiyasını şərləyir. Ləkələməyə, gözdən salmağa çalışır.
O aksiyada “MTN barmağı”-zad axtarır.
Insan özünü nə hallara sala bilərmiş! Hardan hara gələrmiş!
Yalnız 12 yanvar aksiyası ilə bağlı da deyil. Son vaxtlar bu bir vərdişə çevrilib: Isa Qəmbərə hücum olur – deyirlər, onu “şişirtmək”, ön plana çıxarmaq, rejimə əsas rəqib göstərmək üçündür.
Əli Kərimli siyasi, mənəvi terrorun bir nömrəli hədəfinə çevrilib, deyirlər ki, keçmişdə baş verənlərə görə cəzalandırılır.
Bir yaptokrat deputat çıxır, “zoopark” söhbətinə görə Ilqar Məmmədovu məhkəməyə vermək fikrindən daşındıqlarını açıqlayır, o saat “gördünüz, biz deyirdik, REAL sədri öz adamlarıdır” janrında söhbətlər ortaya atılır.
Hər kəs üzərində, hər ad, hər hadisə üzərində bir şübhə, bir kirləndirmə kampaniyası gedir.
Və təəssüf ki, özünü bu çirkli və məqsədli kampaniyalara qapdıranlar öz sıralarımızda da var.
Əli Kərimliyə qarşı olunca Müsavat sıralarından…
Isa Qəmbərə qarşı olunca Cəbhə cərgələrindən…
REAL-dan birinə qarşı olunca hər ikisindən tələyə düşənlər, deyilənlərə uyanlar tapılır.
Bu çətin, ağır bir mübarizədir. Yanlışlıqlardan xalidirmi? Deyil!
Yanlışlıqların üstü örtülməlidirmi? Əsla!
Ümumi işə zərərli saydığımız addımlar, açıqlamalar ələttə, təpki görəcəkdir. Indiyədək müxalifətin doğru hesab etmədiyim, ziyanlı saydığım davranışları haqqında ən sərt yazılar yazanlardan biriyəm.
Amma bunu hər zaman ümumi işə kölgə salmadan, mübarizəmizi töhmət altında qoymadan etməyə çalışmışam. Yanlışlar yazılacaq, amma həqiqəti də gözardı etmədən, silib-süpürüb atmadan yazılacaq!
Mübarizəmiz ətrafında şübhələr yaradılmayacaq. Şühələr yaratmağa çalışanların çörəyinə yağ sürülməyəcək. Rejim muzdlularının hansısa uğurumuzu kirli ünvanlara bağlamaq üçün sosial şəbbəkələrdən, qəzet səhifələrindən, xəbər portallarından ortaya atdığı “komplo teoriləri”nə “ikinci nəfəs” verilməyəcək.
Irticanın gizli-aşkar diversantları, rejimin süfrəsinin qırıntıları ilə qarnını doyurmağa çalışan yaptokratiya agentləri artıq bizi öz əlimizlə vurmağa çalışırlar. Bu, çox açıqdır. “Hamısı bizə işləyirlər, hamısı öz adamlarımızdır, hər şey bizlikdir, lazım gəlsə müxalifətin, ictimai fəalların əli ilə mitinq də keçirə bilərik” kimi bir hava yaradır, bir düşüncə formalaşdırmaq istəyirlər. Mübarizəni mənasızlaşdırmaq, adamları ondan iyrəndirməkdir məqsəd.
Buna imkan verməyək. Sıralarımıza səpilməyə çalışan şər, şübhə toxumlarını öz əlimizlə suvarıb böyütməyək.
***
Vəziyyət ciddidir. Rejim heç vaxt olmadığı qədər ağır, dumanlı günlərini yaşayır. Hər gün bir az da sarsılır, hər gün bir az da qan itirir.
Belə vaxtlarda bizə düşən onun qurduğu oyunlara gəlməməkdir.
Kim bu prosesdə xoşniyyətli deyilsə, kim bu prosesdə üzərinə ziyanverici missiya götürüsə və ya götürəcəksə, zatən əvvəl-axır proses onları ifşa edəcək. Heç kimin artıq “saman altından su yeritmək” kimi bir lüksü yoxdur. Ilk belə cəhddəcə proses onun maskasını üzündən düşürəcəkdir.
Hələliksə prosesə inanmaq lazımdır. Onu zədələmək, zəhərləmək təşəbbüsləri, əlbəttə, olacaqdır, amma unutmayaq: biz istəyərək və istəməyərək həmin təşəbbüslərə qoşulmadıqca bunların bir faydası da olmayacaqdır.