«Ölkədən kənarda yaşayan azərbaycanlılar hazırkı rejimin Azərbaycanın dünyadakı imicinə vurduğu zərbəni daha yaxından hiss edir və utanc hissi keçirirlər».
Avropalı Azərbaycanlılar Demokratiya Uğrunda Təşkilatının (EUROAD) AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanın həbsi ilə bağlı yaydığı bəyanatda belə deyilir.
Bəyanatda bildirilir ki, «qloballaşan dünyada demokratik cərəyanlar sürətlə yayıldığı vaxtda bu cərəyanların önünə sədd quran, öz xalqına düşüncə həbsi yaşadan rejimlərin olması olduqca təəssüfləndirici bir haldır».
Gənc fəal Cabbar Savalanın bütün əxlaq normalarından uzaq bir şəkildə, saxta ittihamla həbs olunmasını qəbuledilməz sayan təşkilat onun dərhal azadlığa buraxılmasını tələb edir (“Azadlıq” radiosu).
*
Obudsmanın nümayəndələri Cabbarla görüşüblər
Ombudsman Aparatının əməkdaşları fevralın 9-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı ilə görüşüblər.
Aparatın mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, görüş gənc fəalın anası Təravət Əliyevanın ombudsman Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciəti əsasında baş tutub.
Aparatın əməkdaşları təcridxanada Cabbarla təkbətək söhbət aparıblar. Cabbar Savalanlı tutularkən və saxlandığı müddət ərzində zorakılığa, kobud rəftara məruz qalmadığını deyib. Ancaq o, Sumqayıt Şəhər Polis İdarəsində ilkin izahatların alınması zamanı törətmədiyi cinayət əməlini etiraf etməsi üçün psixoloji təzyiqlərə məruz qaldığını vurğulayıb.
Ombudsman Aparatının məlumatında deyilir ki, aparatın əməkdaşları Cabbarın bədəni üzərinə baxış keçiriblər və hər hansı xəsarət izi aşkar etməyiblər.
Ombudsman Elmira Süleymanova baş prokuror Zakir Qaralova müraciət edərək Cabbarın özünün və anasının şikayətində əks etdirilmiş halların yoxlanılaraq tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.